Əhəd Abıyevdən sensasion açıqlamalar: "Ramiz Mehdiyevin icazəsi olmasa..." - MÜSAHİBƏ

img

18-03-2017 [20:10]


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakipost.az-a maraqlı və bəzi "ütülü məmurlar"a xas olmayan şəkildə müsahibə verib:

Mia.az həmin müsahibəni oxucularına təqdim edir:

- Əhəd müəllim, dünən yenidən öz idman məharətinizlə gündəmə gəldiniz. Novruz bayramı şənliyində boks əlcəkləri geyinib, rinqə çıxmısınız. Bundan əvvəl də şifer qırmaqla gündəmə gəlmişdiniz. Birmənalı qarşılanmayan bu rinq həvəsiniz hardandır?

- Rayonda hər il olduğu ki, bayram şənliyi təşkil edilmişdi. Dədə-baba adət-ənənələrimizlə nehrədən tutmuş yun əyirənə kimi, yuxa, plov, bayram sovqatları və s. hamısı şənlikdə var idi. O cümlədən də idmanın ayrı-ayrı növləri üzrə uşaqlar hər il olduğu kimi bayramda təlim-məşq göstərirdi. Azərbaycan həm də idman ölkəsi kimi tanınır. Mən uzun müddət boksla məşğul olmuşam. Boks çempionatlarında da iştirak etmişəm.

Bayram şənliyində rinqdə döyüşdüyüm adam Daşkəsən rayonu, Gənclər və İdman İdarəsinin rəisidir. Boks üzrə çempion olub. Mən orada rinqə çıxmaq üçün əvvəlcə YAP-ın sədrinə müraciət elədim, amma istəmədi. İdman məktəbinin direktoruna müraciət etdim, o da istəmədi. Amma qeyd etdiyim idarə rəisi dedi ki, mən də boksla məşğul olmuşam, çempion da olmuşam. Mən də dedim, çox yaxşı, elə mən də köhnə, tanınan boksçulardanam, gəl bura görüm. Danışığımız elə bu cür oldu. Rinqə çıxdıq, vurdum, düşdü nokauta. Camaatın içində olmaq, camaatla olmaq lazımdır. Qalstuk taxıb, quru-quru gəzmək nəyə lazımdır? Qaynayıb-qarışmaq lazımdır. Birgə olmaq lazımdır. 

- İndi də idmanla məşğul olursunuzmu?

- İdmanla hamı məşğul olur. İdmanla məşğul olmayan öz taleyini, gələcəyini fikirləşmir. Mən idmanla məşğul olmağı sizə də məsləhət görürəm.

- Boks üzrə hansısa uğurlarınız olubmu?

- Əlbəttə, sənədlərim də var, hərbi xidmətdə olanda almışam. İnstitutda oxuyanda da. O cümlədən, boks çempionatında da iştirak eləmişəm. Dinamodan da bu sahə üzrə sertifikatım var. Fərqlənməyə görə diplom almışam, yəni mən həqiqi boksçu olmuşam. Sonradan isə bu idmanı atdım. Daha doğrusu, nəticəsini görmədim, keçdim siyasətə. 20 il Bakı Şəhər İcra Hakimiyyətində işləmişəm, 15 il deputat olmuşam. Deputat olduğum vaxtda gedib boksçuluq etməyəcəkdim ki... İndi özüm üçün həvəskar kimi məşğul oluram. İstənilən 3 adamla tək özüm vuruşa bilərəm.

- Yerli əhali, rayon camaatı sizin belə idman şouları göstərməyinizi necə qarşılayır?

- Çox yüksək səviyyədə. Hətta alqışladılar da. Hamıya ləzzət elədi. Bayramdır da. Prezidentimiz özü də idmanı sevir, idmanla məşğuldur. Olimpiya Kompleksləri yaradılır hər yerdə. Bunlar nə üçündür? İnsanların, gənclərin sağlamlığı üçündür. Sağlam ruhda tərbiyə olunması üçün. İdmanla məşğul olmağın nəyi pisdir?

"Adamlar var, cangüdənlə gəzir, özünə qapıaçan tutub”

- Adətən belə addımları xarici ölkə məmurları edəndə, camaatımız maraqla qarşılayır, təqdir edir. Amma öz məmurlarımız edəndə isə birmənalı qarşılanmır. Sizcə bu, nəylə bağlıdır?

- Bilirsiniz, o camaatın başçıdan nəyi əksikdir? Yaxud başçısının o camaatdan nəyi artıqdır? Camaatla başçı arasında nə fərq var? Əgər mən onların başçısıyamsa, başçı da ailə üzvlərindən biri deməkdir, ailənin başçısıdır. Onlar da bizim bacı-qardaşlarımızdır.

Boks da idman növüdür. Uşaqlar idman edirdilər. Özü də Daşkəsəndə idmanın boks sahəsi çox inkişaf edib. Mən Daşkəsənə təyin ediləndən sonra bu sahəyə diqqət yetirirəm. Özüm də gedirəm onlarla oynayıram. Boş vaxtlarım olanda şənbə-bazar gedib onlara baş çəkirəm. Həm baxıram, həm də özüm də məşq edirəm. Adam var, eşidirəm ki, cangüdənlə gəzir, özünə qapıaçan tutub. Mən heç vaxt belə şeylər etmirəm. Maşınımı da özüm sürürəm. Yeri gələndə kəndlərdə görüşlərə gedəndə, yas yerlərinə, xeyir-şərə gedəndə özüm idarə edirəm avtomobilimi. Toyda, yasda iştirak edirəm. Lap yaşlı bir qadın görürəm, qucaqlayıram, öpürəm. Bəyi də, gəlini də təbrik edirəm, onlarla qol götürüb oynayıram. Yadda qalan şeylərdir bunlar. Onlar da sonra deyirlər ki, rayonumuzun başçısı gəlib mənim toyumda iştirak edib, xeyir-dua verib. Xoş xatirədir hamısı.

Niyə toylara getməyəsən ki? Nə olsun ki, başçısan, nə olsun ki, nazirsən? Get iştirak et də... Prezidentimizin tarixi kəlamı var: "Məmur xalqın xidmətçisi olmalıdır”. Deputatsan, xalq səni seçib, öz ərazindəki camaatın xeyrində də olmalısan, şərində də. İctimai-siyasi hadisələrdə də fəallıq göstərməlisən. Camaatı da dinləməlisən. Rəsmi yox ey, açıq-aşkar. Mən qəbul keçirəndə də əhalini zala yığıram, bir-bir dinləyirəm. Hər həftə nə qədər şikayətçi varsa, hamısına qulaq asıram, ayrı-seçkilik etmirəm. İdarə rəhbərlərini, əməkdaşları, aidiyyəti qurumları çağırıram. Şikayətçinin hansı kənddən gəldiyini öyrənirəm, deyirəm qalx ayağa, ay icra nümayəndəsi, ay bələdiyyə işçisi, niyə bu məsələ həll olunmayıb ki, o gəlib icra hakimiyyətinə çıxıb? Sabah gedib Prezident Aparatına çıxacaq. Bəs bunun günahkarı kimdir? Bizik - Prezidentin yerlərdəki nümayəndəsi. Niyə problem həllini tapmayıb? Nə problem var?...

Araşdırılır və elə dərhal yerindəcə həll olur. Biz şikayətçini qəbul etməsək, şikayət ərizəsinə baxmasaq, nəticəsi necə olar? Vətəndaş dövlətdən də inciyər, narazılıq yaranar. Halbuki sadə bir məsələdir.

- Şikayətlər əsasən nə ilə bağlı olur?

