“6 ildir işsizəm, necə dolandığımı soruşan yoxdur” - Tatlısəs

27-03-2017 [23:20]

Türkiyəli müğənni İbrahim Tatlısəs onu FETÖ ilə əlaqədə təqsirləndirənlərə İnstaqram hesabında sərt şəkildə münasibət bildirib.

"Qafqazinfo”nun məlumatına görə, sənətçi illərdir işsiz olduğundan, bu müddətdə onu axtarmayanlardan şikayət edib.

"Məni vuracaqları zamandan belə xəbərləri var idi. Baxıram, o zamanların polis rəhbərləri, XİN rəhbəri, prokurorları, hakimləri indi axtarışdadır. Kimi məhkəmədə mühakimə olunur, kimisi həbsxanada, kimisi də axtarışdadır. Bəs mənim günahım nə idi? Həm vuruldum, həm təyyarəmi itirdim, həm də evlərimə məhkəmə həbsi qoyuldu. 6 ildir işləmirəm, necə dolandığımı soruşan yoxdur. Mallarımın geri verilməyini istəyirəm”, - deyə müğənni üsyan edib.

Xatırladaq ki, İ. Tatlısəs 2010-cu ildə iş adamı Əhməd Özbəydən 6 milyon dəyərində təyyarə aldıqdan sonra onun çürük olduğunu görüb və geri qaytarmaq istəyib. Lakin təhvil vermə prosesi baş tutmadığından və sənətçi təyyarənin pulunu ödəmədiyindən onun villasına məhkəmə həbsi qoyularaq satılıb. Tatlısəs məhkəməyə müraciət edib satışın ləğvini istəsə də, tələbi rədd olunub.





SON XƏBƏRLƏR