“Bu qərar köçkünlərin xeyrinədir” - Deputat aylıq müavinətdən danışdı

img

24-01-2017 [13:29]


"Məçburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən yardımlar kəsilməyəcək”.

Mia.az xəbər verir ki, bunu bakipost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərmanla onlara ünvanlı yardım birbaşa veriləcək: "Əvvəllər ümumi vəsaitlər köçürülürdü. Ünvanlı yardımın verilməsi ilə mexanizm dəyişdirilir. Yardımı birbaşa almaq üçün ünvanlı elədilər. Fərmana görə, hər adam başına 36 manat veriləcək. Həmin ailə də aldığı vəsaiti qaz, işıq, su və digər məsələlərə xərcləyəcək. Qurumlara köçürülən vəsaitlər aradan götürüldü. Bununla da həmin yardımlar birbaşa şəxslərin özlərinə veriləcək. Onlar da verilən məbləği istədikləri kimi xərcləyə biləcək. Özləri biləcəklər verilən məbləği hara xərcləsinlər”.

Vahid Əhmədov hesab edir ki, prezident İlham Əliyevin bu qərarı daha çox qaçqınların və məcburi köçkünlərin mənafeyini müdafiə edir: "İnanmıram ki, nəsə başqa bir şey olsun. Bu qərar köçkünlərin xeyrinədir”.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Amma pezidentin bu fərmanından sonra məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan yardımların kəsilmə ehtimalının olduğu bildirilir. Bu da məcburi köçkünlər arasında narazılığa səbəb olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR