Prezident İlham Əliyev Qətərə getdi - Görüş + FOTO

img

26-02-2017 [20:53]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinə rəsmi səfər edib.
 
Mia.az Azərtac-a istinadən xəbər verir ki,  Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərindəki "Hamad” beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Prezidenti İlham Əliyev elə bu gün Dohada "Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani ilə görüşüb.
 
Görüşdə Azərbaycan prezidentinin Qətərə bu səfərinin ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
 
Böyük biznes qurumunun rəhbəri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycana səfərini xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarının olduğunu deyib. Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycanın müasir və təhlükəsiz ölkə olduğunu qeyd edib. O, ölkəmizdə Qətər vətəndaşlarına xoş münasibət göstərildiyini məmnunluqla vurğulayıb, yaxın gələcəkdə böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini deyib.
 
Söhbət zamanı ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR