“Xocalı” turistləri

img

24-02-2017 [19:17]


Xocalı soyqırımın 25-ci ildönümü yaxınlaşır. Kinoteatrlarda filmlərlə, teatrlarda səhnələşdirilmiş tamaşalarla Azərbaycanlılara Xocalıda baş verən faciəni nümayiş etdirirlər.

Bu işə aktyor və aktrisalarımız baxır. O tamaşalara kinoşünaslar və teatrşünaslar da gedir. Tamaşadan sonra həmni bu şünaslar soyqırımın necə gözəl çəkildiyi haqda açılama verirlər və sonda baş rejissoru o ki var tərifləyirlər. Sevincəyə düşüblər. Tərifləməyə mövzu tapdıqları üçün. Ona görə tərifləyəcəklər ki, televiziyalar bunları göstərəcək, ölmədiklərini sübut edəcəklər.

Bu dəstəynən hər şey aydındı. 20-30 saniyəlik kadr. Kulisdə sevinc hissi ilə səhnədə ağlaşma janrının mahir ifaçıları. Bunların qiyməti bir az aşağıdı.

Ağlaşma janrını heç vaxt sevməmişəm. Xocalı soyqırımı baş verəndə BDU-da tələbə yoldaşlarımızla toplaşdıq, tağım yaratdıq. Nifrət, qisas hissi deyildi. Gələcək vəhşiliyin qarşısının alınmasına hesablanmışdı cəbhəyə getmək istəyimiz. Tələbə idik. Artistlik bacarmırdıq. Getdik cəbhəyə. Şəhid olanımız da oldu, qazi olanımız da.

Xocalı soyqırımdı. Hüquqi baxımdan da belədi.

Artistlik demişkən, bir qrup da var. Xaricdə Xocalı soyqırımını dünya ictimaiyyətinə "tanıdırlar”. Necə tanıdırlar? Uzun mövzudu. Qısaca deyəcəm.

Bu qrupun ilk getdiyi yer Türkiyədi. Orada Xocalıda baş verən hadisəni Türkiyədəki azərbaycanlı tələbələrin diqqətinə çatdırmaqdı niyyətləri. Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələri akt zallarına yığırlar, 3-4 dəqiqəlik çıxış, 50-60 şəkil, selfi və işlərini bitirirlər. Yox, işləri bitmədi. "Tədbirdəki” şəkilləri dərhal Azərbaycandakı saytlara göndərirlər. Sayt rəhbərlərinə, redaktorlarına yalvarırlar, dil tökürlər ki, xəbəri saytda yerləşdirsinlər. Bu qrup Türkiyəni ona görə seçirlər ki, xərc az çıxsın, qazanc çox qalsın. Buna müftə turist səfəri də deyə bilərik.

Yadıma üç il əvvəl ABŞ prezidentinin Xocalıda baş verən hadisənin soyqırım olmasını dilinə gətirməsi üçün petisiya yadıma düşdü. Əlbəttə, petisiya qəbul edilmədi. Səbəbi bilirsiz nə oldu? Çünki bu işin içində də artistlik var idi. Saxta profillərlə internetin mənbəyi olan ABŞ-ı aldatmaq istədik. Yüz min təmiz imza toplaya bilmədik. Başımızı işlətmək əvəzinə, asan yol axtardıq. Asan yol isə saxtakarlıqdan keçirdi. Sonra həmin bu qrup ABŞ-ı riyakarlıqda ittiham etməyə başladı. Aldıqları pulu ABŞ-ı riyakarlıqda ittiham etməklə yudular.

Bu cür adamların hesabına real iş görənlər kölgədə qalıb, görünmürlər. Zatən onlar heç özləri görünmək istəmirlər. Ehtiyacları yoxdu. İşlərini görürlər. Onların hesabına son ildə 7 dövlət və ABŞ-ın 16 ştatı Xocalıda ba verən hadisəni soyqırım kimi tanıyıb. Bu insanlar Azərbaycana təmənnasız xidmət edirlər, Azərbaycanın ən pis durumunda sinələrini önə verirlər. Həmin anda Xocalı "turistləri” görsənmir. Fikirləşirlər ki, birdən vəziyyət dəyişər, niyə özümüzü pis kişi edək.

Mehman Muradlı

P.S. Ancaq özünə məlum olan səbəblərdən dünya səyahətinə çıxan və özünü Voland kimi qələmə verən şeytan, vaxtaşırı müxtəlif şəhərlərdə məskən salır.



Digər xəbərlər
SON XƏBƏRLƏR