“Təəssüf edirəm ki, Sekuta belə bir hörmətsizliyə yol verdi” - Partiya sədri

img

16-02-2017 [15:18]


Dünən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Nümayəndə heyətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov müşayiət edib. 

Komitə sədri Cocuq Mərcanlı kəndinin 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrildiyini və ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib. Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işləri aparıldığını diqqətə çatdırıb.

Bu səfərlə bağlı PİA.AZ Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə olan müsahibəni oxucularına təqdim edir:

-Hafiz bəy, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlı kəndinə səfərindən sonra Rusiyanın münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyini qeyd edib. Səfirin bu fikirləri barədə nə deyə bilərsiniz?

- Rusiya Azərbaycanın qonşu dövlətidir və həmişə çalışır ki, Azərbaycanla olan münasibətləri yüksək səviyyədə inkişaf etdirsin, Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində yardımçı olsun. Bəzən bizim xarici siyasətdə səhvlər olur, ancaq bu səhvlər artıq aradan götürülüb. Dağlıq Qarabağ məsələsinin əsl açarı elə Rusiya dövlətindədir. Biz Dağlıq Qarabağ məsələsində ən çox Rusiya ilə işləməliyik. Ona görə də bu məsələdə Rusiya dövlətinin yardımına ehtiyac duyulur. Biz hələlik Qərbdən nəsə umuruqsa, bu da lazımdır. Bilirsiniz ki, cənab prezident balanslaşdırılmış siyasət yürüdür. Bu çox uğurlu bir siyasətdir və artıq bu məsələdə aparılan siyasət uğurla nəticələnir. Düşünürəm ki, Cocuq Mərcanlının azad edilməsi Azərbaycan prezidentinin şəxsən özünün böyük qələbəsidir. Bu ardıcıllıq davam etməlidir və bunun üçün xalqla hakimiyyətin birliyi lazımdır.

Aramızda elə insanlar var ki, Cocuq Mərcanlının azad edilməsinə sevinmirlər. Əksinə Azərbaycana zərbə dəyməsinə daha çox sevinirlər. Bunlar xalq arasında nüfuzu olmayan insanlar və təşkilatlardır. Hər halda Rusiya səfirinin çıxışını alqışlayıram. Düşünürəm ki, Rusiya səfirinin fikirlərinin Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasında böyük rolu olacaq. Rusiya ilə Azərbaycan arasında münasibətləri daha da genişləndirmək lazımdır. Biz müxalifət də olsaq, prezidentin apardığı bu siyasəti uğurlu siyasət hesab edirik və bunu dəstəkləmək lazımdır. Elə yaxın zamanlarda mənim də Rusiya dövlətinin üzdə olan partiya sədrləri ilə görüşlərim gözlənilir. Biz bu məsələni orda da müzakirə edəcəyik.

- Ümumiyyətlə, 55 nəfərlik nümayəndə heyətinin Cocuq Mərcanlı kəndinə səfərindən hansı müsbət nəticələrə səbəb ola bilər?

- Dünyada olan səfirlər yenidən daha şahid oldular ki, erməni vandalizmi nəticəsində bir kənd hansı günə düşüb. Bilirsiniz, bunu dünyaya göstərmək böyük və ədalətli bir işdir. Qoy görsünlər ki, ermənilər Azərbaycanın torpaqğında bir kəndi hansı səviyyəyə salıblar. Orda bütün kommunikasiya xəttləri, yaşayış binaları, qəbirstanlıqlar dağıdılıb. Ermənilərin bu vəhşiliyinin dünyaya yayılması çox önəmli bir işdir. Bizim televiziyalarımız da çalışsınlar ki, Cocuq Mərcanlıda gedən işlərə, prezidentin ora göstərdiyi diqqət və qayğını yaysınlar. O cümlədən, siyasətçilərimiz də bu işdə dövlət başçısına yardımçı olmalıdır.

Biz dövlətin yanında olan müxalif bir partiya kimi, müstəqilliyin qorunub saxlanmasını və Dağlıq Qarabağın işğaldan azad edilməsini istəyirik. Hesab edirəm ki, dövlətlərin səfirlərinin Cocuq Mərcanlı kəndinə olan səfərdə iştirak etməsi Azərbaycanın xarici siyasətində nisbi də olsa uğurlu bir addımdır.

- ABŞ Səfiri Robert Sekutanın nümayəndə heyətinin səfərə qatılmaqdan imtina etməsini necə dəyərləndirirsiniz?

- ABŞ səfirliyi Sekutanın səfərə qatılmaması ilə bağlı açıqlama verib və təmsilçi göndərdiklərini qeyd edib. Ancaq mən istərdim ki, Sekutanın özü səfərdə iştirak edərdi. ABŞ-ın Azərbaycandakı səfiri özünü müvəqqəti hiss edir, özünə münasib olan insanlarla vaxt tapıb görüşə bilir, amma bu cür məsələlərdə bir növ ikili standarta üstünlük verir. Fikrimcə, yaxın zamanlarda yeni adminstrasiya onu geri çağıracaq. Çünki onun Azərbaycanda uğurlu fəaliyyəti yoxdur. Sekutanın Cocuq Mərcalı kəndinə olan səfərə qatılmamasına pis baxıram, amma bunu faciəyə çevirməyə ehtiyac yoxdur. Neyləmək olar ki, Amerikanın səfirlərinin hamısı bu cür sarsaq mövqe tuturlar. Sekutanın səfərdə iştirakı və orada Amerikanın Dağlıq Qarabağla bağlı mövqeyini açıqlaması daha yaxşı olardı. Xalqın ABŞ-a olan inamı daha da artardı. Görürsünüz, Rusiya səfirinin açıqlaması xalqı ruhlandırır, xalq arasında geniş təbliğ olunur. Amerika səfirinin bu cür ögey münasibət bəsləməsi, erməni diasporasından qorxması yanlış düşüncənin məhsuludur. İstərdik ki, Amerika işğalçılara qarşı mübarizə aparsın. Təəssüf edirəm ki, Sekuta belə bir hörmətsizliyə yol verdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR