Şriftin ölçüsü / 170 dəfə oxunub

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

22 Dekabr 2016 [16:58]
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ-dan verilən məlumata görə, iclasda gündəliyə 5 məsələnin salınması məqbul sayılıb.

Əvvəlcə Bakı Dövlət Sirkinin "arena.tv” saytı barədə müraciətinə baxılıb. 

Komissiya üzvləri bu kütləvi informasiya vasitəsindən narazılıq doğuran yazının jurnalist peşəkarlığı ilə hazırlanmadığını, etik prinsiplərin tələblərinə əməl olunmadığını müəyyənləşdiriblər. Buna görə də sayta həmin materialın oradan götürülməsi, təkzib, yaxud qarşı tərəfin mövqeyini ifadə edən məktubunu yayımlaması tövsiyə olunub. Cavabdeh tərəf isə rəyin icrasına hazır olduğunu bildirib.

Sonra "Gündəm xəbər” qəzetinin və onun elektron versiyasının Qərb bölgəsi üzrə müxbiri Mehriban Əzizqızı haqda Mətbuat Şurasına ünvanlanan müraciətlər müzakirə edilib. 

Məlumat verilib ki, Göygöl rayonundakı Xaqani Kənd Musiqi Kollecindən, Kəlbəcər Rayon Təhsil Şöbəsindən, Gəncə şəhər sakini Şəhriyar Əliyev tərəfindən göndərilən məktublarda M. Əzizqızının peşə səlahiyyətindən sui-istifadə etməsi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Gəncə Musiqi Kolleci rəhbərlərinin şikayətlərində isə onların barəsində saytda və mətbu orqanda yanlış məlumatların yayımlandığı göstərilib.

 Komissiya rəy çıxararkən bunları və hüququ müstəvidə araşdırılması zəruri olan məqamların mövcudluğunu nəzərə alıb. Şikayətçilərə məsələ ilə bağlı müvafiq orqanlara müraciət etmələri tövsiyə olunub.

"Faktinfo.az” saytının baş redaktoru Fuad İsgəndərov Ağstafa Rayon İcra Hakimiyyətinin saytda bu qurumla əlaqədar təqdim olunan yazıda etik prinsiplərin bir sıra tələblərinin gözlənilməməsi barədə iradlarını səmimi qəbul edib. Rəy qəbulu zamanı şikayətə səbəb yazının iclasa qədər saytdan götürülməsi müsbət dəyərləndirilib. Bununla belə bu KİV-ə təkzib, yaxud qarşı tərəfin mövqeyinin ifadəsini tapdığı məktubunun verilməsi tövsiyə edilib.

Komissiya AMEA-nın Aşqarlar Kimyası İnstitutunun "Təzadlar” qəzeti ilə bağlı müraciətini araşdırarkən mətbu orqana qarşı tərəfin tələbinə uyğun olaraq məsələ ilə əlaqədar təkzib verməsini məqsədə müvafiq sayıb.

Ağcabədi Meşə Mühafizəsi və Bərpası İdarəsinin "politika.az” saytı ilə bağlı şikayəti cavabdeh tərəf iclasa gəlmədiyi üçün gündəlikdən çıxarılıb.



SON XƏBƏRLƏR