"Pezident olanda üç aya torpaqları azad edib, paytaxtı Xankəndinə köçürəcəm"

img

24-01-2017 [11:35]


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir həftə öncə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlı jurnalistin sualına verdiyi cavab ətrafında müzakirələr səngimir. Hər keçən gün Rusiyanın XİN rəhbərinin ünvanına səslənən tənqidi fikirlər artır.

Lavrovun "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” kimi fikirlərinə Azərbaycan ictimaiyyətinin bütün təbəqələri sərt təpki göstərir və Rusiyanın bir daha təcavüzkar ölkənin tərəfində olduğunu bildirirlər.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiyanın XİN rəhbərini top atəşinə tutdu: 

"Bizim torpaqları Ermənistan deyil, Rusiya işğal edib. Bu torpaqları ermənilərə hədiyyə veriblər. Əbəs yerə vaxt itirib, Ermənistanla danışıqlar aparırıq. Bu məsələdə Rusiyanın mövqeyi daha önəmlidir. Lavrov mənşəcə ermənidir. Son 20 ildə bizim məmurlarımızın bizi necə aldatdıqlarını Lavrov bu açıqlaması ilə ortaya qoydu. O, ölkəmizin müstəqilliyinə şübhə toxumu səpdi. Necə yəni bu münaqişə daxili işimiz deyil? BMT-nin 4 qətnaməsi var, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Biz özümüzü aldada-aldada gedirik. Ona sual verən jurnalistimizə minnətdaram. O şəxsə qəhrəman adı verməliyik. İstəyirik ki, hər şey içimizdə gizli qalsın. Qarabağı bu gün, sabah, yaxud o biri gün azad etməklə bağlı yalan vədlər veririk. Bəzən də Rusiyanın bu problemi həll etdiyi barədə fikirlər səsləndirilir. Münaqişəni belə həll edib?

Elmar Məmmədyarova demək lazımdır ki, nazir olduğun gündən bu günə qədər yalan danışdığını Lavrov ortaya qoydu. Bunlar istəmirlər ki, kiminləsə pis olsunlar. Nəyə görə o jurnalisti işdən çıxarırlar? O yazıq sual verərək həqiqəti üzə çıxarıb. Elmar Məmmədyarov və Prezident Aparatında xarici məsələlərə baxan şöbə müdiri istefa verməlidir.

Bir millət olaraq toparlanmalı, ortaq mövqe ortaya qoymalıyıq. Bütün dünya görməlidir ki, xalq olaraq Dağlıq Qarabağ məsələsində yumruq tək birləşmişik. Bilməliyik ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Güclü ordumuz var, prezidentin sayəsində bunu əldə etmişik. İstəsək Dağlıq Qarabağda hər şeyi edə bilərik, çünki o torpaqlar bizimdir. Niyə bunu edə bilmirik, bax bunu düşünməliyik. İndiki hakimiyyətin dövründə ərazilərimiz azad olunmasa, mən demişəm, prezident olanda üç aya torpaqları azad edib, paytaxtı Xankəndinə köçürəcəm. Konkret siyasət ortaya qoymalıyıq: ya Rusiyanın, ya da Qərbin yanında olmalıyıq. Amma bu gün bu mövqe yoxdur, qalmışıq ortalıqda. Elmar Məmmədyarovun apardığı siyasətin sonluğu belə olmalı idi”.

musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR