Vidadi Zeynalov əmlakını satışa çıxarır, vəkili isə yenə Maliyyə Nazirliyini "vurdu"

img

22-02-2017 [12:44]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Babayev ifadə verib. 

O qeyd edib ki, "Kompas" şirkətində pulların köçürülməsi ilə məşğul olub: "Bizim nazirliklə müxtəlif layihələrimiz olurdu. Pul köçürmə ilə bağlı bizə faiz qalmayıb".
 
Digər şahidlərin prosesə gəlməməsi vəkillərin etirazına səbəb olub. Hakim isə qeyd edib ki, digər şahidlərin məhkəməyə gətirilməsi üçün məcburi gətirilmə qərarı çıxarılıb.

Prosesdə V. Zeynalovun vəkili Ceyhun Yusifov Maliyyə Nazirliyinin ekspertlərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsi barədə vəsatət qaldırıb.

V. Zeynalovun digər vəkili Elxan Süleymanov deyib ki, Ticarət və Sənaye Palatasının, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin ekspert rəylərinə istinad edəndə təqsirləndirilən şəxslərin qiymətləri şişirdilməsi barədə qeydlərə rast gəlinir. 

Vəkil bildirib ki, həmin rəylər həqiqətə uyğun deyil: "Necə olur ki, əvvəllər də eyni şəkildə yoxlamalar aparılıb, amma bu pozuntular aşkar edilməyib? Yalnız indi, bu şəxslər həbs olunandan sonra bunlar ortaya çıxıb. Burada açıq-aydın Maliyyə Nazirliyinin qərəzi ortaya çıxır. Maliyyə Nazirliyi qeyri-büdcə təşkilatlarını yoxlamaq səlahiyyətinə malik deyil. Maliyyə Nazirliyinin alınan mallara qiymət qoymaq səlahiyyəti yoxdur, bu, birbaşa Vergilər Nazirliyinin işidir. Ona görə mühəndis-texniki ekspertizanın keçirilməsini barədə vəsatətə qaldırıram".

V. Zeynalov da qiymətlərin şişirdilməsi barədə rəylərə etirazını bildirib: "Maliyyə Nazirliyi özündən qiymətlər yazıb. Bu baxımdan biz Maliyyə Nazirliyinin rəylərini qəbul etmirik".

Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov hüquqlarını müdafiə etdiyi şəxsin əmlakları üzərindən həbsin götürülməsi haqqında vəsatət verib. Onun sözlərinə görə, dövlətə vurulmuş ziyanın ödənilməsi üçün V. Zeynalovun iki əmlakının üzərindən həbs götürülməli və bu əmlaklar satışa çıxarılaraq ziyan ödənilməlidir. O, əmlakların dəyəri və ünvanı barədə yazılı vəsatəti məhkəməyə təqdim edib.

Məhkəmə Kollegiyası vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlayıb. Hakim qeyd edib ki, vəsatətlərə sənədlərin tədqiqi mərhələsindən sonra münasibət bildiriləcək.

Sonra sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

Prosesdə fasilə elan olunub.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR