2017-ci ilin büdcə analizi şəffaf aparılıbmı - RƏY

img

30-12-2016 [11:39]


2017-ci il dövlət büdcəsinin tərtib edildiyi mövcud format və büdcə sənədlərinin hazırlanması üçün istifadə olunan metodoloji yanaşma xərcləmələrin səmərəliliyini qiymətləndirməyə imkan vermir. İctimai vəsaitlərin xərclənməsi ilə bağlı "səmərəlilik” anlayışı vəsaitlərdən maksimum nəticənin əldə edilməsini ehtiva edir. Proqnozlaşdırılan xərclərə münasibətdə səmərəliliyi qiymətləndirmək üçün bir neçə mühüm mexanizm olmalıdır. Belə mexanizmlərə daxildir:

  • hökumət və müxtəlif qurumlar üçün ortamüddətli strateji planlar;
  • ortamüddətli xərc çərçivələri;
  • büdcə xərclərinin yönəldiyi hər bir funksional istiqamət üzrə hökumətin dəqiq müəyyən edilmiş və əsaslandırılmış prioritetləri;
  • bütün sektorlar üzrə tam detallaşdırılmış siyasət (tədbirlər) istiqamətləri;
  • hər bir istiqamət üzrə məqsədlər və bu məqsədlərə çatmağı ölçə biləcək indikatorlar;
  • indikatorların baza dövrü və büdcə sənədinin qüvvədə olacağı qarşıdakı illər üzrə hədəflənən kəmiyyət göstəriciləri;
  • büdcənin əhatə etdiyi orta müddətli dövr üzrə gözlənilən əsas islahat və dəyişikliklər.

2017-ci ilin dövlət büdcəsi bu cür mexanizm və alətlər əsasında, uyğun formatda tərtib edilmədiyindən xərcləmələrin səməriliyini qiymətləndirmək mümkün deyil. Məsələn, 2017-2020-ci illər üzrə ortamüddətli büdcə xərcləmələri çərçivəsində Təhsil və Səhiyyə nazirlikləri təhsil və yaxud səhiyyə sistemində büdcə vəsaitlərindən istifadə sayəsində hansı kəmiyyət və keyfiyyət dəyişikliyinə nail olmağı hədəflədiklərini, bu hədəflərə hansı addımlar və islahat tədbirləri vasitəsilə yetişəcəklərini əks etdiriməlidirlər. Məhz bu məlumatlar əsasında hər bir konkret sektor və istiqamət üzrə xərclərin səmərəliyi ilə bağlı dəyərləndirmə aparıla bilər. Bu baxımdan Azərbaycanda büdcə xərcləmələrinin səmərəliliyinin təmin edilməsi ilk növbədə qanunvericilik islahatlarının aparılmasını, institusional mexanizmlərin formalaşdırılmasını tələb edir.

2017-ci ilin dövlət büdcə layihəsində xərclərin şəffaflığı baxımınndan da xeyli problemlər müşahidə edilir. Büdcə xərcləmələrinə münasibətdə şəffaflıq bütün xərclərin həcmi, strukturu, son təyinatı və istiqamətləri ilə bağlı informasiyalarının ictimaiyyət üçün açıqlığını, təqdim edilən göstəricilərin tam analaşılan olmasını ehtiva edir. Son illərdə büdcə xərclərinin strukturunda "digər xərclər” maddəsinin payının yüksək olması xərcərin şəffaflığı baxımından müntəzəm olaraq narahatlıqlar doğurub. Lakin 2017-ci ilin büdcə layihəsində "digər xərclər” maddəsi üzrə vəsaitlərin həcmi əvvəlki ilə nisbətən 1.4 mlrd. manat və ya 2.2 dəfə azaldılaraq 1.360 mlrd. manata endirilib. Növbəti ilin büdcəsində bu xərclərin cəmi büdcə məxaricində payı 7.6% səviyyəsində proqnozlaşdırılır, lakin 2016-cı il üzrə həmin göstəricisi 14.9% təşkil edir.

Bununla belə, gələn il üzrə büdcənin analizi xərcləmələrin şəffaflığı ilə əsas narahatlıqlar kimi aşağıdakıları qeyd etmək mümkündür:

