Şriftin ölçüsü / 300 dəfə oxunub

Aprel döyüşləri “Azərbaycan tarixi” dərsliyinə salınacaq

31 Dekabr 2016 [16:40]

"Araşdırmalar göstərdi ki, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 8-ci sinfində "Azərbaycan tarixi” adlı yalnız bir fənn tədris olunur. Fənnin dərsliyi AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə hazırlanıb və müvafiq tələblərə cavab verir. "Azərbaycan tarixi” dərsliyində Qarabağın tarixi və müasir vəziyyəti ilə də bağlı mövzular özünə yer tapıb. Tədris prosesində də müəllimlər dərslikdəki elmi cəhətdən əsaslandırılmış müddəalara istinad edərək şagirdlərə Qarabağın tarixi və Qarabağdakı müasir hərbi-siyasi vəziyyət haqqında geniş məlumat verirlər”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, "Azərbaycan tarixi” fənninin tədrisi prosesində xalqımızın ən qədim dövrlərindən başlanan, orta əsrlərdə və XIX-XX əsrlərdə xüsusi mərhələlər üzrə inkişaf edən, müstəqillik tarixi də daxil olmaqla çoxəsrlik tarixi proseslərindən və görkəmli şəxsiyyətlərindən geniş və əhatəli şəkildə bəhs edilir.

"Ona görə də istər-istəməz "Azərbaycan tarixi” dərsləri proqram əsasında keçirildiyi və bütün inkişaf mərhələlərini əhatə etdiyi üçün, orada tarixi hadisələr və şəxsiyyət haqqında vahid qaydada bilik verilməsi nəzərdə tutulur. Şübhəsiz ki, müəllimlərimiz proqram çərçivəsində Qarabağ mövzusuna xüsusi diqqət göstərir, üstünlük verirlər.

Bununla belə, Təhsil Nazirliyinin Qarabağ mövzusunu fakultativ kurs mövzusu kimi müəyyən etməsi həmin problemin xüsusi əhəmiyyət daşıdığını və bu mövzuda yeni nəslə daha geniş və dərin biliklər vermək məqsədi daşıyır. Bildiyimiz kimi, fakultativ kursun ayrıca dərsliyi olmur, hazırlanmış tədris vəsaiti əsasında tədris edilir. Və "Qarabağ tarixi” köməkçi tədris vəsaitinin Akademiyanın Tarix İnstitutunun professional alimi tərəfindən hazırlanması da fakultativ kurs vasitəsilə şagirdlərə əsaslı biliklərin çatdırılmasına təminat verir. Fakultativ kurs dərsliklərində qazanılan biliklər əsas fənn üzrə dərslərdə əldə olunan bilikləri tamamlayır və möhkəmləndirməyə xidmət edir. Məsələnin taleyüklü olması, aktuallığı, azərbaycançılıq baxımından xüsusi əhəmiyyəti Qarabağ mövzusunu fakultativ kurs mövzusu kimi müəyyən etməyə əsas verir. Əgər Azərbaycan tarixi üzrə fakultativ kurs üçün saat ayrılıbsa, fikrimcə, indiki zamanda Qarabağ mövzusunu seçməmək daha böyük narahatlıq doğurmalı idi”.

İsa Həbibbəylinin fikrincə, həm "Azərbaycan tarixi” dərsliyində, həm də "Qarabağ tarixi” fakultativ kursun – seçmə-köməkçi fənnin tədris vəsaitlərində 2016-cı ilin Aprel döyüşlərinə xüsusi yer ayrılmalı, xalqımızın və ordumuzun bu zəfər döyüşləri məktəb illərindən yeni nəslə çatdırılmalıdır.

"Məndə olan məlumata görə bu mövzu ilə əlaqədar dərsliklərdə və tədris vəsaitlərində yeni dərs ili üçün bu istiqamətdə müvafiq iş aparılır”.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında deputat Siyavuş Novruzov orta məktəblərin rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixinin ayrıca tədrisinin düzgün olmadığını bildirib.





SON XƏBƏRLƏR