Yaqub Mahmudov Siyavuş Novruzova cavab verdi

img

30-12-2016 [23:38]


Bu gün Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov orta məktəblərdə tədris edilən tarix kitabları ilə bağlı tənqidi fikirlər səsləndirib.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deputat həmkarına cavab olaraq açıqlama yayıb. Y.Mahmudovun açıqlaması aşağıdakı kimidir: "Həmkarım Siyavuş Novruzov tamamilə haqlı məsələ qaldırdı ki, 8-ci sinifdə Azərbaycan tarixindən 2 dərsliyin – "Azərbaycan tarixi” və "Qarabağ tarixi” dərsliklərinin olması doğru deyildir.

Bu məni təəccübləndirdi və haqlı olaraq S.Novruzovu müdafiə etdim. Narahat olduğum üçün faktı yoxladım. Yəqin etdim ki, orta məktəblərin 8-ci sinfində ancaq mənim həmmüəllif olduğum "Azərbaycan tarixi” dərsliyi tədris olunur. Başqa dərslik tədris olunmur. 8-ci sinfin "Azərbaycan tarixi” dərsliyində isə verilən saatlara müvafiq olaraq Qarabağ haqqında geniş məlumat verilir. Qarabağ xanlığı, Pənahəli xan Cavanşir, Şuşa-Pənahabad qalası, İbrahimxəlil xanın xarici siyasəti və başqa mövzular tədris olunur. Bu dərslik nazirlik tərəfindən çox ciddi müsabiqələr nəticəsində dərslik kimi təsdiq olunmuşdur. Aydınlaşdırdım ki, bundan əlavə nazirlik xətti ilə Azərbaycanın Qarabağ bölgəsinin tarixi barədə fakültativ kurs təşkil olunmuşdur. Həmin kurs vasitəsilə həftədə 1 saat şagirdlərə Qarabağ barədə əlavə məlumat verilir. Təhsil Nazirliyinin xüsusi əmri ilə göstərilən fakültativ kurs üçün 2 dildə - Azərbaycan və rus dillərində "Qarabağ tarixi” adlı tədris vəsaiti yazılmışdır. Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməmiş və institutun Elmi Şurasında təsdiq olunmamışdır.

Fikrimcə, Azərbaycan tarixi ilə bağlı fakültativ kursların, o cümlədən Qarabağ tarixi və Azərbaycanın digər hər hansı bölgəsi ilə bağlı bütün fakültativ kursların tədris vəsaitləri nəşr olunmamışdan əvvəl Tarix İnstitutuna göndərilməli və institutun Elmi Şurasının rəyi nəzərə alınmalıdır.

Düşünürəm ki, indiki mərhələdə ayrı-ayrı bölgələr üçün ayrıca tədris vəsaitlərinin yaradılmasına heç bir ehtiyac yoxdur.

Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil".

Digər xəbərlər
SON XƏBƏRLƏR