Şriftin ölçüsü / 239 dəfə oxunub

Ermənilər Ollandı, bizimkilər də müğənni dınqıldadır

18 Fevral 2017 [17:08]

Əziz Dünya Azərbaycan diasporaları. Gözünüz heç aydın olmasın! Ermənilər Fransa prezidentini öz xeyirlərinə yenə dınqıldatdılar. O Fransa ki, Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk Qrupuna həmsədrlik edir. Siz də yalnız bayram tədbirləri keçirin, müğənnilərimizi dəvət edin, çalın-oynayın...

Cənablar, ərzinizə bir xəbər çatdırım ki, Fransua Olland Fransadakı erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın toplantısında çıxış edib. Və bildirib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci ildönümüdür. Bu münasibətlə Fransa prezidenti, hətta marionet erməni həmkarını öz ölkəsinə səfərə də dəvət edib. Görüş Martın 8-də, yəni beynəlxalq arvadlar gününə təsadüf edəcək.

Səfər çərçivəsində tərəflərin ikitərəfli əlaqələri müzakirə ediləcəyi bildirilib. Fransa prezidenti deyib ki, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq və dövləti bu məsələdə ABŞ və Rusiya kimi Minsk Qrupunun həmsədrlərindən biri olaraq, xüsusi məsuliyyət daşıyır. İndi ayılan Fransa prezidenti bu problemin həlli üçün hətta tələsmək lazım olduğunu da bildirib. Aprel hadisələrini xatırladan Olland ürəyiyananlıq edərək Qarabağda hər gün insanların öldüyünü qeyd edib. Lap narahat olub. Buna görə də qarşıdurmanı önləmək üçün hərəkətə keçməyin vacibliyini vurğulayıb; münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılmasını zəruri sayıb. Gözünüz bir daha aydın olmasın ki, Olland çıxışı zamanı bir sıra təxribatyönlü ifadələrdən də çəkinməyib. Onun sözlərinə görə, Qarabağ probleminin həlli zamanı tətbiq olunacaq prinsiplər "Dağlıq Qarabağ xalqı”nın "öz müqəddəratını təyin etmə hüququ”na əsaslanmalıdır.

Əslində, bu sözləri Parisdə, ermənilərin tədbirində səsləndirməklə Olland ATƏT-in Minsk Qrupuna həmsədrlik edən Fransanın bir daha mövqeyini ortaya qoymuş olub. Burasını da deyim ki, saxta soyqırımın iddiasının 100-cü ildönümündə Ermənistana getmiş cəmi üç prezidentdən biri Fransua Olland idi.

Olland nə deyib, niyə deyib, ermənilər niyə onu danışdırıb, bu ayrı bir mövzudur. Məni maraqlandıran budur ki, doğrudanmı, biz dövlət olaraq – ermənipərəst mövqeyi ilə həmişə yadda qalan – Fransadan haqq-ədalətin tərəfini saxlayacağını umuruq. Əcəba, bizi bu açıq-aşkar tərəfkeşlərdən ədalət gözləməyə nə vadar edir?!

İkinci bir maraqlı məsələ budur ki, biz dəfələrlə KİV-lərimizdə ermənilərin acından ölmələrini təqdim edirik. Necə olur ki, bu acından ölən erməni diasporaları Ollandları öz xeyirlərinə danışdıra bilir, lakin neft ölkəsi olan zəngin

Azərbaycan diasporaları bunu bacarmır? Bəlkə, bizim diaspora təşkilatları heç öz missiyalarını bilmir?

Bilirlər, yaxşı bilirlər. Bilməyənin xaricdə nə iti azıb?! Sadəcə, başları bayram tədbirlərinə qarışıb. Eybi yox, əziz diaspora təşkilatlarımız, biz dözərik. Lakin siz dözməyəcəksiniz. Onu da bilin ki, bu xalqın bir gün bayramızı qara edəcəyi gün də var!

Vüsal Hətəmov

Yeni Nəbz




SON XƏBƏRLƏR