Xidmət reyd keçirdi, mənşəyi məlum olmayan ət ələ keçirildi - FOTO

img

31-01-2017 [17:24]


Bakı şəhərinə Ağcabədi rayonunun Xocavənd kəndindən satış məqsədi ilə gətirilən mənşəyi məlum olmayan heyvan cəmdəkləri saxlanılıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Mia.az-a verilən məlumata görə, yanvarın 30-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında DBNX-nın mütəxəssisləri Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən DYP postunda reyd keçiriblər.

Reyd zamanı Ağcabədi rayonunun Xocavənd kənd sakinin Sultan Niyaz oğlu Niyazova məxsus "Mercedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilərkən onun arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli qoxusu olan, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkar olunub.

Aşkar olunan heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.

Reyd zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul ediləcək.

DBNX bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR