Şriftin ölçüsü / 192 dəfə oxunub

Əcnəbilər cərimələrini elektron qaydada ödəmək üçün pasportlarından istifadə edəcəklər

07 Yanvar 2017 [16:29]
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda miqrasiya qanunvericiliyini pozduqda, tətbiq edilən cəriməni elektron qayada ödəmək üçün pasportlarından istifadə edə biləcək. 

Bu, Dövlət Miqrasiya Xidmətinin Kollegiyası tərəfindən qəbul edilən bu ildən qüvvəyə minən "Cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Reqlamentə əsasən, təqdim edilən xidmət Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun tətbiq edilmiş inzibati cərimələrin internet vasitəsi ilə ödənilməsindən ibarətdir. Elektron xidmət "az.e.migration.gov.az/index/taxes" internet ünvanında təqdim edilir. İstifadəçi internet ünvanına daxil olaraq inzibati cərimənin ödənilməsi bölməsini seçir, sənədin növünü qeyd edir və həmin sənədin nömrəsini, verilmə tarixini, istifadəçinin doğum tarixini daxil edərək nəzərdə tutulmuş inzibati cərimənin ödənilməsi imkanı əldə edir.

İndiyə qədər bu elektron xidmətdən Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi və yol sənədinin nömrələri və verilmə tarixləri barədə məlumatları daxil edərək istifadə etmək mümkün olub. Bu ildən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər pasport və ya digər sərhədkeçmə sənədinin nömrəsi və verilmə tarixi barədə məlumatı daxil edərək inzibati cəriməni ödəmək imkanı əldə edəcəklər.
APA


SON XƏBƏRLƏR