"Hakimiyyət adekvat reaksiya verməlidir" - ADP-də toplantı

img

27-03-2017 [15:49]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə edilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə Rusiyada korrupsiya və rüşvətxorluğa qarşı keçirilən etiraz aksiyalarına münasibət bildirib. 

Partiya yetkililəri geniş miqyas alan və polis zorakılığı ilə qarşısı alınmağa cəhd edilən etiraz aksiyalarının arxasında adı çəkiln ölkədə avtoritarizmin, antidemokratik mühitin durduğunu, korrupsiya və rüşvətxorluq faktlarının cəmiyyətin dərin qatlarına qədər işlədiyini, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu bildirib və bu hadisələrin eyni siyasi coğrafiyada yerləşən MDB məkanına, o cümlədən Azərbaycana təsir imkanlarını qeyd edib və hakimiyyəti ölkəmizdə daxili narazılığı, xarici təhdidləri önləyən siyasi, iqtisadi, sosial islahatlar həyata keçirməyə çağırıb.

İdarə Heyəti son vaxtlar Türkiyə ilə bir sıra Avropa dövlətləri, eyni zamanda Türkiyə ilə Rusiya arasında olan münasibətlərin gərginləşməsindən, Avropa və Rusiyanın Suriyaya hərbi müdaxiləsi nəticəsində qardaş Türkiyəyə qarşı ciddi təhlükə yaranmasından ciddi narahat olduğunu, birbaşa və dolayı yolla Əsəd rejimini, Suriya ərazisində fəaliyyət göstərən kürd yaraqlılarını dəstəkləyən qüvvələrin əsas hədəfinin Türkiyənin iqtisadi, siyasi cəhətdən sarsıtmaq məqsədi güddüyünü bildirib və baş verən bu siyasi oyunların Yaxın Şərqdə sülhün və təhlükəsizliyin pozulmasına səbəb ola biləcəyini diqqətə çatdırıb.

İdarə Heyəti Ermənistan prezidenti S.Sarkisiyanın Azərbaycanın yurisdiksiyasına daxil olan Dağlıq Qarabağa qeyri-qanuni səfərinə münasibət bildirib və bu addımı Ermənistan tərəfindən DQ ərazisinin işğalının bir daha təsdiqi kimi dəyərləndirib və hakimiyyəti faktla bağlı məsələyə adekvat reaksiya verməyə çağırıb.

İdarə Heyəti Novruz bayramı ilə əlaqədər ölkə prezidentinin imzaladığı əfv fərmanını təqdir edib, lakin bu fərmanın siyai motivlərlə həbs edilmiş müxalif düşüncəli şəxslərə geniş şəkildə tətbiq edilməməsindən narahatçılığını ifadə edib və dövlət başçısını ölkədə vətəndaş həmrəyliyinin, daxili sabitliyin qorunması, beynəlxalq təşkilatların insan hüquq və azadlıqları ilə bağlı hazırladığı qara siyahılardan xilas olması üçün siyasi iradə nümayiş etdirməyə, humanizm prinsiplərini rəhbər tutmağa və həbsdə olan siyasi məhbusları azad etməyə çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR