Ziya Məmmədova cənnət müjdəsi

img

04-03-2017 [16:13]


Zaur ƏHMƏD

Dəqiq xatırlamıram, təxminən 4-5 il əvvəl nəqliyyat naziri Ziya Məmmədovla bağlı köşə yazmışdım.

«Ziya Məmmədovun bacıoğluları» başlıqlı yazı nəqliyyat qoçularından bəhs edirdi. Qeyd eləmişdim ki, vaxt gələcək Ziya Məmmədov işsiz qalacaq, o zaman onun hesabına şellənən bacıoğluları köməyinə çatmayacaq. 

Artıq Ziya müəllim işsiz qalıb, bacıoğlulardan da hayan yoxdur. Ona görə də özünə yaxşı məşğuliyyət tapıb. Bizim məmurlar işdən çıxanda, həbsə düşəndə mollalığa başlayırlar. Ziya müəllim də eynən...

Belə ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra işsiz qalan sabiq nəqliyyat naziri Ziya Məmmədov boş vaxtını mütaliəyə ayırıb. Bu barədə eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov məlumat verib. E.Məmmədov bildirib ki, sabiq nazir mütaliəyə geniş vaxt ayırıb: «Bildiyiniz kimi, Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır. Ziya müəllim sağlam düşüncəli, potensiallı, intellekti yüksək olan insandır. Yəqin ki, 10-15 gün istirahət edəndən sonra hansısa sahəni seçmək məsələsində qərar verər. Amma onun yerinə mən konkret nəsə deyə bilmərəm”.

Ziya Məmmədov həqiqətən də potensiallı insandır. Kənardan sadə görünsə də, uzun sürə hakimiyyətdə qalmaq, vəzifəsini qorumaq o qədər də asan məsələ deyil. Amma uzun illər tənqidlərə, şok fatkların açıqlanmasına, hətta bir aralar hakimiyyəti ələ keçirmək istəməsi ilə bağlı iddiaların dolaşmasına baxmayaraq, Z.Məmmədov özünü yaxşı qoruya bilmişdi. Onun əldə etdikləri milyonlarla sərvət bir yana, hakimiyyətdə kifayət qədər pay sahibi də olmuşdu. Deputat mandatı, icra hakimiyyəti başçısı vəzifəsi və daha nələr-nələr...

Bizim kimsənin malında gözümüz yoxdur. Hər kəsin malı özünə qismət. Amma Ziya Məmmədovun milyonluq varidatının öz halal malı olmadığı hər kəsə gün kimi aydındır. Axı, başqasının haqqına girmədən o qədər var-dövlət əldə etmək mümkün deyil. Yəni, bu gün mən və mənim kimi onlarla, yüzlərlə vətəndaş Məmmədovların sərvəti barədə danışırıqsa, nə günah edirik, nə də ki, "başqasının pulunu saymaq” kimi pis iş tutmuş oluruq. Belə baxanda, mən Ziya Məmmədovun mənimsədiyi öz payım barədə rahatca danışa bilərəm. Çünki bu gün ölkədə məmurlar tərəfindən mənimsənilən milyonlar da mənim payım az deyil. Həm şəriətən, həm də kişi söhbətinə qalanda mən öz haqqımı tələb edirəm.

Şəriət demişkən. Ziya Məmmədovun dinə meyllənməsi, Quran oxuması, hətta onu təhlil etməyə başlaması barədə oxuyanda diskindim. İnanın ki, heç kim bu xəbəri adi bir xəbər kimi oxumur. Hərənin ürəyindən bir fikir keçir. Amma heç kim Ziya müəllimin sidq ürəklə dinlə məşğul olacağına inanmır. Bəlkə də çoxları haqlıdır. Necə ola bilər ki, illər boyu korrupsiya və rüşvətxorluqla məşğul olasan, büdcə pullarını göyə sovurasan, axırda da Quranı təhlil edib, cənnət qazanasan?

Allahın tövbə qapısı açıqdır. Bəndəsini bağışlayıb, bağışlamamaq da onun biləcəyi işdir. Dünyanın işini bilmək olmaz. Bəlkə də Ziya Məmmədov Quranın təhlili zamanı elə məqamlara çatdı ki, bütün məmur ömründəki günahları silindi. 

Bəlkə də ona cənnət müjdəsi də verildi.


Digər xəbərlər
SON XƏBƏRLƏR