“Bizim üçün etnik azlıqların keyfiyyətli təhsili vacib istiqamətdir” - Gürcü nazir

img

08-03-2017 [15:58]


"Bizim üçün etnik azlıqların keyfiyyətli təhsili vacib istiqamətdir”.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili  azərbaycanlıların kompakt yaşadığı Marneulidə Kvemo Kartli bölgəsindəki orta məktəblərdə gürcü dilini tədris edən gürcü, azərbaycanlı və erməni qadın müəllimləri ilə görüşüb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə,  görüşdə nazirin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı və jurnalistlər də iştirak edib.
 
K. Tsixelaşvili ilə  görüşdə Gürcüstanda siyasət, vətəndaş inteqrasiyası, qadın müəllimləri narahat edən problemlər və onların həlli barədə müzakirə aparılıb. Daha sonra dövlət naziri Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gül dəstəsi və  hədiyyə təqdim edərək, xoş günlər və işlərində uğurlar arzulayıb.
 
K. Tsixelaşvili jurnalistlərə açıqlamasında bölgədə çalışan müəllimlərlə görüşün vacib olduğunu bildirib: "Çünki müəllimlər dövlət dilini vətəndaşlarımıza keyfiyyətlə öyrədir və onlar tam hüquqlu vətəndaşlar kimi müxtəlif sahələrdə çalışırlar”.
 
K. Tsixelaşvili 2015-ci ildə Gürcüstanda etnik azlıqlarla bağlı strateji plan qəbul edildiyini xatırladıb: 

"Biz etnik azlıqların siyasətə, iqtisadiyyatın müxtəlif sahələrinə cəlb olunmasını nəzərdə tutmuşuq. Bundan başqa, bizim üçün etnik azlıqların keyfiyyətli təhsili vacib istiqamətdir. Biz diqqətimizi daha çox etnik azlıqların ana dillərinin öyrədilməsinə yönəldirik. Bu yaxınlarda biz Acarıstanda yaşayan üç minədək etnik abxaza öz ana dillərinin öyrədilməsi üçün şərait yaratmışıq. Abxazlar öz dillərini öyrənməkdə maraqlıdırlar. Biz Gürcüstanda fəaliyyət göstərən Azərbaycan orta məktəblərində oxuyan məktəblilərə ana dillərinin öyrədilməsinə də diqqət yetiririk. Gürcüstanda yaşayan etnik azlıqlar üçün öz ana dillərinin öyrədilməsi siyasəti bizim üçün vacibdir. Məktəblərdə təhsil alan azərbaycanlı şagirdlər paralel olaraq dövlət dilini də öyrənir, Gürcüstanın ali məktəblərinə imtahan verir və müxtəlif ixtisaslar üzrə təhsil alırlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR