Qaradağda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir - Çıxış + FOTOLAR

img

24-02-2017 [18:27]


Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mia.az -a verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış oldular. 

Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirildi.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirdi. Qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi.

Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat aparılır, erməni vandalizminin bütün gerçəklikləri dünyaya nümayiş olunur.

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsi aşkar bir gerçəklik olduğunu bildirdi. Bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd etdi.

Qaradağ rayon prokuroru Natiq Abdullayev Xocalı faciəsinin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirildiyini, bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olmuş, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğuladı.

Rayonda məskunlaşmış Xocalı sakinləri adından çıxış edən şəhid ailəsi Fəridə Cabbarova erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirdi. Bildirdi ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlər həllini gözləyir.

Sonda Qaradağ rayonunda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilmişdir. Görüşdə Xocalıların arzu və təklifləri dinlənilmiş, onları narahat edən problemlərin həlli istiqamətində aidiyyəti qurumlara göstərişlər verilmişdir. Xocalılar görüşdən razı qaldıqlarını və rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər. Görüşün sonunda Qaradağ rayonu ərazisində məskunlaşmış 64 Xocalı ailəsinə rayon İcra hakimiyyəti tərəfindən ərzaq və maddi yardım verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR