Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 10 avtomobil oğurlanıb

img

18-03-2017 [17:26]


Ukraynadan Azərbaycana yola salınan, içərisində "Veysəloğlu” və digər şirkətlər üçün yük olan ağır tonnajlı üç avtomobil yoxa çıxıb.

Ukraynanın İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri, maşınlardan ikisində olan yükləri Azərbaycana göndərmək öhdəliyi olan şirkətin rəhbəri Mətləb Nəcəfov APA-ya bildirib ki, avtomobillərdən birində 20 tondan çox ət, digərində 20 tondan çox yağ, "Veysəloğlu”na yük gətirən başqa bir avtomobildə isə müxtəlif ərzaq məhsulları olub.

M. Nəcəfovun sözlərinə görə, maşınlardan biri Xmelnitski vilayətinin Starokonstantinov şəhərində, digəri isə Çerniqov vilayətinin Priluki şəhərində yüklənib: "Maşınlar qrafikə uyğun olaraq, Kiyevdən keçərək Odessaya gedib, oradan gəmilərə yüklənməliydi. Gömrük orqanlarının yoxlamasından da keçmişdi, Azərbaycana yola salınması qalırdı. Amma gözlənilmədən sürücülərlə əlaqə itdi və artıq 3 həftədir, heç bir xəbər yoxdur. Hadisə ilə bağlı dərhal yerli polisə və təhlükəsizlik orqanlarına şirkətim adından müraciət etdim. Onlar ilkin olaraq maşınların naməlum şəxslər tərəfindən oğurlandığını bildirsələr də, təəssüf ki, heç bir axtarış aparmırlar. O yüklərə mən cavabdehəm, külli miqdarda ziyana düşmüşəm”.

M. Nəcəfova onun şirkətinin yüklərini daşıyan avtomobillərin sürücülərinin pasportlarının və sürücülük vəsiqələrinin fotolarını da APA-ya təqdim edib.

M. Nəcəfov digər şirkət tərəfindən "Veysəloğlu” şirkəti üçün yola salınan maşının da yüklə birlikdə eyni vaxtda yoxa çıxdığını bildirib. O, belə halların son vaxtlar artdığını da vurğulayıb.
"Veysəloğlu" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, şirkətə məxsus qida məhsullarını Azərbaycana gətirən 1 yük maşını Ukrayna ərazisində yoxa çıxıb: "Bu məsələdə "Veysəloğlu" Şirkətlər Qrupu zərərçəkmiş tərəfdir. Məsələnin hüquq müstəvisində həlli üçün artıq aidiyyəti instansiyalara müraciət edilib”.
APA-nın əldə etdiyi məlumata görə, indiyədək Azərbaycanın ayrı-ayrı şirkətlərinə məxsus yüklərlə dolu 10 yük maşını Ukrayna ərazisində oğurlanıb.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə APA-ya açıqlamasında onda bu barədə heç bir məlumat olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR