Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul edib

img

24-02-2017 [15:36]


Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul edilib. 

İclasda qərar layihəsi müzakirəyə çıxarılıb. Qərar layihəsini Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Qərar layihəsi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilib.

Qərarla Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılıb ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatıların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları sıyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqədar üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.

"Hüquq mühafizə orqanlarına tövsiyə olsun ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər.
Müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.

Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar", - deyə, qərar layihəsində qeyd olunub. Müzakirələrdən sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, Ermənilərin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgənclərə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın bu günədək məlum deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR