Şriftin ölçüsü / 170 dəfə oxunub

Azər Həsrət Brüsseldə media azadlığından danışıb — VİDEO

25 Mart 2017 [15:24]

Martın 23-də Brüsseldə Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan haqları və demokratiya komitəsilə Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə toplantısı keçirilib.

Toplantıda əsasən iki məsələ müzakirə edilib: "Şərq tərəfdaşlığı ölkələrində əmək bazarında qadınların durumu” və "Şərq tərəfdaşlığı ölkələrində media azadlığı və inteqrasiyanın təmin edilməsi”.

Tədbirdə Azərbaycandan rəsmi nümayəndələr – Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlar Məlahət İbrahimqızı və Rasim Musabəyov, həmçinin katibliyin nümayəndəsi Vüqar Məmmədov iştirak edib. Vətəndaş cəmiyyəti nümayəndələrindən isə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət media azadlığı məsələlərilə bağlı ekspert qismində dəvət edilib.

Əvvəlcə qadınların əmək bazarında iştirakı müzakirə edilib. Ardından da media azadlığı məsələləri üzrə Rasim Musabəyov və Avropa Parlamentinin üzvü Tanya Fayonun məruzəsi təqdim edilib. Bundan sonra ekspertlərin çıxışları dinlənilib.

ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin baş məsləhətçisi Matias Berman və Yerevan Mətbuat Klubunun prezidenti Boris Navasardyan öz çıxışlarında Azərbaycanla bağlı əsassız tənqidlər səsləndiriblər.

Azər Həsrət isə çıxışında hər iki ekspertə cavab verməli olub. O, əsasən beynəlxalq qurumların qeyri-obyektiv hesabatlarına əsaslanan ekspertləri və iştirakçıları bundan çəkinməyə çağırıb. Eyni zamanda çıxışçıların Azərbaycanda guya media azadlığı və plüralizm, ifadə azadlığı məsələrilə bağlı iradlarına konkret misallarla cavab verib.

Azər Həsrət qeyd edib ki, Azərbaycanda 5 mindən çox media qurumu qeydiyyatdadır. Onların bir çoxu fəaliyyət göstərmir. Bu 5 min media qurumunun mövcudluğu şəraitində cəmi 5 media qurumu durumdan şikayətçidir ki, onların da 2-si ümumiyyətlə xarici media qurumlarıdır. Yəni Azərbaycanın o media qurumları qarşısında heç bir öhdəliyi yoxdur.

"Şikayət edənlərdən biri də "Azadlıq” radiosudur. Bu radio 2-ci dünya savaşından sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən qurulub və indi Konqress tərəfindən maliyyələşdirilir. Azərbaycanın bu radionun fəaliyyətinə icazə verib-verməməsi daxili işidir və buna görə ölkə ittiham edilə bilməz”, – deyə Azər Həsrət bildirib.

Azərbaycanı tənqid edən Boris Navasardyanın fikirlərinə də münasibət bildirən CASCFEN sədri diqqətə çatdırıb ki, son aylarda bir neçə erməni jurnalisti məhz öz ölkələrində media azadlığı problemi üzündən Azərbaycanda sığınacaq tapıb, Bakıda jurnalist fəaliyyəti göstərir.

Azər Həsrət öz çıxışında Böyük Britaniyanın The Guardian qəzetinin 2015-ci ildə keçirilmiş 1-ci Avropa Oyunları zamanı Azərbaycanı hədəfə almasına da toxunub. O qeyd edib ki, media belə məsələlərdə jurnalist etikasına əməl etməlidir. Amma təəssüf ki, The Guardian bu məsələdə yanlış mövqe tutub.

Beynəlxalq təşkilatların media azadlığı reytinqlərini də tənqid edən Azər Həsrət çıxışını əsasən media etikası, onlayn etika və özəlliklə də məsuliyyət məsələlərilə bitirib.

Hər iki mövzu ətrafında tutarlı çıxış edən Azərbaycanlı deputatlar da öz dəyərli fikirlərini iştirakçılara çatdırıblar.




SON XƏBƏRLƏR