"Mehriban Əliyeva Azərbaycan naminə böyük işlər görəcək" - Professor Qüdrət İsaqov

img

24-02-2017 [10:07]


Professor Qüdrət İsaqov ötən il ölkədə keçirilən Referendum zamanı aktiv fəaliyyət göstərən "Müstəqil Ekspert Qrupu"nun təsisçisi, "Referendum: İlham Əliyevin Yeni Dövlət Modeli", "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın tarixi missiyaları" və "Mənim Prezidentim İlhamdı" adlı kitabların müəllifidir. Professor Qüdrət İsaqovla müsahibəni təqdim edirik:

- Qüdrət müəllim, Prezident İlham Əliyevin fevralın 22-də Mehriban xanım Əliyevanı 1-ci vitse-prezident vəzifəsinə təyin etdi. Prezidentin bu təyinatının doğal səbəbləri barədə nə deyə bilərsiz?

- SSRİ-nin son zamanlarında düşünürdük ki, kapitalizm çox yaxşı quruluşdur. Bu haqda bütün sosializm düşərgəsi, SSRİ-də yaşayan bütün xalqlar və millətlər və insanların böyük əksəriyyəti düşünürdü. SSRİ yıxıldı, sosializm quruluşu yıxıldı. Sosializm düşərgəsinə mənsub olan ölkələrin hamısında insan rifahı ən aşağı həddə düşdü. İnsanlar iş yerlərini itirdilər. Əmək haqqları dəfələrlə azaldı. Eyni hadisə Azərbaycanda da oldu. Sonra Azərbaycan Əsrin Kontraktı layihəsinin işə düşməsi hesabına digər postsovet ölkələrini qabaqladı. Ölkəmizdə insan rifahı indeksi yüksəldi. 2010-cu illərdə dünyanın ən böyük ölkəsi olan ABŞ neftin qiymətinin bütün dünyada kəskin azalması istiqamətində böyük səylər göstərərək, neft ölkələrini, o cümlədən də Azərbaycanı iqtisadi cəhətdən zəif bir duruma saldı. Bütün bunları ona görə deyirəm ki, dünya ölkələrində iqtisadi vəziyyət hansısa quruluşun mövcudluğundan asılı deyil. Yəni yaxşı yaşamaq üçün dövlət quruluşunun əhəmiyyəti azdır. Ona görə də bu gün bir çox ölkələr, o cümlədən Türkiyə və Azərbaycan yeni yollar axtarırlar. Türkiyə 1923-cü ildən bu günə qədərki parlament respublikası adlanan dövlət quruluşunu dəyişərək, prezident respublikası adlanan dövlət modelinə keçir. Azərbaycan da yeni modellər axtarır. Ölkəmizdə keçirilən referendum İlham Əliyevin Yeni Dövlət Modeli referendumudur. Bu termini ilk dəfə mən işlətmişəm. Doğal səbəb budur. İlham Əliyev Yeni dövlət modeli yaradır.

- Yeni dövlət modelinin üstünlükləri nədən ibarətdir?

- Əvvəlcə qeyd etməliyəm ki, Mehriban Əliyeva İslam ölkələri arasında 1-ci xanım titulunun ilk daşıyıcısı olub. Mehriban Əliyeva Prezidentin bütün xarici səfərlərində onu müşayiət edib. Mehriban Əliyeva həm xarici ölkələrdə, həm də Azərbaycanda bütün 1-ci ledilərlə görüşüb, onların ölkələri ilə Azərbaycan arasında dövlət səviyyəli bütün görüşlərin aktiv iştirakçısı olub. İlham Əliyev Prezident olduğu gündən bu günə kimi Mehriban Əliyeva Prezidentimizi müşayiət etməklə kifayətlənməyib. Mehriban Əliyeva bu zamanlarda prezident İlham Əliyevin "müşaviri" olub. Mən Prezident İlham Əliyevlə 3 dəfə görüşmüşəm. Prezidentimizlə danışmışam. Bu halların hamısında fikir vermişəm ki, Mehruban Əliyeva məni diqqətlə dinləyib. Televiziyalarda həmişə görmüşəm ki, Mehriban Əliyeva İlham Əliyevlə danışan insanların hamısını diqqətlə dinləyir. Kimin-kim olduğunu öyrənir. Bir sözlə demək istəyirəm ki, Mehriban Əliyeva bu günə kimi rəsmi olmasa da məhz Azərbaycan Respublikasının 1-ci vitse- prezidenti vəzifəsinə yaxın bir dövlət xadimi kimi çalışıb. Ona görə də Prezident İlham Əliyevin Mehriban Əliyevanı Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti təyin etməsi tamamilə qanuni və ədalətlidir. Yeni Dövlət Modelinin üstünlüklərini belə başa düşürəm ki, dünyadakı böyük işlər, uğurlu işlər kişilərlə onların həyat yoldaşlarının birgə fəaliyyətləri nəticəsində yaranıb. Bu baxımdan İlham Əliyevin öz hakimiyyətini Mehriban Əliyeva ilə bölüşdürərək birgə fəaliyyət göstərməsini uğurlu addım kimi dəyərləndirirəm. Vitse-prezidentlik institutu çoxlu ölkələrdə var. Biz də həmən modelə yaxın olan modelə keçirik. Düşünürəm ki, bu model çərçivəsində idarəetmənin operativliyi və səmərəliliyi artacaq.

- Qeyd etdiyiniz kimi Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə böyük nüfuzu var. Ancaq bununla belə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bəzi qüvvələr Prezidentin bu təyinatına qarşı kampaniya aparırlar. Bu kampaniyaların arxasında hansı məqsəd dayanır?

- Bu kampaniyaların arxasında bir neçə məqsəd var. 1) Bəzi insanlar və insan qrupları düşünür ki, Azərbaycan qərb modelini olduğu kimi təkrarlamalıdır. Bu təkrarın bir faydasını görmədik. 2) Digər qruplar bu yolla itirdikləri "müxalifətçilik statusunu" bərpa etməyə çalışırlar.

- Deməli, bayaq vurğuladığınız yeni dövlət modeli həm də milli dövlət modelidir?

- Tamamilə düz deyirsiniz. Bu İlham Əliyevin Yeni Milli Dövlət Modelidir. Mənim Yeni Dövlət Modeli terminimə dəyərli əlavənizə görə sizə təşəkkür edirəm!

- Prezident İlham Əliyev dövlət tədbirlərində etdiyi çıxışların bəzilərində dəfələrlə məmur özbaşınalığından söz açıb. Necə düşünürsüz, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva ölkə qanunlarını tapdayan, insanlara sayğısızlıq edən bu tip məmurların aşkarlanaraq cəzalandırılmasında mühüm rol oynaya biləcəkmi?

- Fikrimcə biz Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanı ölkəmizin həll olunmayan bütün problemləri haqqında məlumatlandırmalıyıq. Təşəbbüskar insanlardan biri olaraq, mən Prezidentimizin və 1-ci vitse-prezidentimizin nəzərinə çatdırmaq istəyirəm ki, ölkəmizdə insanların məktublarına, şikayətlərinə biganə münasibət var. Bu məktubları insanlar yazır. Məktubları yazan insanlar hakimiyyətin mənbəyi olan xalqın bir parçasıdır. Məktublara, ərizə və şikayətlərə baxılmaması və ya baxılarkən qanunsuz qərarların çıxarılması dövlətimizin imicinə, qanunlara etinasızlıq mühiti yaradır. Son nəticədə bu hərəkətlər həm də dövlətimizin imicinə mənfi təsir göstərir-insanları hakimiyyətdən narazı salır. Fikrimcə birinci vitse-prezidentimiz Mehriban Əliyeva insanların təklif və şikayətlərinə biganə münasibət göstərən, vətəndaşlara dəyər verməyən məmurları ciddi cəzalandırmalıdır.

Bütün dövrlərdə və bütün hakimiyyətlərdə, saraylarda sözün düzünü deyən insanları axtarıb tapıblar. Bütün demokratların, liberalların, ədalətli hökmdarların saraylarında və saray xaricində sözün düzünü deyən adamları olub. Hər şeyin yalnız ağ rəngdə, hər şeyin yalandan daha yaxşı olduğunu deyən insanlar, məmurlar əslində hamının bildiyi şeylər haqqında prezidentə yalan məlumatlar verməklə mövcud problemlərin daha da dərinləşməsinə, ölkəmizdə iqtisadi və siyasi vəziyyətin gərginləşməsinə xidmət edirlər. Bu haqda bütün zamanların dahi hakimiyyət ustası olmuş Heydər Əliyevdən bir misal gətirmək istəyirəm. Heydər Əliyev mənim yaxın bir dostumu prezident Administrasiyasına işə götürmüşdü. Heydər Əliyev 10 gün ərzində dostuma heç nə tapşırmadı. 11-ci gün Heydər Əliyev dostumu yanına çağıraraq demişdi: "Sənə bütün tapşırıqlarımdan daha ciddi və vacib olan birinci tapşırığımı verəcəm. Mənə ölkədə baş verən bütün mühüm hadisələr haqqında dərhal olduğu kimi məlumat ver. Sənin verdiyin xəbər nə qədər ağır olsa da, nə qədər mənim əhvalımı pozsa da, mənə pis təsir etsə də, mənə dəqiq məlumat ver". Məncə şərhə ehtiyac yoxdur. Bütün məmurlar Heydər Əliyevin bu sözündən nəticə çıxarıb Azərbaycan naminə düzgünlüyə əməl etməlidilər. Əməl etməyənləri prezidentimiz və birinci vitse- prezidentimiz ciddi cəzalandırmalıdılar!

