Dərbənddə 200 nəfərə yaxın Azərbaycan vətəndaşı niyə saxlanılıb? - Səbəb + Açıqlama

img

13-02-2017 [13:35]


"Hazırda Dərbənd Şəhər Polis İdarəsində 200 nəfərə yaxın Azərbaycan vətəndaşı saxlanılır”.

 Bu barədə Lent.az-a "Dərbənd” qəzetin müxbiri Telman Tahirli məlumat verib.

Məlumata görə, onların hamısı Dərbənd şəhərində tikintidə çalışırmış və heç birin işləmək üçün icazə verən sənədi yox imiş.

"Dərbənddə sosial proqram həyata keçirilir. Şəhərin mərkəzində köhnə evlər uçurulur, yerli sakinlər üçün dəniz qırağında evlər tikilir. Amma sakinlər ömürləri boyu mərkəzdə yaşadıqlarından ucqar yerə köçmək istəmirlər. Buna görə də bərk narazılıq yaranmışdı. Elə bu narazılıqla bağlı şəhərə xüsusi komissiya gəlmişdi. Komissiya yeni tikilən evlərlə tanış olanda tikintidə 200-ə yaxın Azərbaycan vətəndaşının qeyri-qanuni yolla işləməsi məlum olmuşdu. Onların heç birinin işləmə izni verən sənədi olmadığından polis idarəsinə gətiriliblər. İdarənin idman zallına yerləşdiriliblər. Yerli camaat onları çörək və zəruri qidayla təmin edir. Şəhər meriyası da kömək göstərir. Böyük ehtimalla onların hamısı deportasiya ediləcək” - deyə, Tahirli bildirib.

Lent.az-ın əməkdaşı Dərbənd Şəhər Polis İdarəsiylə də əlaqə saxlayıb. İdarənin növbətçi hissəsindən Lent.az-a verilən məlumata görə, saxlanılanlar barədə inzibati protokol tərtib edilib.

"200-ə yaxın Azərbaycan vətəndaşı İdarəyə gətirilmişdi. Onlar haqda Rusiya Federasiyası Miqrasiya qanunvericiliyinin pozulması barədə protokollar tərtib edildi. Saxlanılanlar işləmə izni olmadan tikintidə çalışırdılar. Düzdür, onlar hazırda sərbəst buraxılıb. Amma işləri məhkəməyə göndəriləcək. Onların deportasiya edilib edilməyəcəyi barədə qərarı isə məhkəmə verəcək”.

Xatırladaq ki, Dərbənddə azərbaycanlı miqrantların saxlanılması barədə xəbəri ilk olaraq bastainfo.com yayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR