Gürcüstan Rusiyadan əlavə qaz alıb - "Şahdəniz"də hansı problem olub?

img

25-03-2017 [15:14]


Bu ayın əvvəlində Gürcüstan "Qazprom-Eksport" MMC (Rusiyanın "Gazprom" şirkətinin törəməsi - red.) ilə bağlanan müqavilənin şərtlərinə müvafiq olaraq Rusiyadan əlavə həcmdə təbii qaz alıb. 

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.
 
Onun sözlərinə görə, buna səbəb "Şahdəniz" qaz yatağında baş verən problemlərdir: "Ayın əvvəlində "Şahdəniz" yatağında problemlər var idi və bir neçə gün ərzində Azərbaycandan Gürcüstana qaz nəqli dayanmışdı. Lakin biz istehlakçıların tələbatını ödəməli idik və bunun üçün alternativ variantlara əl atdıq".
 
Gürcüstan mətbuatı isə yazır ki, yanvar-fevral ayları ərzində Gürcüstan "Qazprom-Eksport"dan əlavə olaraq 100 mln. kubmetr qaz alıb.
 
Maraqlıdır ki, Azərbaycan tərəfi "Şahdəniz" yatağında hər hansı problemin olması barədə məlumat yaymayıb.

Xatırladaq ki, "Qazprom-Eksport" MMC-nin Gürcüstan hökuməti ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır. Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsi olub.
 
Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.

Digər xəbərlər
SON XƏBƏRLƏR