  • Təhsil funksional istiqamətinin "təhsil sahəsində digər tədbirlər” köməkçi bölməsi üzrə xərclər əvvəlki ilə nisəbətən 68.5 mln. manat və ya 15.6% azaldılır.Lakin kifayət qədər böyük miqyasda ixtisarın səbəbləri, hansı xərc maddələrinin ixtisarı hesabına baş verməsi barədə açıqlama və əsaslandırma təqdim edilməyib.
  • Təhsil funksional istiqaməti üzrə bəzi xərclərin son təyinatı və iqtisadi strukturu ilə bağlı detallı məlumatlar təqdim edilməyib.Məsələn, "Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, təhsil sahəsində islahatlar və digər tədbirlərlə bağlı xərclər” paraqrafı çərçivəsində xərclənməsi nəzərdə tutulan 264.8 mln. manat vəsaitin 114 mln. manatının "Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə xərclənəciy göstərilir. Lakin kifayət qədər böyük həcmdə vəsait hesabına təhsil sistemi üçün əhəmiyyətli olan hansı qeyri-maddi aktivlərin alınacağı ilə bağlı hətta ümumi məlumatlar belə təqdim edilmyib.
  • Təhsil funksional istiqaməti üzrə dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi xərclərinin universitetlər arasında bölgüsü təqdim edilmir.Halbuki dövlət büdcəsinin xərc proqnozlarını formalaşdırmaq üçün ayrı-ayrı dövlət universitetlərindən əldə olunan xərc proqnozları öncədən əldə edilir. Bu baxımdan büdcə zərfində ali təhsilin tələbə hesabı maliyyələşdirilməsi üzrə xərclərin ayrı-ayrı universitetlər üzrə ünvanlı şəkildə təqdim edilməsi problem olmamalıdır;
  • Mərkəzləşdirilimiş xərclərin funksional bölmələr, köməkçi bölmələr və paraqraflar üzrə bölgüsünə dair informasiyalar açıqlansa da, yerli xərclərin yalnız ümumi həcmi və funksional istiqamətlər üzrə açıqlaması təqdim edilir.Büdcə xərclərinin şəffaflığı baxımından yerli xərclərin hər bir rayon və şəhər üzrə funksional bölmələr, köməkçi bölmələr və paraqraflar üzrə bölgüsünə, həmçinin yerli xərclərin iqtisadi təsnifatına dair informasiyalar büdcə zərfinə daxil edilməsi vacibdir.
  • Büdcə qanunvericiliyinə görə "mərkəzləşdirilmiş xərc” hesab olunan, lakin ölkənin müxtəlif bölgələri üzrə xərclənən büdcə vəsaitlərinin ərazi stukturu barədə büdcə məlumatları açıqlanmır.Kənd təsərrüfatı, sosial müdafiə, tikinti, mədəniyyə və idman, nəqliyyat və rabitə, məhkəmə və hüquq-mühafizə kimi funksional istiqamətlər çərçivəsndə bütün xərclər mərkəzləşdirilmiş xərclərə aiddir. Lakin məlumdur ki, həmin vəsaitlərə mərkəzi hakimiyyət orqanları sərəncam versə də, onların müəyyn hissəsi bilavasitə yerli sosial-iqtisadi inkişafın təmin edilməsinə sərf edilir. Maliyyə Nazirliyi "Büdcə zərfi”nə ölkənin rayin və şəhərləri üzrə büdcə xərcləmələrinə dair xüsusi buraxılış daxil etməklə həm yerli xərclərin, həm də mərkəzləşdirilmiş xərclərin ölkənin bütün rayon və şəhərləri üzrə müfəssəl büdcə informasiyalarını açıqlamaq mümkündür. Büdcə informasiyalarının coğrafi strukturunun bu şəkildə açıqlığı yalnız büdcə şəffaflığı baxımından önəmli deyil. Belə yanaşma həmçinin ölkənin hər bir inzibati ərazisinin və iqtisadi regionunun özünümaliyyələşdirmə potensialının, xərc ehtiyaclarının müntəzəm qiymətləndirilməsi və dinamikanın izlənməsi baxımından olduqca vacibdir.
  • Paraqraflar və iqtisadi xərc maddələri üzrə detallı strukturu açıqlanmayan funksional bölmələrin büdcə xərclərində payı yüksəlib. Dövlət büdcəsinin müdafiə, tikinti və əsas bölmələrə aid edilməyən xidmət funksional bölmələri, həmçinin hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması köməkçi bölməsi informasiya açıqlığı baxımından "qapalılığı yüksək olan” xərc istiqamətləri hesab edilə bilər. 2017-ci ildə həmin 4 xərc istiqamətinin büdcə məxaricində payı 46.1% səviyyəsində proqnozlaşdırılır. Halbui anoloji göstərici 2016-cı il üzrə 41% təşkil edirdi.
  • Hökumətin parlamentə təqdim etdiyi büdcə zərfində investisiya xərclərinə dair informasiyalar yalnız sektorlar üzrə təqdim edilir.Halbuki xərclərin planlaşdırılan investisiya layihələri üzrə açıqlanması şəffaflığın təmin edilməsi baxımından çox önəmlidir. Son 10 ildə bir dəfə - 2008-ci ilin büdcə layihəsində belə bir təcrübədən istifadə edilib və bu fakt investisiya xərclərinin detallı açıqlanmasının problem olmadığını göstərir.
  • Dövlət büdcəsinin "əsas bölmələrə aid edilməyən xidmətlər” funksional bölməsinə ilk dəfə daxil edilən xərc maddəsi barədə hər hansı açıqlama və aydınlaşdırıcı izahat təqdim edilməyib. Belə ki, bu bölmə üzrə əvvəlki illərin büdcə layihələrinə nəzərdə tutulmayan və "islahatlarla bağlı xərclərin maliyyələşdirilməsi” adlanan istiqamətə 697 mln. manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Lakin həmin xərc maddəsinin mahiyyəti, büdcəyə daxiledilmə zərurəti və son təyinatı barədə nə "Büdcə zərfi”ndə, nə də Hesablama Palatasının Rəyində hər hansı əlavə məlumat yoxdur. Yalnız ümumi şəkildə bildirlir ki, bu xərclər tamamilə "qeyri-maliyyə aktivlərinin alınması”na sərf ediləcək Reallıqda hökumət bu xərcləri parlamentə əqdim etdiyi konkret islahat proqramları üzrə şəffaf formada əks etdirməli idi.
  • Sosial müdafiə xərclərinin 445.7 mln. manat və ya 16.5% azaldılmasının səbəbləri ilə bağlı hər hansı aydınlaşdırıcı informasiya təqsim edilməyib.Əvvəlki illərdə bölmədə nəzərdə tutulmayan, yalnız 2016-cı ilin büdcəsinə daxil edilən "Kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər” üzrə nəzərdə tutulmuş 590 mln. manat 2017-ci ilin büdəsinə daxil edilməyib. Hesablama Palatası da öz rəyində bu xərc maddəsinin son təyinatı barədə məlumatsız olduğunu vurğulayır, hökumətin izahedici səbəblər təqdim etməsinin vacibliyini qeyd edir.
  • Mənzil-kommunal təsərrüfatının maliyyələşdirilməsi bölməsi üzrə xərclərin kəskin azalmasının səbəbləri ilə bağlı aydınlaşdırıcı məlumatlar təqdim edilməyib.Bu bölmə üzrə xərclər əvvəlki ilə nisbətən 143.6 mln. manat və ya 32% ixtisar edilib. 2016-cı ildə "kommunal və kommunikasiya xidmətləri və digər tədbirlər” paraqrafı üzrə nəzərdə tutulmuş 70 mln. manat məbləğində xərc maddəsi 2017-ci ilin büdcəsindən tamamilə çıxarılıb. "Yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa, yenidənqurulması və abadlaşdırılması” xərcləri 98,4% və ya 121.4 mln. manat azaldılıb və cəmi 2 mln. manat saxlanıb. Lakin nə hökumətin büdcə sənədlərində, nə də Hesablama Palatasının rəyində bu cür kəskin xərc ixtisarlarını təfsilatlı əsaslandıran, həmin xərclərin əvvəlki illərdə yönəldiyi tədbir və istiqamətlərə ehtiyacların aradan qalxdığını detallı əks etdirən izahatlar yoxdur. Millət vəkilləri və ictimaiyyət büdcə sənədləri ilə tanış olduqda bu tip suallara asanlıqla cavab tapa bilməlidirlər: ixtisar edilən vəsaitlər əvvəlki il hara xərclənirdi? Hansı səbəbdən bu isqtiqamətlərə vəsait yönəltməyə ehtiyac qalmayıb?
  • 2016-cı illə müqayisədə sosial təminat xərcləri 181 mln. manat və ya 6.5 dəfə artırılaraq 216 mln. manata çatdırılıb. Amma bu artımın məqsədi, artan xərclərin təyinatı ilə bağlı büdcə izahatında və Hesablama Palatasının rəyində hər hansı aydınlaşdırıcı təqdimat yoxdu. Qüvvədə olan qanunvericiliyə görə, "sosial təminat”a isə işsizlik müavinətləri, işsizlərin peşə hazırlığı xərcləri, ehtiyacı olan ev təərrüfatlarına yaşayış yerləri ilə bağlı xərclərin ödənilməsi ilə bağlı yardımlar, bu tip sosial müdafiə proqramlarının idarə edilməsi xərcləri, Azərbaycan Respublikasının keçmiş prezidentlərinə və ya onların ailə üzvlərinə ödənişlər, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlarla üçün internat evlərinin və pansionatların saxlanılması ilə bağlı xərclər, əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin və tibbi-sosial ekspertiza komissiyalarının saxlanılması xərcləri daxildir. 2017-ci ilin dövlət büdcəsində "social təminat” köməkçi bölməsi üzrə nəzərdə tutulan 181 mln. manat əlavə vəsaitin sadalanan hansı sosial təminat tədbirlərinin maliyyələşdirilməsinə sərf ediləcəyi tamamilə qeyri-müəyyəndir.

İqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.





Digər xəbərlər
SON XƏBƏRLƏR