- Son zamanlar görürəm ki, ailə münaqişələri ilə bağlı şikayətlər var. Ailə üzvlərini başa salıram, çağırıram ərlə arvadı barışdırıram, boşanmanın fəsadlarını, uşaqlarının gələcəyi ilə bağlı düşünməli olduqlarını deyirəm. Üstündən bir az keçir, görürəm gəlib minnətdarlıq edirlər ki, sağ olun, siz düz elədiniz. Mən məhkəmələrə də tapşırmışam. Demişəm boşanma məsələlərinə fikir verin, diqqətli olun, qərar verməyə tələsməyin.

- Ümumiyyətlə şikayətlər çoxdur?

- Sizə bir şeyi deyim. "Azərbaycan” qəzetində Prezident Administrasiyasının Ərizə və Şikayətlər Şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsi var. Orada qeyd olunub ki, Daşkəsən yeganə rayondur ki, şikayətlər azalıb, demək olar ki, yoxdur. Bəs bu nəyin nəticəsidir? Yerlərdə biz vətəndaşları qəbul edirik, problemlərini həll edirik. Bu səbəbdən də şikayətçi olmurlar, Prezident Administrasiyasına ərizə yazmırlar. Düzdür, rayon çox soyuq iqlim şəraitində yerləşir, dağətəyi rayondur. Sürüşmələr olur, dağdan daş-kəsək gəlir yolu tutur, tez-tez qar yağır, küləkli yağışlı havalar üstünlük təşkil edir, amma Daşkəsən Azərbaycanın ən zəngin təbii ehtiyatları olan, sərvəti olan rayonudur. Filizinə, qızılına, alminiuma, misə və sairə görə... Düzdür, havalar çox soyuq olduğu üçün camaat arana qaçır, amma yayda hamı qayıdır gəlir Daşkəsənə.

"Heç bir icra başçısı Ramiz Mehdiyevin icazəsi olmadan rayonunu tərk edə bilməz”

- Əhəd müəllim, deyəsən, siz də tez-tez arana, daha doğrusu, Bakıya qaçırsız. Bu yaxınlarda Ramiz Mehdiyevin icra başçıları ilə keçirdiyi toplantıda danlanılmağınızla bağlı məlumatlar da yayıldı...

- Ramiz Mehdiyev tək məni qəbul edib, bu sözləri deməyib ki... Respublika yığıncağı olub, orada iştirak edən hamı da şahiddir ki, elə bir şey olmayıb. Cəfəngiyatdır. Dərinliyə getsək, rayonları yoxlasaq, Daşkəsəndə görülən işlərin hər birinə Azərbaycan bayrağı ordeni verilər. Şəhərə gedib-gəlmək məsələsinə gəlincə, rayonda yeni işlər görülür. Yeni Daşkəsən layihəsi işlənib hazırlanıb. Bizim rayonumuzda su-kanalizasiya sistemiylə, işıq xəttiylə, dam örtüklərinin hamısının yenidən təzələnməsiylə, yolların çəkilməsiylə, körpülərin tikilməsiylə bağlı böyük işlər görülüb və görülür.

Bunlar hamısı balaca işlərdir? Əgər rayonun başçısı işləyirsə, demək İqtisadiyyat Nazirliyində, Maliyyə Nazirliyində olmalıdır. Baş nazirin qəbulunda olmalıdır. Bəlkə də məndən çox Baş nazir Artur Rasi-zadənin yanında gedən adam yoxdur. Çox gözəl də kişidir, ağıllı adamdır, hər şeyi də başa düşür, Daşkəsəni də yaxşı tanıyır. Əhalinin hansı şikayəti ilə bağlı Artur Rasi-zadəyə müraciət etmişəmsə, həmişə köməklik edib.

- Yəni doğrudan da paytaxta tez-tez gəlirsiniz?

- Nəinki mən, heç bir icra başçısı PA-nın icazəsi olmadan rayonunu tərk edə bilməz. Belə bir şey görülməyib, ola da bilməz. Mən də heç vaxt icazəsiz şəhərə gəlməmişəm. Bu Maştağa-Bakı deyil ki, gedib gələsən. 460 km-lik yoldur. Problemli məsələlərlə bağlı nazirlərlə əlaqə saxlayırıq, vaxt təyin edirik, sonra PA-ya məsələnin mahiyyətini deyirik və şəxsən Administrasiya rəhbəri özü icazə verir, ondan sonra gəlirik. Əks halda zəng edərlər, görərlər yoxuq ondan sonra nə olar? Ümumiyyətlə sərhəddə yerləşən rayonu kim özbaşına tərk edə bilər? Mil-Muğan bölgəsi deyil ki, rahat olasan. Ermənilərlə üzbəüz dayanan, təmas xəttində olan rayondur Daşkəsən. Elə şey olarmı ki, oranı istədiyin vaxt tərk edəsən? O xəbərləri yaramaz adamlar yayırlar. O iclasda o qədər icra başçısı, polis rəisi və bütün sahələr üzrə nümayəndələr olub ki... Ramiz müəllim hamını çağırdı, tapşırıq və tövsiyələrini verdi ki, yerlərdə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparılsın. İşsizliyin aradan qaldırılması istiqamətində hər rayonun icra başçısı işlər görsün. Orada Ramiz Mehdiyevin konkret kimisə qaldırıb tənqid etməsi məsələsi isə olmayıb. İradlar var idi, hansısa rayonların adları çəkildi, amma konkret Daşkəsənin icra başçısının adı çəkilsin, qaldırılsın, konkret tənqid səslənsin, belə bir şey olmayıb.

Bundan əvvəl də bir xəbər yayılmışdı. Cənab prezidentin müşavirəsində iştirak edəndə telefonumu söndürmüşdüm. Hamı belə edir. Müşavirədən çıxanda telefonumu açdım. Qardaşım oğlundan zəng gəldi ki, atası keçinib. Qardaşımın ölüm xəbərini qəfildən aldım deyə özümü pis hiss elədim. Tər bürüdü məni, halım dəyişdi. Yıxılmadım, amma qardaşının ölüm xəbərini eşidən adam necə olar? Sonra görürəm ki, mətbuatda mənim halımın dəyişməsinə don geyindiriblər ki, guya Əhəd Abıyevi müşavirədə danlayıbar. Çıxanda özünü pis hiss edib. Halbuki ölüm xəbəri almışdım. Mən də dərhal getdim, apardıq məscidə, oradan da rayona getdik.

- Qardaşınızın qəfil ölümünün səbəbi nə idi: yaşı çox idi, yoxsa hansısa xəstəlikdən əziyyət çəkirdi?

- 70 yaşı var idi, əməkdaş mühəndis idi. Sadəcə olaraq onun ürəyində damar tutulması var idi. Stend qoyulmuşdu. Tromb yaranıb, o da bu səbəbdən dünyasını dəyişib.

"Oğlum məndən də güclüdür”

- Ailənizdən söz düşmüşkən, övladınız nə işlə məşğuldur?

- Oğlum Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil alır. Hələ tələbədir, sonuncu kursdadır. İdmançıdır, idmanı çox sevir. Bir neçə xarici dil bilir. Musiqiyə çox həvəslidir,

- İdman həvəsli olmasında sizə çəkib, yəqin...

- O məndən də güclüdür. Enerjilidir. Kikboksla məşğuldur, karateyə də marağı var. Həvəskardır. Üzgüçülüyü də sevir. Dənizə gedəndə 1-2 km üzüb gedir dənizin ortasına kimi çıxır.

"İcra başçısı tanıyıram ki, öz işçisinə salam vermir”

- Haqqınızda hər zaman yazırlar, müxtəlif xəbərlərlə gündəmə gəlirsiniz. Halbuki mətbuata açıq olan tək-tük icra başçılarındansınız. Hər zaman özünüz telefonlara cavab verirsiniz. Bəs hər zaman mətbuatın gündəminə xoş olmayan şeylərlə düşməyinizin səbəbi nədir?

