Cəbhədəki qanlı döyüşlərin pərdəarxası; Seçkilər, yoxsa Rusiyanın qəzəbi - Millət vəkili şərh edir

img

25-02-2017 [15:25]


Cəbhədə bir müddətdir, davam edən gərginlik dünən axşamdan başlayaraq daha da şiddətlənib. Müdafiə Nazirliyi düşmən qüvvələrinin mövqelərimizə soxulmağa cəhd etmələri, itiklərin olduğu barədə məlumatlar yayıb.

Sosial şəbəkələrdə həyəcanlı xəbərlər yayılır. Aprel döyüşlərindən sonra yaranan nisbi sakitliyin birdən-birə pozulması və düşmənlərin hücum taktikasını seçməsi müəyyən suallar yaradır, bu hücumların arxasında əslində hansı niyyətin, məqsədin olduğu axtarılır...

Daha çox müzakirə olunan versiyalar bundan ibarətdir ki, aprel döyüşlərindən sonra böyük ruh düşkünlüyünə düşən ermənilər bu müddət ərzində hərbi gücünü ön cəbhəyə toplayıb və bir-iki uğurlu əməliyyat həyata keçirərək, orduya inamı bərpa etmək istəyirlər. Nəzərə alsaq ki, düşmən ölkə yaxınlarda parlament seçkiləri keçirmək istəyir, onda bu, Sarkisyan hökuməti üçün çox vacib məsələdir. Yəni güman edilir ki, döyüşlərin məhz indi başlaması bir başa seçkilərlə əlaqədardır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc da hesab edir ki, gərginliyin məhz indi baş verməsi mövcud hakimiyyətin seçkilərdə istədiyini əldə etmək üçün qurduğu oyundu.
O, BakıPost.az-a deyib ki, cəbhədən gələn xəbərlər, düşmən ordusunun qarşısına konkret vəzifələrin qoyulduğunu göstərir: "Bu dəfə baş verənlər sadəcə atəşkəsin pozulması, yalnız qarşı tərəfin ayıqlığının yoxlanılması, güc göstərişi deyil. Aydın görünür ki, hazırkı vəziyyətdə erməni tərəfinin qarşısına konkret vəzifələr qoyulduğu özünü açıq göstərir.

Fakt ondan ibarətdir ki, aprel döyüşlərindən sonra ermənilər itirdikləri hərbi mövqeləri geri qaytarmağa çalışırlar. Bunun üçün onlara 1 ilə yaxın vaxt gərək oldu ki, əvvəlcə məlum şok vəziyyətindən çıxsınlar, sonra isə ön cəbhəyə xeyli hərbi texnika, silah sursat və görmə qurğuları, həmçinin kəşfiyyatı təmin edən vasitələri cəmləşdirsinlər. Digər tərəfdən isə siyasi cəhətdən mövqelərini müxtəlif paytaxtlarla möhkəmləndirsinlər. Daha sonra isə Azərbaycanla münasibətləri yenidən hərbi meydanda aydınlaşdırsınlar.

Düşünürəm ki, bu prosesə təsir edən ən mühüm amillərdən biri də aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Söhbət burada konstitusiya dəyişikliyini nəzərə alaraq, ümumən hakimiyyət məsələsindən gedir. Yəni artıq orada idarəetmə modeli dəyişdirilib və Serj Sarkisyan öz mövqeyini artıq prezident kimi deyil, gələcək parlamentdə müəyyənləşdirməli olacaq. Belə olan təqdirdə digər qüvvələrlə savaş və mübarizə yenə də Qarabağın üzərindən keçir. Daxildə xal qazanmaq, xalq içərisində itirilmiş mövqeləri geri qaytarmaq üçün cəbhə xəttində hansısa bir uğura ümid bəsləyirlər”.


Deputat vurğulayıb ki, aprelin 2-nə kimi Ermənistan müəyyən bir zərbə vurmaq, hansısa bir üstünlük əldə etmək və yaxud da konkret bir postu geri qaytarmaqla bunu cəmiyyətin içərisinə o fotoları, mənzərələri təqdim eləmək, bununla da yenidən ümumxalq dəstəyi mənzərəsini yaratmaq üçün belə əməliyyatlar gedir:"1990-ci illərdən fərqli olaraq hazırda erməni cəmiyyətində ictimai o düşüncə sistemi dəyişib. Bu doğrudur. Amma açıq olaraq onu da demək lazımdır ki, Qarabağ məsələsi ilə bağlı əldə olunmuş hər hansı bir hərbi uğur çox təəssüf ki, onların içərisində bir millət olaraq qürurlanma, öz gücünü qədərindən artıq şişirdilməsi eyforik bir vəziyyət yaradır. Təəssüf ki, bu belədir. Ona görə də xalqın o durumuna işləyən addımları siyasi hakimiyyət atmaqdadır.

Seçkilərdə hakim partiyanın, yəni Serj Sarkisyan komandasının rəhbəri müdafiə naziri Vigen Sarkisyandır. Siyahıya o başçılıq edir. O da özünü harada göstərə bilər? Xalqın qarşısına çıxıb öz platformasını açıqlamayaq ki. O öz mövqeyini yalnız gəlib səngərdə əsgərə komanda verməklə göstərməlidir”.

Yaranmış vəziyyətlə bağlı başqa və siyasilər arasında daha çox müzakirə olunan versiya isə erməni təxribatının arxasında Rusiyanın dayanması ehtimalıdır. Bu fikirdə olanlara görə, son zamanlar Azərbaycanın qərbə yaxınlarşması, bir sıra mühüm görüşlərin keçirilməsi, Avropaya meylli insanları daha önə çəkilməsi Rusiyanın qıcığına səbəb olub.

Zahid Orucsa bu ehtimalla razılaşmır. O hesab edir ki, cəbhədəki gərginliyin Rusiya ilə hər hansı bir əlaqəsi yoxdur:"Bir çox çoxları bu versiyaları regional və yaxud beynəlxalq mediada ara -sıra gündəmə gətirirlər. İddia edirlər ki, bəlkə bizim ölkəmizin Avropa Birliyi ilə münasibətlərini fevral ayından başlayaraq mühüm mərhələyə çıxartması və yeni bir hüquqi münasibətlərə qədəm qoymaqla bağlı atdığımız addımlar belə bir vəziyyət yaradıb. Yəni Azərbaycanın qərblə münasibətləri bölgədə hansısa dairələri narahat edib. Onlar da səngərdəki əsgərlərə belə bir komandanı veriblər. "Bu versiya nə qədər doğrudur” sualına cavab axtarılan zaman demək lazımdır ki, ölkəmizi heç bir halda konkret olaraq bölgə dövlətlərinin maraqlarını və təhlükəsizliyini zərbə altında qoyacaq addımlar atmayıb.

Əksinə, düşünürəm ki, Rusiya və Azərbaycan münasibətləri kifayət qədər yaxşı səviyyədə inkişaf etməkdədir. Bunu son illər ərzində həm hərbi, həm də siyasi əməkdaşlığın səviyyəsi ortaya qoyur. Moskva-Bakı münasibətləri Ermənistanın ziyanına işləyir. Belə olan təqdirdə hesab edirəm ki, həmin ehtimallara yer qalmır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR