Devalvasiya gözlənilirmi? - Ekspertdən manatla bağlı 2017-ci il üçün proqnoz

img

24-03-2017 [13:44]


"Manatın möhkəmlənməsi uzunmüddətli deyil”. Bunu iqtisadçı Samir Əliyev son vaxtlar manatın möhkənlənməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, manatın möhkəmlənməsinin iqtisadi əsasları yoxdur: 

"Ümumən götürəndə bu gün Mərkəzi Bank bazara nəzarət edə bilir. Çünki ilin əvvəlində Neft Fondundan makroiqtisadi sabitlik üçün Mərkəzi Banka 7,5 milyard manat ayrılması nəzərdə tutulub və bu vəsait ilboyu hissə-hissə köçürüləcək. Bunun nəticəsidir ki, Mərkəzi Bankın valyuta ehtiyatında təkcə yanvar ayında 350 milyon dollardan çox artım qeydə alındı. Bu pul valyuta bazarında sabitliyin qorumasına yönəldiləcək. Çünki istər dövlət borclarının ödənməsi, istər bankların xarici borc öhdəliklərinin icrası zamanı mütləq valyuta bazarına müdaxilə olunurdu. Ona görə də bazarda gərginlik yaranırdı. Amma indi Mərkəzi Bank, xüsusilə xarici dövlət borclarını, dövlət zəmanətli borcları birbaşa bazara müdaxilə etmədən ödəyir. Bununla da bazarda ötən ilin sonları və bu ilin əvvəli müahidə edilən dollar qıtlığı problemi həllini tapıb.

Təbii ki, son günlər manatın möhkəmlənməsi müşahidə edilir. Amma düşünmürəm ki, manatın möhkəmlənməsinin arxasında ciddi bir iqtisadi artım dayanıb. Yəni manatın möhkəmlənməsinin iqtisadi əsasları yoxdur. Nə qeyri-neft sektorunun ixracında ciddi artım var, nə də idxaldan asılılığımız azalıb. Turizm sahəsində də elə bir ciddi dəyişiklik yoxdur. Yəni Novruz bayramında müəyyən istisnaları çıxsaq ölkəyə böyük bir turist axını müşahidə edilmir. Tədiyyə balansında, o cümlədən cari hesablar balansında hələki müsbət heç nə yoxdur. Ümumiyyətlə, iqtisadi baxımdan manata dəstək verəcək bir hadisə baş verməyib ki, bu gün manat bahalaşsın. Mən daxili amilləri sadaladım”.

İqtisadçı xarici amillərin də manatın xeyrinə olmadığını vurğulayıb: "Dünya bazarlarında müsbət statistik məlumatlar fonunda neft yenidən ucuzlaşmağa başlayıb və hazır psixoloji hədd olan 50 dollara yaxınlaşır. Halbuki bir müddət əvvəl neftin qiyməti 56-57 dollar civarında idi və hamı gözləyirdi ki, nə vaxt 60 dollara yaxınlaşacaq. Sirr deyil ki, neftin ucuzlaşması manata təzyiqi artır. Həmçinin FED uçot dərəcələrini artırmağa başlayıb. Martda artdırdı və bu il ərzində daha iki dəfə artması gözlənilir. Bununla da dünyada dolların möhkəmlənməsi prosesi baş verir. Bir sözlə, dünyada baş verən proseslər heç də manatın xeyrinə deyil. Yəni nə daxili, nə də xarici amillər manata güvənlik vermir”.

Samir Əliyev bildirib ki, hazırda ölkədə manat qıtlığı mövcuddur: 

"Bütün bunlar onu göstərir ki, manatın məzənnəsi inzibati metodla tənzimlənir. Hazırda tam üzən məzənnədən söhbət gedə bilməz. Mərkəzi Bank manatın kütləsini sıxıb. Cari ilin yanvar-fevral aylarında pul bazası 11%-dən çox azalıb. İqtisadiyyatın pulla təminat səviyyəsi hələ inkişaf etmiş ölkələri demirəm, qonşu Rusiya və Qazaxıstanda da aşağıdır. 

Bankların manat likvidliyi problemi var. Ona görə də banklar valyuta hərracında məhdud iştirak edirlər yaxud da bəzən heç iştirak edə bilmirlər. Təbii ki, bu, uzun müddət davam edə bilməz. Çünki manat qıtlığı sahibkarlığın inkişafına problem yaradır. Bu baxımdan manat bahalaşması dayanıqlı və uzunmüddətli ola bilməz.

Təbii ki, qərarları Mərkəzi Bank verir. Onun qərarları hökumətin müəyyən bir öhdəliklərini yerinə yetirməsinə yönəlib.

Manatın məzənnə məsələsinə gəlincə, burda fikir söyləmək çox çətindir. Çünki manatın məzənnəsinə yuxarıda qeyd etdiyimiz daxili və xarici amillərlə yanaşı, hökumətin davranışı da təsir edir. Çünki burda hökumət tərəfdən iki seçim var: ya məzənnəni, ya da valyuta ehtiyatını qorumaq. Neft Fondundan 7,5 milyard manat ayrılması qərarı da hökumətin davranışına bağlı məsələdir. Məhz bu qərardan sonra valyuta bazarında müvəqqəti sabitlik yarandı. Ona görə müvəqqəti ki, bu vəsait 2017-ci il üçün nəzərdə tutulub. Yeni ildə manatı qorumaq üçün yeni vəsait tələb olunacaq. 

Bu proses sonsuz davam edə bilməz və Fondun ehtiyatlarının sürətli əriməsinə səbəb ola bilər. Ən azı Mərkəzi Bankın ehtiyatlarının əriməsi təcrübəsi var. Düşünürəm ki, fövqəladə hallar baş verməsə, yəni neft 30-40 dollardan aşağı düşməsə, ölkədə hər hansı bir ciddi iqtisadi-siyasi böhran baş verməsə, proseslər indiki kimi davam edərsə, manatın kəskin devalvasiyası gözlənilmir. Böyük ehtimalla manatın dollara olan rəsmi məzənnəsi 1,70-2 manat intervalında oynayacaq. Yəqin ki, bu il rəsmi məzənnə 2 manat həddini ötə bilməyəcək. İntervalın yuxarı və aşağı həddi isə situasiyalardan asılı olacaq. Xarici borcların qaytarılması dövründə manatın bahalaşması, büdcə xərclərinin intensiv icrası dövründə isə (ilin sonu) ucuzlaşması baş verəcək”.

İqtisadçı qeyd edib ki, indi əsas problem manatın sabitliyidir: "Valyuta bazarındakı spekulyasiyalar məzənnəni oynadır. Ona görə müəyyən bir dövrdə manat möhkəmlənir, müəyyən bir dövrdə isə ucuzlaşır. Bu isə manata olan etibarı azaldır”(bakipost).




Digər xəbərlər
SON XƏBƏRLƏR