- Artıq bəzi mətbuat orqanları Azırbaycan hakimiyyətində radikal dəyişikliklərin olacağını deyirlər. Belə bir ehtimal gözlənilirmi?

- Bəli. Radikal dəyişikliklər gözlənilir. Vitse-prezidentlik institutunun yaradılması, birinci vitse-prezidentin təyin olunması radikal dəyişikliklərin olmasını ciddi şəkildə tələb edir. Ziya Məmmədov kimi yüksək ranqlı məmurun işdən çıxarılması və nazirliyin ləğv edilməsi radikal dəyişikliklərin başlandığını göstərir. Vitse-prezidentlik instiututu Prezidentin başçılığıyla Azərbaycanda ciddi dəyişikliklər etməlidir ki, iqtisadi böhranlardan xilas olaq. Ölkəmizdə qeyri-neft sahəsi, kənd təsərrüfatı sürətlə inkişaf etdirilməlidir. Milli valyutamızın müqəddəsliyi və möhkəmliyi qanunlarla və iqtisadi inkişafımızla təmin edilməlidir. Yeni Milli Dövlət Modelinin özünü təsdiq etməsi ilə vitse-prezidentlik insitutu da özünü təsdiq edəcək.

- Bu gün (dünən-red) Naxçıvan MR-nın konstitutsiyasına bir sıra dəyişikliklər edildi. Məlumatlara görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov 2-ci vitse-prezident təyin ediləcək. Ancaq bu vəzifəyə namizəd kimi daha bir nüfuzlu şəxsin- Fövqaladə Hallar naziri Kamaləddin Heydərovun da adı hallanır. Təxminləriniz necədir, sizcə hansı şəxs xalqa və dövlətə daha çox xeyir verə bilər?

- Mən Vasif Talıbov haqqında mətbuatdan oxumuşam və naxçıvanlı dostlarımdan məlumat almışam. Onun qanunlara əməl edən layiqli bir məmur olduğunu bilirəm. Kamaləddin Heydərovu uzun illərdi ki, şəxsən tanıyıram. Haqq-salamım var. Kamaləddin Heydərov hansı sahədə olsa həmən sahəni yüksəldəcək. Kamaləddin Heydərov Prezidentimizə və dövlətimizə sədaqətli bir insandır. Kamaləddin Heydərov dünya malının dünyada qalacağını hamıdan yaxşı bilən yüksək dərəcəli, mərifət sahibi olan bir nazirdir. Dediyiniz insanların hər ikisi vitse-prezident olmağa layiqli insanlardılar. Düzünü bilən isə hörmətli Prezidentimiz İlham Əliyevdir!

- Məlumatlara görə,vəzifəsindən azad ediləcək ilk məmurlardan biri də Hacıbala Abutalıbov olacaq. Ümumiyyətlə, hansı məmurların vəzifələrini itirəcəyini gözləyirsiz?

- Paytaxtımızın infrastrukturunun hazırkı vəziyyəti qənaətbəxş deyil. Heç kəsə sirr deyil ki, bu gün Bakıda 4 milyondan çox insan yaşayır. Bakının infrastrukturu 4 milyon insanın yaşaması, hərəkət etməsi və s. üçün yetərli deyil. 9 milyon əhalisi olan bir ölkənin paytaxtında 4 milyondan çox insanın yaşaması anormal bir həddi. Bu infrastrukturun tamamilə bərpa olunması üçün bəlkə də 30-40 milyard və bəlkə də daha çox vəsait lazımdı. Təkcə infrastrukturun bərpa olunması üçün lazım olan bu qədər pul Respublikamızda yoxdur. Buna baxmayaraq prezident İlham Əliyev infrastrukturun mümkün bərpası üçün xüsusi sərəncam verib. Hacıbala Abutalıbov həmin sərəncamın yerinə yetirilməsi üçün geniş tərkibli xüsusi müşavirə keçirdi. Mən Hacıbala Abutalıbovu 45 ildi ki, tanıyıram. Fizilka institutunda birgə işləmişik. Qanlı 20 yanvar hadisələri öncəsi Sovet qoşunlarının Bakıya girməməsi üçün 2 dəfə prezident aparatı qarşısında, 2 dəfə Milli Məclis qarşısında, 2 dəfə Səlyan kazarmaları qarşısında Hacıbala Abutalıbovla mən AMEA və universitetlərin birgə mitinqlərini keçirmişik. Onu deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya və dövlətimizə sədaqətli insanların yüksək ranqlı məmurların biri də Bakı şəhər meri Hacıbala Abutalıbovdur. Hacıbala Abutalıbov fizik professordu. Hacıbala Abutalıbov bütün məsələləri böyük operativliklə həll edə bilən bir insandı. Ona görə də Bakı şəhərinin infrastrukturunun 100 illərlə yığılıb qalmış problemlərinin həll edilməməsində təkcə Hacıbala Abutalıbovu günahlandırmaq məncə obyektiv reallıqdan uzaq bir fikirdi. Əsl həqiqətdə isə Hacıbala Abutalıbov bəlkə də Bakı merləri içərisində ən yaxşısıdır.

Hansı məmurların öz işini itirməsinə gəlincə qəti fikir demək çətindir. Obyektiv reallıqlar deyir ki, iqtisadi bölümdəki nazirlər, Mərkəzi Bankın rəhbərliyi və bir çox bank rəhbərləri öz vəzifələri ilə vidalaşmalıdılar. Respublikamızın iqtisadiyyatının belə geriləməsində, manatın qiymətdən düşməsində məhz onlar günahkardılar.

Qeyri-neft sektorunu yaranmağa qoymayan da onlardır.

- Qüdrət müəllim, elm adamlarının 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan nə kimi gözləntiləri var? Ümumiyyətlə elm cəmeəsi Mehriban xanımın 1-ci vitse-prezident olmasını necə qarşıladı?

- Düzünü deyim ki, bu hadisə dünən olduğuna görə elm adamları ilə ciddi müzakirələrim olmayıb. Daha doğrusu çoxsaylı elm adamları ilə görüşə bilməmişəm. Elm adamları bu gün əməkhaqqlarının yüksəlməsini, onların işlədikləri institutların daha yaxşı işləməsini istəyirlər. Mən özüm bu haqda 2-3 il bundan öncə bu adda məqalə yazmışdım. Adı belə idi: "Mehriban Əliyeva akademik olsun". Məqaləmdə deyirdim ki, Azərbaycan elmini yalnız bu yolla qaldırmaq olar. Fikrimcə həmən məqaləm bu gün də aktualdır. Yəni AMEA Mehriban Əliyevanı akademik seçməklə əksər problemləri həll edə bilər!

Fikrim həm də obyektiv reallığa əsaslanır. Mehriban Əliyevanın mədəniyyətlərin və sivilizasiyaların dialoqu kimi beynəlxalq forumlar keçirməsi, dünya mədəniyyətinə verdiyi töhvələr, multikulturalizm sahəsində gördüyü dünya miqyaslı işlər onun bir başa akademik seçilməsi üçün əsas verir.

Yəni Mehriban Əliyevanın dünya miqyaslı işləri AMEA akademiklərinin cəmindən yüksəkdir!

- Elmlə məşğul olan insanlardan danışdınız. Siz 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın atası akademik Arif Paşayevlə illər öncə bir yerdə çalışmısınız. Münasibətlər davam edirmi?

- Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyevanın atası akademik Arif Paşayevi də 45 ildir ki, yaxından tanıyıram. Əvvəlcə Fizika İnstitutunda birgə işləmişik. O zaman hər gün görüşərdik. İnstitutumuzun direktoru Akademik Həsən Abdullayev doktorluq dissertasiyamın mövzusunu 80-ci illərin axırlarında təsdiq edib. O zaman Arif müəllim dissertasiya işim haqqında elmi şurada musbət rəylə çıxış etdi. Sonralar Arif müəllim Milli Aviasiya Akademiyasını yaratdı. O zamandan onu elmi iclaslarda və konfranslarda görürəm. Arif müəllim çox səmimi insandı. Bir neçə dəfə onun rektoru olduğu Milli Aviasiya Akademiyasında da görüşmüşəm. Elmi müzakirələrimiz olub. Arif müəllim elmi müzakirələri çox sevir. Onun qapısı elmi müzakirələr üçün həmişə açıqdır. 1-ci vitse-prezidentimizin atası böyük alimdir. Azərbaycana kontaktsız diaqnostika və kontaktsız ölçmə metodlarını akademik Arif Paşayev gətirib. İndi Arif müəllim Milli Aviasiya Akademiyasına dünya şöhrətli alimləri dəvət edir. Elmi ictimaiyyətimiz də həmən böyük alimlərlə görüşürlər. Bir sözlə Arif müəllim xeyirxah bir insandır. O tanıdığı insanların hamısına kömək edib.
- Son olaraq nə demək istəyərdiniz?
- Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyevaya və onu bu vəzifəyə təyin edən Prezidentimiz İlham Əliyevə Azərbaycan naminə uğurlar arzu edirəm.
Qlobal.az



Digər xəbərlər
SON XƏBƏRLƏR