Aparat rəhbərinə qarşı etirazlar başlayıb - Ali Attestasiya Komissiyasında narazılıq

img

02-02-2017 [15:46]


Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) Baş elmi katibi və Aparat rəhbəri Arif Zülfiqar oğlu Quliyevdən narazılıqlar var.

Belə narazılıqlar elm sahəsinə aid olan müxtəlif dairələrdə ifadə olunur. Narazılıqlar Bakı ilə yanaşı Azərbaycanın ikinci böyük şəhərində - Gəncədə yaşayan və çalışan bir neçə elm adamının da müraciətində əksini tapır. Bu səbəbdən də, onlar ölkədə fəaliyyət göstərən müxtəlif KİV-lərə və yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qaldıqlarını bildirirlər.

Bir neçə nəfərin imzası ilə müxtəlif instansiyalara göndərilən məktub müəllifləri Aparat rəhbərinin yaşını da göstərir, onun bu yaşda belə bir vəzifəni tutmasına və müasir dövrün tələbləri ilə ayaqlaşa bilməməsinə irad bildirir, bunu Azərbaycan elminin uğuru saymırlar.

Müraciətin geniş olmasını və yazılanların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün müəyyən araşdırmalar apardığımız zaman bəlli oldu ki, Ali Attestasiya Komissiyasının Aparat rəhbəri Arif Quliyev həqiqətən 85 yaşına qədəm qoyub. Allah ömür versin!

Ancaq bizi təəssüfləndirən odur ki, Arif Quliyevin oğlu, hətta nəvəsi yaşda və müasir biliklərə sahib olan, bir neçə xaric dili mükəmməl bilən, dünyanın tanınmış ali məktəblərini müvəffəqiyyətə bitimiş savadlı insanlar işsiz qalsalar da, o, vəzifədən ikiəlli yapışıb.

Görəsən, A.Quliyev doğurdanmı əvəzolunmaz kadrdır?

Şikayətçilər yazır ki, A.Quliyev Azərbaycan SSR Akademiyasının Fizika İnstitutunda Xüsusi Konstruktor Zavodunda uzun illər direktor vəzifəsində çalışıb. O vaxtlar Akademiyanın prezidenti akademik Həsən Abdullayevin ən yaxın tərəfdaşlarından biri olub. Amma sonradan, hansısa nöqsanlar səbəbindən

Həsən Abdullayev onu həbs etdirmək istəyib. İddia edilir ki, o, 70-ci illərdə ölkədən Moskvaya qaçmaqla özünü həbs təhlükəsindən qutara bilib.

Amma mərhum akademik Arif Mehdiyev 2002-ci ildə AAK-ın sədri təyin oluna kimi, tələbəlik illərindən tanıdığı Arif Quliyevi respublikaya qaytarmağa nail olur və onu AAK-da 2-ci vəzifəyə - Aparat rəhbəri və Baş elmi katib təyin edir. Lakin Arif Quliyevin əməli sonralar Arif Mehdiyevin ondan narazı qalmasına səbəb olur:"Əks təqdirdə o, niyə elmi katib vəzifəsini şifahi olaraq, etibar etdiyi AAK-ın şöbə müdirinə tapşırırdı?”

Biz bu faktları dəqiqləşdirmək üçün AAK-ın əməkdaşları ilə əlaqə saxladıq. Amma onların suallarımıza cavabı və özlərini təqdim etmək istəməmələri həm də A.Quliyevdən qorxduqlarını göstərirdi. Dolaysı ilə faktı təsdiqləsələr də, adlarının hallanmamasını xahiş edirdilər. "Onu əli çox uzundur, kürsüsünü qorumaq üçün istənilən adamı məhv etməyə hazırdır”,-deyirdilər.

30 ildən çox müddətdə respublikadan kənarda yaşadığı iddia edilən A.Quliyevin ona atalıq qayğısı göstərən(tələbəlik illəri hissiyatını rəbər tutaraq), ona öz vətəninə qayıtmasında yardımçı olan şəxsdən inciməsi vaxtilə mərhum akademik Həsən Abdullayevin düzgün hərəkət etməsinə işarə deyilmi? İndi ortaya belə bir sual çıxır:Hər iki akademik Arif Quliyevə etimad göstərsələr də, əgər o, şəxsi maraqlarını üstün tutubsa, belə bir adamı hətta 85 yaşında da vəzifədə saxlamaq Azərbaycan elminə hansı uğurlar bəxş edə bilər?

Həm də onun xatırlatmaq yerinə düşər ki, ölkə başçısının müvafiq sərəncamı ilə 65 yaşdan yuxarı şəxsləri vəzifədə saxlamaq olmaz!

Əlbəttə, bu qanun siyasi vəzifələrə, yəni dövlət başçısının sərəncamı ilə təyin edilənlərə şamil olunmur. Amma A.Quliyevin təyinatı belələrindən deyildir.

"Bizdə olan məlumata görə, respublikamızın digər təşkilatlarında belə hallar demək olar ki, yoxdur. Ümid edirik ki, AAK-ın gələcək sədri Azərbaycan elminin inkişafı, gənc və yüksək intellektə malik gənclərin önə çıxmaları üçün belə hallara qarşı da mübarizə aparacaq”,-deyə müraciət müəllifləri yazırlar.

AzFakt.com



Digər xəbərlər
SON XƏBƏRLƏR