"Erməni vandalları gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər" - Nərimanovda Xocalı ilə bağlı tədbir (FOTO)

img

25-02-2017 [23:35]


Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Rayon İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Odlar Yurdu Universitetinin tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş "Sonuncu ölən ümidlər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, bu rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərin və şəhid ailələrinin qatıldığı tədbirdə çıxış edən icra başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov Xocalı faciəsinin Azərbaycan və dünya tarixində ən qanlı hadisələrdən biri olduğunu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülmə və təhqirlərə məruz qaldıqlarını qeyd ediblər.

Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğu, 1275 nəfərin girov götürüldüyü, onlardan 197 nəfərinin taleyinin hələ də məlum olmadığı, qətlə yetirilənlər arasında 63 uşağın, 106 qadının, 70 ahıl və qocanın olduğu, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi xüsusilə diqqətə çatdırılıb.

Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünya birliyinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi vurğulanıb. Həmçinin bildirilib ki, Prezident İlham Əliyevin apardığı müdrik daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir.

Sonra Xocalıdan olan məcburi köçkün, şəhid ailəsi Mehriban Əliyeva çıxış edərək Xocalıda erməni vandallarının törətdikləri qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminliyini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR