Bakıda silahlı insident - Təfərrüat

img

24-01-2017 [10:11]


Bakı şəhəri Sabunçu rayonunda atışma qeydə alınıb.

SalamNews-a daxil olan məlumata görə, 27 yaşlı Seymur Şahəliyev özünə məxsus pnevmatik tapançadan Eyvazov Eldəniz Hökmalı oğlunun idarə etdiyi "Renault” markalı avtomobilə bir neçə dəfə atəş açıb. Həmin vaxt Eldəniz Eyvazov baş nahiyyəsindən yüngül xəsarət alıb və tibbi yardım üçün 3 nömrəli xəstəxanaya müraciət edib. Orada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Hadisənin səbəbi ilə bağlı SalamNews-un əldə etdiyi məlumata görə, Seymur Şahəliyev Eldəniz Eyvazovun mağazasından bir ay əvvəl borca 500 manat dəyərində soyuducu götürüb, ancaq dediyi vaxtda pulunu ödəməyib. Bu da onlar arasında mübahisəyə çevrilib. 34 yaşlı Eldəniz Eyvazov borcunu istəmək məqsədi ilə Seymur Şahəliyevin evinə gedib. Bundan sonra aralarında atışma ilə nəticələnən insident baş verib.

12-ci polis bölməsinin isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Seymur Şahəliyev saxlanılaraq polis bölməsinə gətirilib və cinayətdə istifadə olunan silah maddi sübut kimi götürülüb. İlkin izahatı zamanı S.Şahəliyev törətdiyi əməli etiraf edib və materiallar toplanaraq Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və Seymur Şahəliyev şübhəli şəxs qismində saxlanılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR