Şriftin ölçüsü / 480 dəfə oxunub

Şəhid, şəhid, şəhid idi, cənab Əsgərov!

01 Mart 2017 [10:04]
Emin TARVERDİYEV

...Vaxt, sanki, irəliləmirdi. Dostlardan birinin bizə dediyi vaxtdan 45 dəqiqə qabaq aeroportda idik. Bir-bir, iki-iki yığışırdıq... Sayımız çoxalırdı, ancaq yenə də az idi... Bu, mənim Naxçıvana cənazə yola salmaqda 3-cü iştirakım idi. Dostum İlqarın ölümündən sonra ölümlər adiləşib mənim üçün... 

Saat 02:17-də 4-5 maşının arxasınca qəza işıqları yanıb-sönən "AMBULANCE" göründü. Şəhidimi - bu xalq, bu millət üçün qanın töküb, canın fəda edən igidimi gətirirdi! Bu qeydləri heç yerdə yazmayacaqdım - əgər həmin gecə aeroportda gördüklərim bir neçə adama sual ünvanlamaq zərurəti yaratmasaydı... 

Şəhidimizin cənazəsi ilə 3 zabit yoldaşı gəlmişdi ki, onların da içərisində rütbəcə ən böyüyü mayor idi.

 İlk sualım Zakir Həsənova olacaq. Cənab nazir, Müdafiə Nazirliyinin paytaxt Bakıda rahat və dəbdəbəli mənzillərində, isti yorğan-döşəkdə, heç nə olmamış kimi yatan rəsmilərindən 3-5 nəfər yüksək rütbəli o şirin yuxularına haram qatıb aeroporta gələ bilməzdilərimi?!

Axı cənazəsi gətirilən sıradan biri deyildi! Bu gün "Azal" prezidenti və onun əlinin altında çalışan neçə-neçə yüksək vəzifəli məmurun da dəbdəbəli həyatı və evlərində mışıl-mışıl yatması üçün canını verən biri azərbaycanlı balası, Azərbaycan zabiti idi! 

Çətin idimi gecəykən balaca bir təyyarə ilə cənazəni Naxçıvana yola salıb, 15 saat cənazəni Bakıdada gözlətməmək?! Bu xərc təkcə ayaqyolunuzun mebellerinə çəkilən xərcdən də qat-qat az başa gələrdi, məncə... 

Havanın dumanlı şəraitini bəhanə etməyin, Naxçıvana duman səhər saat 07:00-dan sonra "oturub”. Halbuki cənazə saat 02:17-də artıq aeroportda idi. Sualım sizədi, Cahangir Əsgərov, qeyd etdiklərimi yerinə yetirmək çoxmu çətin idi? Çətin idisə, heç olmasa 1-2 qalstuklunuz ən azı şəhid adına etiram əlaməti olaraq "kargo”ya təşrif buyurardı. Axı "qonağınız” əşya deyildi, heç sıradan daha bir naxçıvanlı cənazəsi də deyildi ki, belə laqeyd və biganə qalasınız! Şəhid idi! Şəhid, şəhid, cənab Əsgərov!

...Gözüm həm də Zeynəb xanımı çox axtardı dünən, çox. Yəqin, Zeynəb xanım da dünən o zamanlar ya yatmış, ya da köhnə xatirələrini indi olurmuş kimi canlandıran konsert-proqramlarına baxırmış... Cəmi 4 gün əvvəl Milli Məclisdə "Torpaqların işğaldan azad edilməsi məsələsində gözləmək lazım deyil. Danışıqlar, müzakirələr mənə çatmır, onsuz da qulaq asmırlar. Müharibə etməliyik, torpaqlarımızı azad etməliyik. 25 ildir xeyli şəhid vermişik. Niyə belə olmalıdır?! ATƏT-in Minsk qrupunun addımını gözləməli deyilik. Ermənilər bizim evimizə girib. Hər dəfə ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür” deyən deputatımız da heç gözümə dəymədi. Bilirəm, xanımdı, yaşlıdı, ancaq gec də olsa 1 saatlıq yuxuya haram qatıb aeroporta gələ bilərdi axı... Olmazdımı, xanım Xanlarova? 

Əslində Zeynəb Xanlarovadan inciməyə dəyməz. Çünki heç kişi deputatlarımız da yuxularına haram qatmaq istəməmişdilər. Şəhidimiz Ordubad sakini idi. Dünən orda rəhbərliyi, ağsaqqallığı Qüdrət bəy etməli idi. Bəli, bəli, Turalın sakini olduğu Ordubadın deputatı Qüdrət bəyi deyirəm. Əcaba siz də yuxu sarıdan problem yaşayırsınız, Qüdrət bəy?

...Turalın doğulub boya-başa çatdığı Ordubadın yetirməsi olan, dəyərli millət vəkilimiz Fərəc Quliyevi elə bir ordubadlı olaraq dünən aeroportda gözlərim "gəzirdi”. Görmədim. Niyə də, niyə? Axı bir ordubadlı olaraq dünən siz ordubadlıların qarşısında çıxış etməli, bağban Əbdül kişiyə oğul dağı münasibətilə təsəlli verməli idiniz! Görmədik, görə bilmədik sizi də Fərəc bəy. Niyə?

15 saatlıq fasilə ilə, nəhayət ki, şəhidimizin cənazəsi Naxçıvana yetişdi. Cənazəni qarşılayanları görəndə utandınızmı? Elə şəkillərə baxanda mən 2 deputat gördüm ki, onun biri birbaşa Muxtar Respublikanın ikinci adamı idi. Bacarmırsınız, heç olmasa doğulub, boya-başa çatdığınız, çörəyi-suyu ilə böyüyüb gəldiyiniz yerdən - Naxçıvandan öyrənin də belə şeyləri!

 Birdəfəlik bilin ki, şəhid olanda onun dəfnində də, cənazəsinin yola salınmasında da iştirak etmək nəinki lazımdı, həm çox vacibdi. Məncə, bunu etməklə kiminsə xəncərinin qaşı düşməzdi. Necə ki, dünən aeroporta yığılan 100-lərlə sadə azərbaycanlı kimi...


SON XƏBƏRLƏR