- Hərdən elə cəfəng şeylər yazırlar ki, adama çox pis təsir edir. Kiminsə dediyinə əsaslanıb yazılar verirlər. "Deyilənlərə görə”, "belə ki”, "hansısa mənbə deyir ki”... Deyir, qələt edir deyir. Məlumat təsdiqlənsin, sonra mətbuata çıxar. Olmayan şeyi niyə deyirlər ki? Bu, mətbuata da, jurnalistdə də hörmətsizlik gətirir axı. Mənim jurnalistlərə, mətbuat işçilərinə böyük hörmətim var. Amma onlar da öz əqidələrini, şərəf, ləyaqətlərini qorumalıdırlar. Ağızlarına gələnləri yazırlar, "reket”lik edirlər.

Mən icra başçısı tanıyıram ki, öz işçisinə salam vermir, telefonunu qaldırmır. Elə şeylərin şahidi olmuşam ki, dəhşətə gəlmişəm. Amma biz getmişik, əsgərlərimiz üçün bayram əhval-ruhiyyəsi yaratmışıq. Bunu çevirib "icra başçısı boks oynadı” halına salıblar. Boks oynamaq, idman eləmək günahdır?

Mənim haqqımda cəfəng şeylər yazan adamlardan bir soruşun, deyin siz kimsiniz? Soruşun ki, hansı haqla mənim barəmdə belə şayiələr yayırlar?

Müstəqil Azərbaycan Respublikasının yaranmasında əməyi olan adamlardan biriyəm. Uzun müddət deputat olmuşam. Mən parlamentdə ən gənc deputat idim. Mən yaşda orada millət vəkili yox idi. 1995-ci ildə ilk parlament çağırışında seçilmişəm. İxtisasca hüquqşünasam. Siyasət, iqtisadiyyat, idarəetməyə yaş yox, zəka lazımdır. Məsələn, Tramp 70 yaşında prezident seçilib. Amerika kimi inkişaf etmiş bir dövlətin xalqı 70 yaşında prezident seçir. Özü də komersant bir adamı. 3 arvadı var. Amerikada bu qədər əhali içərisində bir məqsədyönlü adam tapılmadı ki, dövləti idarə eləsin? Gör kimi seçdilər. Bu məndə onların demokrat olmasına şübhə yaradır. Bunlar hamısı siyasi oyunbazlardır. Əsl demokratiya elə bizdədir, ədalət də, haqq da, sülhpərvərlik də...

"Əsgərlikdə olmayan adamın toyuna da getmək lazım deyil”

- Bayram tədbirlərində hərbi hissələrdə də olmusunuz.

- Bəli, biz həmin gün hərbi hissələrdə, sərhəddə olduq. 96 bayram xonçası hazırladıq, 8 qoyun, 2 televizor apardıq hərbi hissələrə, əsasən sərhəddə olan əsgərlərə payladıq. Onlarla görüşdük. Bayram süfrəsi açdıq, bayram şənlikləri təşkil edildi. Musiqiçilər aparmışdıq. Uşaqlar oynadılar, əyləndilər. Geniş çıxışım oldu. Ermənistanla həmsərhəd rayondur. Ona görə uşaqlar bizi orada gördüklərinə çox sevindilər. Gözəl də bayram şənliyi keçdi. Amma görünməmiş bir hadisə baş verdi. Biz tədbiri yekunlaşdırdıq, bundan təxminən 45 dəqiqə sonra göy guruldadı, aləm qarışdı. Düz yarım metr qar yağdı. Tədbir vaxtı isə hava bir az soyuq olmasına baxmayaraq, heç bir dənə də qar yox idi. Amma biz tədbiri qurtarandan sonra yarım metr qar yağdı.

Orada olanda mən İlandağa qalxdım, Kəlbəcəri gözümlə gördüm. Orada xidmət edən əsgərlərimizin döyüş ruhunu gördüm. Necə sağlam əqidəli, mübariz, qorxmazdırlar. Bu gün onlara çox yaxşı şərait yaradılıb. Adam özü xidmət eləmək istəyir, vicdan haqqı, düz deyirəm. Biz də xidmət eləmişik, amma belə olmayıb. Biz rusların təsirində olmuşuq, amma indi Milli ordumuz var, əsgərlərimiz qardaş kimidirlər. Hər cürə yeməklə təmin olunurlar. Yataq yerləri var. Hərbidə bu gün çox yüksək səviyyədə inkişaf var. Əsgərlərə çox yaxşı baxılır. Hərbi bazalarımız var, texnikamız boldur. Adam bununla fəxr edir.

Ümumiyyətlə, əsgər getməyən adam ailə qurursa, onun toyuna getmək də lazım deyil. Ora kişilik məktəbidir. Gedib kişilik məktəbini keçsin, sonra gəlsin ailə qursun.

"Ən böyük qaçqın elə mənəm...”

- Bu yaxınlarda "Qaçqınkom”un sədri Əli Həsənov da bənzər bir fikir səsləndirmişdi. Demişdi ki, fərarilik edən məcburi köçkün oğullarına qız verməyin.

- Məncə, qaçqın adı, ümumiyyətlə, bu status məsələsi olmamalıdır artıq. Çünki hamı bir-birinə qaynayıb qarışıb. Qaçqın da "Mercedes”, "Prado” alar? "Lexus”da gəlir ki, mən qaçqınam, belə şey olar? Bu söhbət bitib də... Ölkədə elə bir imkansız adam yoxdur axı artıq. Hamı işləyir. Bəzən hansısa fövqəladə hal olur, adam ziyan çəkir, ona kömək eləmək lazımdır. Qəzaya düşür, əzilir, xəstəxanaya düşür, yardım olunur, sağalır. Daha ömrü boyu xəstə adını üstündə gəzdirməli deyil ki. Köçkünlük, qaçqınlıq məsələsi də həmçinin.

Birinin işığı pulsuz olur, biri pul ödəyir. Birinin uşağı pul verir oxuyur, birininki pulsuz. Bu da düzgün deyil axı... Kimin ki, bacarığı, savadı var, oxusun. Vətəndaşlar arasında doğmalıq, ögeylik göstərmək düzgün deyil. Necə yəni, uşaqlar bir yerdə oxuyurlar, amma biri qaçqındır deyə ondan pul almırlar, amma o birindən alırlar. Qaçqınlardan isə nazir də var, icra başçısı da, polis rəisi də, yüksək postlarda oturanları da var. O demək deyil ki, onlar hamısı statuslarından istifadə eləməlidir. Ən böyük qaçqın elə mənəm... 

Doğulduğum yerdən 460 km uzaq Daşkəsəndə gedib oturmuşam. Doğulduğum yerlə indi yaşadığım yer arasında görün nə qədər məsafə var? Durum indi deyim ki, mən qaçqınam? Düzgün deyil. Hamımız azərbaycanlıyıq, ölkəmiz də vahid rəhbərlik tərəfindən idarə olunur. Bu gün hamı Azərbaycanla fəxr eləmidir. Ölkədə terror yox, sabitlik, əmin-amanlıq hökm sürür.

"Mehriban xanım birinci vitse-prezident təyin ediləndə hamı təbrikləşirdi”

- İdarəçilikdən söz düşmüşkən, Əhəd müəllim, ölkədə yeni institut yaradıldı – vitse-prezidentlik. Mehriban xanım Əliyeva da birinci vitse-prezident təyin edildi. Bununla bağlı nə düşünürsünüz?

- Mehriban xanımın birinci vitse-prezident təyin edilməsi Daşkəsəndə bayram kimi qarşılandı. Camaatın sevincinin həddi-hüdudu yox idi, hamı bir-birini təbrik eləyirdi. Mən də buna çox sevinirəm. Prezidentimizin həm həyat yoldaşıdır, həm də yaxın silahdaşı. Dövlətçilikdə, iqtidarın möhkəmlənməsində, müstəqil Azərbaycanın beynəlxalq səviyyədə hörmət sahibi olmasında çox böyük xidmətləri var. Fikrimcə, bu seçim tarixi hadisədir. Tarixdə Mehriban Əliyeva kimi cəsarətli azərbaycanlı qadın olmayıb.

- Yaxın vaxtlarda çox güman ki, vitse-prezidentlərin təyinatı olacaq. Kimkərin təyin ediləcəyi hamıya maraqlıdır. Sizcə, kimlər ola bilər, siz kimin təyinatını istərdiniz?

- Bundan sonra kimlərin vitse-prezident təyin olunacağı camaata maraqlı deyil. Hamı təkcə Mehriban xanımın təyinatına sevindi ki, haqq-ədalət öz yerini tapdı. Bu, camaatın ürəyincə olan təyinatdır. Başqaları camaata maraqlı deyil. Bu təyinatlarla bağlı cəfəng söz-söhbətlər yayılmışdı, hərə bir şey danışırdı. Hamısına son qoyuldu, nöqtə qoyuldu. İnanın ki, bu iqtidara, bu hökumətə o qədər böyük inam yaranıb ki... Yerlərdə, kəndlərdə elə inam var ki, dəhşətlidir. Xalq özü gördü ki, deyilənlər cəfəngiyatdır. Üzdəniraq bəzi adamlar var idi ki, şoular yaradırdılar. Balaca bir toyuq hini tikməyən, daşı daş üstünə qoymayan, əlindən bir iş gəlməyən, hansısa şəhid ailəsinə bir konfeti belə qıymayan adamlardır hamısı. Mehriban xanımın əməkləri, gördüyü işlər hamısı ortadadır.

Camaat birinci xanımı o qədər çox istəyir ki. Həqiqətən də, ölkəmizdə bir çatışmazlıq var idi, Mehriban xanımın təyinatı ilə o çatışmazlıq öz həllini tapdı. Bir də Qarabağ məsələsi qalıb, xanımın gəlişindən sonra bu məsələ də öz həllini tapacaq. Artıq hökumət, dövlət etirbarlı əllərdədir. İdarəetmə bu gün inamlı əllərdədirsə, camaatın da buna böyük inamı yaranır. Şəxsən mən fəxr edirəm.

Baxın, Novruz bayramı ilə bağlı əfv sərəncamı verildi. Bu gün camaatın əfv olunması həmin ailələrə bayram sovqatıdır. O atanın da bir kişiliyi, qeyrəti olsun, ona göstərilən etimadı doğrultsun. Təkrar belə hadisələrə yol verməsin. Onlara belə hörmətin edilməsi də çox böyük işdir.

"Elmira Axundovaya qalsa, heç 5 adamı da əfv etməz”

- Elmira Axundova da deyib ki, bu, son 20 ilin ən böyük əfv sərəncamıdır. Çünki 423 nəfərə şamil edilib.

- Əfv məsələsi belədir ki, azadlığa çıxmaq üçün müraciət edənlərin işlədikləri cinayətlərə baxılır. Təsadüfən cinayət törətmiş, yaxud avt qəzada adam vurmuş, kiminsə təsiri altına düşüb cinayət etmiş adamlar əfv edilir. Burada say önəmli deyil. Əsas məsələ əfv sərəncamının verilməsidir. Elmira Axundovanın özünə qalsa, heç 5 adamı əfv etməz. Mən onu yaxşı tanıyıram, o da məni yaxşı tanıyır. Əfv sərəncamı özü hər şeyə dəyər. Camaatı, hansısa ailələri sevindirmək ən böyük savabdır. Özü də bayramda. Yoxsa ki, kimlərsə oturur dövlətin əleyhinə yazılar verir, təxribatlar törədir, bunlar Allahın qəzəbinə gələcək. Allah özü o adamları cəzalandırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR