Avar ictimaiyyəti Mehriban Əliyevaya müraciət edib

img

24-02-2017 [15:25]


Azərbaycan-Avar İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib.

Mia.az-a göndərilən müraciətdə deyilir:

Hörmətli Mehriban xanım!

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin və prinsipial fəaliyyəti, dövlət xadimi kimi əzmkar mübarizəsi nəticəsində respublikamız dünya dövlətləri sırasında layiqli yerini tutub və bu sahədə uğurlarımız daha da artmaqdadır. Sevindirici haldır ki, respublikamız artıq regionun lider dövləti, beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Məhz cənab İlham Əliyevin ədalətli idarəçiliyi sayəsində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycanda milliyyətindən, dilindən və dinindən asılı olmayaraq insanların sülh və əminamanlıq şəraitində, dinc yaşaması dövlət siyasəti səviyyəsində həyata keçirilir.

Hörmətli Mehriban xanım!

Azərbaycanın bu uğurları qazanmasında Sizin də əzmkar mübarizənizin, prinsipiallığınızın və humanistliyinizin böyük rolu olmuşdur. Məhz Sizin təşəbbüsünüzlə minlərlə, onminlərlə ailə öz sevinc haqqına qovuşmuşdur. Sizin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, hakim partiyanın rəhbər şəxsi, Milli Məclisin deputatı kimi bu günə qədər yerinə yetirdiyiniz ictimai, siyasi və mədəni fəaliyyətiniz olduqca təqdirəlayiqdir və bu fəaliyyət avar ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.

Cənab Prezidentlə yanaşı, həm də Sizin yorulmaz səylərinizin nəticəsidir ki, bu gün Azərbaycanda millətlər və dinlərarası dialoq, multikulturalizm prinsipləri daima diqqət mərkəzində saxlanılır və bu sahədə də ölkəmiz böyük uğurlara imza atıb. Ölkəmizdəki ayrı-ayrı milli, dini və etnik azlıqlara olan münasibətiniz, diqqət və qayğınız, Milli Məclisdə dəfələrlə Amnistiya aktlarının qəbul olunması sahəsindəki təşəbbüsünüz minlərlə məhkumun azadlığa çıxmasına səbəb olmuş və bu da Sizin humanist insan olduğunuzu bir daha sübut edir.

Eyni zamanda, Sizin rəhbərliyinizlə Azərbaycanda "Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi, Birinci Avropa Oyunları və digər çoxsaylı beynəlxalq tədbirlər yüksək səviyyədə həyata keçirilib. Belə tədbirlərdən biri də bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları olacaqdır ki, məhz bu kimi nəhəng tədbirlər cənab Prezidentin və Sizin sayənizdə ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırır. Heydər Əliyev Fondunun prezidenti kimi Sizin həm də, Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə təbliği işində misilsiz xidmətləriniz vardır.

Möhtərəm dövlət başçımızın imzaladığı sərəncamla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmanız Sizin burada ətraflı sadalamadığımız digər bütün fəaliyyətinizin daha genişlənməsinə, millətimiz və dövlətimizin inkişafı naminə, respublikamızın istər daxili, istər xarici siyasətində, istərsə də mədəni-ictimai həyatında daha böyük əzmkarlıqla fəaliyyət göstərməsinə şərait yaradır. Sizin bu mötəbər vəzifəyə təyin olunmanız avar xalqı üçün də fəxrdir. Azərbaycanın digər milli etnik nümayəndələri kimi avar ictimaiyyəti də bu təyinatdan çox sevinclidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmanız münasibəti ilə Azərbaycan-Avar İctimai Birliyi adından Sizə səmimi təbriklərimizi çatdırır, Uca Yaradanın mərhəmət və qüdrət nəzərinin hər zaman üzərinizdə olmasını diləyir, doğma Vətənimizin çiçəklənməsi və daha böyük uğurlar qazanması yolunda Sizə böyük nailiyyətlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,
Məhəmməd Nooyev
Azərbaycan-Avar İctimai Birliyinin sədri,
YAP Səbail rayon təşkilatı Siyasi Şurasının üzvü


Digər xəbərlər
SON XƏBƏRLƏR