“Yaralıları çıxardan əsgərləri snayperlə vurublar” - Hərbi ekspert

img

01-03-2017 [13:16]


Ermənistan mətbuatı fevralın 24-dən 25-nə keçən gecə təxribatların qarşısını alarkən şəhid olmuş zabit və əsgərlərimizin video görüntülərini yayıblar.

Düşmənlər bu videolara əsaslanıb, iddia edirlər ki, guya ilk olaraq Azərbaycan tərəfi hücuma keçib və hərbçilərimizin neytral ərazidə olmaları da bunun sübutudur. Sosial şəbəkədə geniş yayılmış bu materialları BakiPost.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, düşmənin özünün yaydığı videounun özü də əslində, Azərbaycan tərəfinin hücum etmədiyi sübut edir:

"Ermənilərin yaydığı video görüntülərdə olanlar bizim hərbiçilərimizdir. Amma bu, bizim hücum etməyimiz anlamını vermir. Bizim kəşfiyyatçılar sadəcə məlumat toplamaq məqsədilə həmin o neytral əraziyə ön xətdən bir qədər qarşıda düşmənin mövqelərini izləmək və müəyyən məlumat əldə etmək üçün getmişdilər. Videodan da görünür ki, onların əynində heç bir dəbilqə, zirehli gödəkcə və digər nəsə olmayıb. Heç onlara ehtiyac da yox idi. Gecə saatlarında onlar gedib işləyib məlumat toplayıb sonra da geri qayıdırlar.

Ümumiyyətlə, kəşfiyyatın iş üslubu belədir. Döyüşdə iştirak edən biri olaraq fikrimi söyləyirəm. Amma kompüter arxasında olan bəzi şəxslər qeybət şəkilində "Müdafiə Nazirliyi niyə belə elədi?”, "Bu nə əsgərlərdir?”, "Bu nə geyimdir?” kimi şərhlər yazırlar. Kompüter arxasında hamı qəhrəman olub məsləhət verir. Komandanlıq bilir ki, nəyi necə etmək lazımdır. Ora gedən insanlar da sırf peşəkar hərbiçilərdir. Onlar bilirlər ki, qarşıdakı düşməndir”.

Üzeyir Cəfərov qeyd edib ki, erməni tərəfi öz həlak olmuş hərbiçilərinin və əsgərlərinin meyitlərini gizlədir: "Erməni tərəfi öz meyitlərini gizlədir deyə bizimkilər yersiz-yersiz danışmağa başlayıblar ki, guya, biz heç nə etməmişik. Yenə deyirəm ki, Azərbaycan tərəfi hər hansı döyüş əməliyyatı aparmayıb. Bu sadəcə olaraq kəşfiyyatçıların məlumat toplaması üçün getdikləri ərazi idi. Amma belə bir faciə baş verdi. Onlar həyatlarını itirdilər. Allah rəhmət eləsin”.

Hərbi ekspert hesab edir ki, sosial şəbəkədə dil qəhrəmanlarının kompüter arxasında çox ədəbsiz və tərbiyəsiz sözlər yazması, fikir bildirməsi yolverilməzdir: "Ümumiyyətlə, yaxınını və ya doğmasını itirmiş insanı kədərinin üstünə bəzi lazımsız ifadələr və hərəkətlərlə ağırlıq gətirməyin özü də yol verilməzdir.
Bu günahdır. Mən şəxsən sosial şəbəkədə dil qəhrəmanlarının kompüter arxasında çox ədəbsiz və tərbiyəsiz sözlər yazmasına, fikir bildirməsinə qəti etirazımı bildirirəm. Hətta Avropada oturub xarici ölkələrdən maliyyələşən bəzi şəxslər ölən əsgərlərin faciələrindən öz siyasi məqsədləri üçün istifadə edirlər. Bu, ümumiyyətlə vicdansızlığın və şərəfsizliyin ən yüksək nöqtəsidir”.

Üzeyir Cəfərov onu da əlavə edib ki, həmin ərazidə yaralı olan zabit və əsgərlərimizi ermənilər snayperlə qətlə yetiriblər:"Həmin görüntüləri pilotsuz uçan aparat vasitəsi ilə çəkiblər. Bizdə də o aparatlardan var. Heç bir erməni bizim zabitlərimizin meyitlərinə yaxınlaşmayıb.
Yaralı zabitlərimiz və əsgərlərimiz olub. Ermənilər yaralıları çıxardan əsgərləri də snayperlə vurublar. Hətta yaralı zabitimiz ayağını iki yerdən rezinlə bağlayıb ki, qanaxma dayansın. Əsgəri də gələrək, onu çiynində alıb götürmək istəyəndə ermənilər silah işlədilib, onları qətlə yetiriblər. Bu da faktdır, hamısı sənədləşdirilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR