Hökumət qərar verdi - Bələdiyyələrə, QHT-yə və əhaliyə pulsuz avadanlıqlar veriləcək

img

01-03-2017 [10:43]


Nazirlər Kabineti "Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası”nı təsdiqləyib.

Avadanlıq dedikdə, yaşıllıqların salınması prosesində istifadə olunan iş alətləri, o cümlədən yaşıllıq ərazilərinə (habelə yaşıllıq salınacaq ərazilərə) mexaniki, kimyəvi vasitələrlə təsir göstərmək üçün inventar, həmçinin fəaliyyətin asanlaşdırılması üçün ümumi və texniki təyinatlı alətlər, yaşıllıq salınması prosesində lazım ola biləcək və belə işlərin təşkili praktikasında mövcud olan mexanikləşdirilməmiş digər əl əməyi alətləri nəzərdə tutulur.

Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına və əhaliyə əvəzsiz olaraq verilməsi nəzərdə tutulan vasitələrə bütün flora növləri üzrə standart ölçüyədək yetişdirilən və ya alınan, yaxud qanunvericiliklə qadağan olunmayan digər yollarla əldə olunan əkinəyararlı materiallar (tinglər, toxmacarlar) və yuxarıda qeyd edilən avadanlıqlar, inventar və digər vasitələr aiddir. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına və əhaliyə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin verilməsi ilə bağlı tələb olunan xərclər dövlət büdcəsindən maliyyələşən qurumlar üzrə ödənişli əsaslarla göstərdikləri xidmətlərdən əldə olunan büdcədənkənar xüsusi vəsaitlər, digər qurumlar üzrə isə qanunvericiliklə qadağan olunmayan fəaliyyətlərindən daxil olan vəsaitlər hesabına həyata keçirilir.
Yaşıllıq salınması məqsədi ilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali (Ərizəçi) əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması üçün istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edirlər. Ərizəçinin müraciətinə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən baxılır və yaşıllıq salınması məqsədi ilə əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunma haqqında qərar qəbul edilir. Yaşıllıq salınması məqsədi ilə Ərizəçiyə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin əvəzsiz verilməsi qaimə-faktura əsasında həyata keçirilir. Bu Qaydada göstərilən əsaslarla yaşıllıq salınması məqsədi ilə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin əvəzsiz olaraq verilməsindən imtina olunduğu halda, bu barədə Ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir. Yaşıllıq salınması məqsədi ilə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin əvəzsiz olaraq verilməsindən imtina olunması barədə ərizəni qəbul edən müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanının qərarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Ərizəçi əvəzsiz verilən əkin materiallarından istifadə etməklə, yaşıllıq salınan ərazilərdə aşağıdakı tələblərə əməl etməlidir:
- ərazidə torpağın münbitliyinin qorunmasının təmin edilməsi və onun deqradasiyasına yol verilməməsi;
- ərazilərin zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verilməməsi;
- ərazidə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi;
- yaşıllıqların mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilməsi, qanun pozuntularının qarşısının alınması.

Ərizəçi bu tələblərə əməl etmədiyi təqdirdə, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunmur. Ərizəçi tərəfindən yaşıllıq salınması məqsədi ilə əvəzsiz qaydada verilmiş əkin materialları, avadanlıq, inventar və digər vasitələrdən təyinatı üzrə istifadə etmədiyi aşkar edildikdə, həmin vasitələr geri alınır. Yaşıllıq salınması məqsədi ilə əvəzsiz qaydada verilmiş əkin materialları, avadanlıq, inventar və digər vasitələrin təyinatı üzrə istifadəsinə həmin vasitələri vermiş istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları, həmçinin yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR