Abdolbari Gözəlin "gözəl" əməlləri

img

25-02-2017 [15:54]


2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, "Azərsun Holdinq" MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözəl "Şöhrət" ordeni ilə təltif edilmişdi.

İki gün öncə isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iş adamına ordenini təqdim etdi. Sərəncam da, orden də, təqdimat da öz yerində. Bu barədə nəsə demək istəmirəm...

Amma tədbirdə Abdolbari Gözəlin çıxışındakı bir sıra nüaslar üzərində dayanmaq istərdim. Şöhrətli iş adamının sitatları adama yer eləyir. Bir insanın əməli ilə danışığı üst-üstə düşməyəndə qəribə bir mənzərə yaranır. İş adamı olasan, pul qoyub pul qazanasan, sonra da «Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik», deyəsən.

Əziz yoldaş, əgər pul qazanmağı düşünmürsənsə, o zaman dollar bir qəpik qalxanda, istehsal etdiyiniz məhsulun qiymətini niyə iki qəpik qaldırırsınız? Rəhbəri olduğunuz şirkətin satışa çıxardığı məhsulun böyük əksəriyyəti yerli maldırsa, o zaman devalvasiyanın küləyi gələməmiş qiymətləri niyə dəyişdirirsiz? 

Siz özünüz də, şirkətinizin sözçüsü də hər hansı qiymət artımında camaatın yox, şirkət maraqlarından çıxış edir. Bir iş adamı kimi şirkətinizi düşünməniz normaldır, amma Sizin şirkətinizi ayaqda saxlayan bu camaatı da fikirləşmək lazımdır. Bu illər ərzində Sizin belə bir niyyətinizi nə görmüşük, nə də hiss etmişik. Sadəcə olaraq, camaata gəlişigözəl sözlərlə «qonaqlıq» vermisiniz, vəssəlam.


Məncə, ikisindən birini seçin. Ya olduğunuz kimi görünün, yəni, şirkətinizin maraqlarını güdün, pul qazanmağı fikirləşin. Ya da dediyiniz kimi olun, yəni, pulu, qazancı düşünməyin, camaatın dərdinə yanın…

Şöhrətli şirkət rəhbərinin çıxışında başqa bir nüans isə daha maraqlıdır. Pulu, qazancı düşünməyən şirkət rəhbəri insanlara daha az yeməyi məsləhət görür. Sitat: «Bizdə bir məşhur misal var: böyük tikə boğazda qalar. Başqa sözlə, az ye, həmişə ye». 

Son dövrlər vəzifə sahibləri, imkanlı şəxslər camaata az yeməyin xeyrindən danışmağa başlayıblar. Deputat Hüseynbala Mirələmov camaata dieata saxlamağı məsləhət görəndən sonra əcnəbi iş adamının az yeməklə bağlı təklifi toya getməlidir. Yaxşı ki, ümumiyyətlə, yeməməyi təklif eləmir.

Xülasə… Hüseynbala Mirələmov, Hadi Rəcəbli kimi millət vəkilləri olan bir məmləkətdə kənardan gəlib pul qazanan iş adamının «az ye, həmişə ye» sözlərini qəribçiliyə salmaq lazım deyil. Ev yiyəsi özünü necə aparırsa, qonaq da o cür davranır. "Millət vəkili” adını ciblərində daşıyanlar bu millətə hansı gözlə baxırlarsa, qonaq iş adamı da o cür baxır.

Amma bütün hallarda, şöhrətli Abdolbari Gözəl soyadının şanına uyğun gözəl əməllər sahibi olsa, daha yaxşı olar. Ən azından olduğu kimi görünmək, yaxud göründüyü kimi olmaq, daha gözəldir.




Digər xəbərlər
SON XƏBƏRLƏR