"Moody`s"dən Azərbaycan iqtisadiyyatı ilə bağlı - Təhlil

img

27-03-2017 [13:37]


Neftin kəskin ucuzlaşması səbəbindən Azərbaycan və Qazaxıstan analoji problemlərlə üzləşib.

Bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Həmin problemlər sırasına "Moody`s" ÜDM-in azalması, inflyasiyanın ikirəqəmli həddə çatması, valyuta ehtiyatlarının əriməsi və bank sektorunda vəziyyətin pisləşməsini aid edib.

Buna baxmayaraq, agentliyin mütəxəssisləri hesab edir ki, iqtisadiyyatını daha yaxşı diversifikasiya etdirən Qazaxıstan Azərbaycana nisbətən xarici şoklara daha dayanıqlıdır.

"Azərbaycanla müqayisədə Qazaxıstanın dövlət maliyyə institutları daha güclüdür dövlət borcunun həcmi isə daha azdır. Hər iki ölkənin iqtisadi artımı və dövlət büdcəsinə daxilolmalar daha çox karbohidrogen ehtiyatlarının ixracından əldə olunan gəlirlərdən asılıdır. Azərbaycan Qazaxıstana nisbətən neftin ucuzlaşmasına daha həssasdır. Qazaxıstan biznes mühitinin yaxşılaşdırılması və iqtisadi artımın sürətləndirilməsi üçün mövcud olan əngəllərin aradan qaldırılması baxımından daha çox irəliləyiş əldə edib", - deyə məlumatda vurğulanır.

Agentlik qeyd edir ki, 2015-ci ildə Azərbaycanın ixracının 89%-i neft-qaz məhsullarının payına düşürdü. Bundan başqa, həmin dövrdə dövlət büdcəsinin gəlirlərinin 60-70%-i məhz neft-qaz məhsullarının ixracından əldə olunan vəsaitin hesabına formalaşıb. Həmin il Qazaxıstanın ixracının 76%-ini neft-qaz məhsulları təşkil edirdi, dövlət büdcəsinə daxilolmaların 42%-i isə bu qəbildən olan məhsulların ixracından əldə olunan vəsaitin hesabına formalaşıb.

"Qazaxıstanın dövlət maliyyə institutlarının inkişaf səviyyəsi Azərbaycandakılardan daha yüksəkdir və bunun hesabına iqtisadi çağırışlara daha effektiv cavab vermək mümkündür. Bundan başqa, üzən məzənnə rejiminə daha yaxşı keçid və inflyasiyanın artımının qarşısının alınması üçün atılan addımların effektivliyi Qazaxıstana ucuz neft dövrünə daha yaxşı adaptasiya olunmağa imkan verib", - deyə məlumatda bildirilir.

"Moody`s" qeyd edir ki, hər iki ölkənin bank sektoru çətinliklə üzləşib. Hər iki ölkənin bank sektoru üzrə proqnoz neqativdir. Azərbaycanda problemli kreditlərin ümumi kredit qoyuluşunda payı 25% olduğu halda, Qazaxıstanda bu göstərici 37%-dir.

"Lakin hər iki ölkə hökumətinin bank sektorunun müdafiəsi istiqamətində atdığı addımlar riskləri azaldır", - deyə agentlik bildirib.

Azərbaycanın bank sektoru ÜDM-in 53%-nə bərabər olduğu halda, Qazaxıstanda bu göstərici 60%-dir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR