Nazir: “Azərbaycanda 65 yaşdan yuxarı olanlar 67,3 faiz artıb”

img

29-03-2017 [12:26]


Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans öz işinə başlayıb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.


Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, 1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb:

"Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir. 2016-cı ilin məlumatına əsasən əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil etmişdir. Lakin hesablamalar göstərir ki, 1990-2016-cı illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir. 1990-ci ildən ümumi demoqrafik yük əmsalı 1,7 dəfə azalaraq 2016-cı ilin əvvəlinə 15-64 yaşda hər 100 nəfərə düşən himayədə (0-14 və 65+ yaş qruplarında) olanların sayı 40 nəfərə çatmışdır”.

Nazir diqqətə çatdırıb ki, proqnozlara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir:


"Bununla yanaşı, əhalinin ümumi sayında 0-14 yaş qrupunda olanların payının 9,6 faiz azalması, 15-64 yaş qrupunda 5 faiz, 65 və yuxarı yaşlarda əhalinin sayının isə 3,5 dəfəyədək artması proqnozlaşdırılır. Beləliklə, ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını sərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcəkdir. Azərbaycan hökuməti pensiya qanunvericiliyində edilən dəyişiklərlə artıq bu prosesə start verib”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR