«Hakimiyyət daxilində islahatları tormozlayan qüvvələr var»

img

10-01-2017 [12:58]


Artıq neçə müddətdir ki, ölkədə ciddi islahatların aparılması üçün zərurət yaranıb. Amma hələ də köklü dəyişikliklərin aparılması yönündə ciddi addımlar atılmır.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə də söhbətimiz elə bu mövzuda oldu. Partiya sədri mia.az-a açıqlamasında deyib ki, islahatların aparılması zəruri olsa da, ona mane olanlar da var: «İslahatlar Prezidentin səlahiyyətində olan məsələdir. Prezident çalışır ki, ölkədə vəziyyət köklü şəkildə dəyişsin. Amma təəssüf ki, Prezidentin komandası zəifdir. Sərəncamlar verilib, Yol Xəritəsi təsdiq olunub. Bütün bunları icra edən məmur təbəqəsi lazımdır. Hesab edirəm ki, bu hökumətlə islahat aparmaq mümkün deyil. Ona görə də prezident özünə uyğun, müasir tələblərə cavab verən yeni komanda formalaşdırmalıdır. Prezident gecə-gündüz çalışır, amma komandası yatışır. Amma bunu da çox gözləmək lazım deyil. Ölkə başçısı bu istiqamətdə daha çevik addımlar atmalıdır. Ölkədəki vəziyyət günü-gündən kəskinləşir, hər gün əhalinin durumu ağırlaşır, iqtisadiyyat tənəzzülə uğrayır. Yəni, bu komanda ilə də islahat aparmaq olmaz. Təsəvvür edin, məşqçi var, amma oyunçu yoxdur. Azərbaycanda belə bir qəribə mənzərə yaranıb».

Partiya sədri onu da deyib ki, 2017-ci illə bağlı planların bünövrəsi indidən qoyulmalıdır. Onun sözlərinə görə, istər kənd təsərrüfatı, istər yeyinti sənayesi, istərsə də digər sahələrdə aparılacaq islahatların bünövrəsi sağlam atılmalıdır ki, nəticə müsbət olsun: «Hər gecikən gün ümumi maraqlarımıza zərərdir və bu da ölkədə narazılığı artırır. Camaat bu saat dəyişiklik gözləyir. Biz ictimaiyyət içərisində oluruq, təbliğat-təşviqat aparırıq və insanlara bildiririk ki, ölkə prezidenti iradəsini ortaya qoyub müəyyən addımlar atacaq. Hər halda, bir az da gözləyək, görək nə baş verir. Amma onu da unutmayaq ki, hakimiyyət daxilində islahatları tormozlayan qüvvələr var. Görünür, onlar bu gün dirəniş göstərirlər və istəmirlər ki, vəziyyət yaxşılaşsın. Onların qaranlıq niyyətləri var. Bu qara niyyətli adamlar istəyirlər ki, prezident təklənsin. Amma unutmasınlar ki, biz hər zaman prezidentin yanındayıq. Mən öz komandamla bir yerdə İlham Əliyevin yanındayam və ona qarşı olan hər bir xəyanətkar planı qarşı mübarizə aparacağam. İmkan vermərəm ki, ölkəni uçuruma aparmaq istəyən xəyanətkar məmurlar öz istəklərinə nail olsunlar».

hafiz-yeni1.jpg (960×640)

H.Hacıyev islahatlarla bağlı konkret təkliflər də irəli sürüb. «Birinci, o sualı vermək lazımdır ki, bu gün Azərbaycan xalqını nə narahat edir. Bu cün xalqın ərzaq məhsulların tələbatı çoxdur, əmək haqlarının artmasını istəyir. Hökumət ilk növbədə istehlak səbətinə uyğun maaş alınmasını təmin etməlidir. Bunun üçün böyük islahat lazımdır, yeni iş yerləri açılmalıdır. Biz son vaxtlar yalan danışığa öyrənmişik. Guya yüz minlərlə iş yeri açılıb. Hanı? Niyə camaat zülmlə dolanır? Özümüz özümüzü niyə aldatmalıyıq? Birinci, kənd təsərrüfatından başlamaq lazımdır. Mən hər dəfə bu kimi çıxış edən də deyirlər ki, kiminləsə düşmənəm, qətiyyən. Mən ölkəmi, vətəndaşımı sevən bir insanam. İstəyirəm ki, hər bir evdə qazan qaynasın, insanlar normal yaşasınlar. Amma bu gün ruzi-bərəkət yoxa çıxıb. Kənd təsərrüfatı iflic vəziyyətdədir, qiymətlər günü-gündən bahalaşır. Yeni istehsal sahələri yaranmalıdır. Niyə gedib başqa dövlətlərdən ərzaq məhsulları almalıyıq? İdxalın qarşısını almalıyıq, əksinə özümüz ixrac eləməliyik. İslahat aparılmalıdır ki, manat günü-gündən ölməsin. İqtisadi sektora baxan nazirlər bütün bunları həyata keçirməlidirlər. Əgər edə bilmirlərsə, istefa verib getsinlər. Prezident də onların yerinə daha çevik, daha bacarıqlı şəxsləri gətirsin. Hakimiyyətin daxilində də, müxalifətin içində də kifayət qədər peşəkar adamlar var. Məsələn Vahid Əhmədov, Əli Məsimov, Qubad İbadoğlu var ki, iqtisadiyyat sahəsini onlara tapşırmaq olar, kənd təsərrüfatı və yeyinti sahəsini mənə vermək olar. Yəni, bu sahələrdən başlayıb ciddi islahatlar aparmaq lazımdır ki, qarşıdakı dövrdə daha ağır durumla üzləşməyək. Eyni zamanda, siyasi islahatlar da aparmaq lazımdır. Nə etmək olar ki, hakimiyyət daxilindəki bəzi güclər buna mane olurlar. Hər halda, onlara əhəmiyyət vermədən ölkənin gələcəyi üçün lazım olan addımları atmaq lazımdır», - deyə partiya sədri fikrini tamamlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR