Tacikistanda Xocalı ilə bağlı tədbir - Səfirlik geniş toplantı keçirdi

img

25-02-2017 [23:44]


Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, tədbirdə Tacikistanın dövlət və hökumət nümayəndələri, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

İştirakçılar əvvəlcə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən foto və kitablardan ibarət sərgiyə baxıb, onlara Azərbaycan, rus və ingilis dillərində nəşrlər paylanılıb.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Xocalı faciəsi haqqında ətraflı məlumat verib.

Diplomat bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Erməni silahlıları Xocalıya artilleriya və ağır hərbi texnikadan aramsız atəş açıb, qısa vaxt ərzində şəhər tamamilə alova bürünüb.

Sonra səfir həmin gecə qəddarlıqla qətlə yetirilən, yaralanan, itkin düşən şəhər sakinləri haqqında məlumat verib.

Abbasəli Həsənov deyib: "Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində torpaqlarımız erməni işğalından azad edəcək, Azərbaycan torpaqlarının bir qarışı belə işğal altında qalmayacaq”.

Səfir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz layihəsi, Bakı-Tbilisi-Qars dəmir yol xətti və digər regional layihələr Ermənistandan yan keçib. Erməni ictimai xadimləri, jurnalistlər Bakıya gələrək, Azərbaycan xalqından üzr istəyib, dəfələrlə bildiriblər ki, bu müharibə Ermənistana bədbəxtlikdən başqa heç nə verməyib və bu müharibədə məğlub tərəf Azərbaycan deyil, Ermənistandır.

Tacikistanın Xalq Şairi, dövlət himninin sözlərinin müəllifi Qulnazar Keldiyev daşnak ideyalarının bu gün də mövcud olduğunu deyib, bundan təəssüf hissi keçirdiyini bildirib. O, Azərbaycan dövlətinin və xalqının qarşısına çıxan bu çətinliklərin öhdəsindən əzmkarlıqla gəldiyini qeyd edib, işğal altında olan torpaqların tezliklə qaytarılacağına inandığını bildirib.

Sonra Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ehsan verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR