İcra başçısı ilə Mahmudovun sensasion görüşü: - Qəfil həbs, 600 min və nazirin əleyhinə ifadə almaq cəhdi

img

29-12-2016 [18:49]


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir. 

"Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, bu qruplaşmanın cinayət əməllərinin sahibkarlıqdan dövlət strukturlarına qədər uzandığı bəlli olub.

Belə ki, 2014-cü ildə dövlət büdcəsindən Daşkəsən rayon icra hakimiyyətinə ayrılan pula MTN generalları "qonublar”. 

Onlar icra hakimiyyətinin memarını idarəyə aparıb maliyyə naziri Samir Şərifovun əleyhinə ifadə verməyə məcbur ediblər. Bunu istintaqa şahid qismində ifadə verən rayonun icra başçısı Əhəd Abıyev deyib.

Ə.Abıyev bildirib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb:

"Həmin pul Nazirlər Kabinetinin qərarı əsasında Maliyyə Nazirliyinin əmri ilə ayrılmışdı. Tikinti işlərinin görülməsi üçün açıq tender keçirildi və "Dizayn Construction” MMC tenderdə qalib gəldi. Əvvəllər də Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəyən yaşayış evlərinin və sosial obyektlərin təmirini həyata keçirən bu şirkətə yarım milyon manat ödənilib.

Sentyabrın 17-də ayrılan vəsait şirkətin hesabına köçürülüb. Şifahi razılığa gəldik ki, icra hakimiyyətinin memarı Elman Məmmədov inşaat materiallarının alınması üçün pulun bir hissəsini çıxarsın. Elmana tapşırdım ki, yük dolu maşınlar saat 16-ya kimi Dərnəgüldə onu gözləyəcəklər. Həmin vaxt pulu ödəsin və maşınları rayona yola salsın. Saat 4-də Elmana neçə dəfə zəng etdim, zəng çatmadı, narahat oldum. Evindən də, şirkətdən də bir xəbər öyrənə bilmədim. 

Yarım saat sonra şirkətdən bir nəfər zəng edib Elman Məmmədovun MTN tərəfindən tutulduğunu dedi. Dərhal Bakıya gəldim, saat 20 radələrində MTN-nin binasının qarşında idim. Özümü təqdim etdim, amma məni içəri buraxmadılar, yarım saat sonra dedilər ki, Elman burdadı. Məni içəri buraxmadıqları üçün əsəbləşib kobud danışdım, onu kimin tutduğunu soruşdum. Dedilər 4-cü İdarənin əməkdaşları tutub.

Öz tanışlarımdan idarə rəisi Sübahir Qurbanovun nömrəsini tapıb zəng etdim. Ondan Elmanı dərhal buraxmalarını tələb etdim, Sübahir Qurbanov isə hay-küy saldığıma görə narazılıq edib, sakit olmağımı tələb etdi. Dedim ki, Elman buraxılmayana qədər heç yerə getməyəcəyəm. Sonra nazir Eldar Mahmudovun məni qəbul etməsini istədim, ona da icazə vermədilər.

"AGbank”ın sahibi Çingiz Əsədullayevə zəng etdim, o da kömək edə bilməyəcəyini dedi. 

Gecə saat 24 radələrində Elman Məmmədvu buraxdılar, çıxanda gördüm ki, qollarında qandal izi var. Elman dedi ki, MTN-in icra hakimiyyəti tərəfindən görülən bütün işlərdən məlumatı var. 

O dedi ki, izahat verərkən pul vəsaitinin ələ keçirilməsində maliyyə naziri Samir Şərifovun və mənim iştirakımın olduğunu yazmasını tələb ediblər, lakin bundan imtina edib. 

Elmanı və onunla işləyən əməkdaşları həbs edəcəkləri ilə hədələyib 1 milyon manat pul tələb ediblər.

Eldar Mahmudov "Əhəd Abıyevlə işiniz olmasın” dedi

Elman Məmmədovu mənə təhvil verən MTN əməkdaşı dedi ki, sabah saat 10-da Eldar Mahmudov məni qəbul edəcək. Biz Elmanın üzərində olan və onların ələ keçirdiyi pulu tələb etdik, rədd cavabı verdilər. 

Səhərisi gün Eldar Mahmudovla görüşdüm, söhbət başlayan kimi o, mənim söyüş söyməyimdən narazı olduğumu dedi. Mən də "söyüş söymüşəm, çünki əməkdaşlarınız quldurluq edib pul ələ keçirirlər” dedim. Bundan sonra söhbətimiz sülh şəraitində davam etdi. Nazirə hər şeyi, bizdən 1 milyon pul tələb edildiyini dedim.

Bundan sonra Eldar Mahmudov daxili telefonla kiməsə zəng edərək "Əhəd Abıyevlə işiniz olmasın” dedi. 

Sonra məni yola saldı, amma Elmandan aldıqları 680 min manatı qaytarmadılar. Bizə yola sala əməkdaşdan pulları tələb etdim, o, bizə "sizə hörmət edirik, ona görə də 1 milyon manatı almırıq. Elmandan alınan pulların geri qaytarılması isə mümkün deyil” dedi. Məcbur olub tikinti işlərini öz pulumuzla gördük”.

Qeyd edək ki, MTN-in bu dəstəsinin işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib. Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR