Tacikistanda Xocalı ilə bağlı mətbuat konfransı - Səfir tacik jurnalistləri məlumatlandırıb (FOTOLAR)

img

24-02-2017 [17:40]


Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Sözügedən ölkədəki səfirliyimizdən Mia.az-a verilən məlumata görə, mətbuat konfransında Tacikistanın - "Sadoi Duşanbe” radiosu, "Mir” və "Cahonnome” telekompaniyası, "Xalq ovazi”, "Faraj” qəzetləri, "Firuza” jurnalı - kimi aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları ilə yanaşı yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi daxil olan Xocalı soyqırımı barədə geniş məlumat verərək, Xocalı soyqırımının dünyada baş verən digər soyqırımlarla bir sırada dayandığını, Xocalı şəhərinin ermənilər tərəfindən əsas hədəf seçilməsinin də daşnakların düşünülmüş siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Xocalının tarixi bir bölgədə yerləşərək Qarabağın tarixi xüsusiyyətlərini özündə əks etdirdiyi, bölgənin yeganə aeroportunun da bu şəhərdə olduğu barədə məlumat verilərək 1988-ci ildən başlamış Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciləi, tarixdə analoqu çox az olan hadisələrdən birinin məhz Qarabağın ən qədim məskənlərindən olan Xocalıda baş verdiyi vurğulanıb. Səfir Xocalı faciəsinin XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durduğunu bildirib.

Səfir A.Həsənov 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 mindən çox əhalinin yaşadığını, məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli Azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin də məskunlaşdığı barədə məlumat verərək, qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücüm etmiş, əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınmış, sonra isə erməni hərbçiləri Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etmək məcburiyyətində qalmışlar, fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib.

Mətbuat konfransında diqqətə çatdırılıb ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasılğmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyinin hələ də məlum olmadığı qeyd edilən bu qətli-amın əsl soyqırım olduğu, öldürülmüş 613 nəfərdən 106 nəfərin qadın, 63 nəfərin uşaq, 70 nəfərin isə qoca insanlar olduğu qeyd edilmiş, 8 ailənin bütövlükdə məhv edildiyi, 24 uşağın hər iki valideyindən, 130 uşağın isə valideynlərindən birindən məhrum olduğu diqqətə çatdırılmış, 56 nəfərin xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetiridiyi, onların diri-diri yandırıldığı, başlarının kəsildiyi, üzlərinin dərisinin soyulduğu, körpə uşaqların gözlərinin çıxarıldığı, süngi ilə hamilə qadınların qarınları yarıldığı barədə məlumat verilmişdir.

Səfir A.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi fərman vermiş, Azərbaycan Respublikasının Milli Məclisininin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü” kim elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.

Dünyanın bir çox ölkələri tərəfindən Xocalı faciəsinin soyqırım kimi tanındığını, Xocalı haqqında həqiqətlərin Tacikistan ictimaiyyətinə çatdırılması və xalqımıza qarşı törədilmiş bu vəhşiliyin soyqırım aktı kimi tanınması üçün kütləvi informasiya vasitələrinin rolunu qeyd edən səfir A.Həsənov həqiqətlərin olduğu kimi verilməsini jurnalistlərin insani borcu ilə yanaşı peşə borcu olduğunu da bildirib.

Mətbuast konfransında jurnalistlər tərəfindən verilən suallar cavablandırılıb, Xocalı faciəsinə həsr edilmiş kitab, jurnal və CD-lər onlara təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR