Şriftin ölçüsü / 1236 dəfə oxunub

Bahar Muradovanın “YORĞAN”I

16 Dekabr 2016 [23:15]

Mahir Qabiloğlu

Hər hansı tanınmış adamla bağlı yazı yazanda, ilk olaraq Vikipediyanı açıram. Orda məlumatlar çox məhduddur. Amma Bahar Muradova haqqında olan məhdud məlumatlar məni tam qane etdi. 

1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Sonrakı məlumatlar mənimçün maraqlı deyil. Əsas odur ki, Bahar Muradova sovet diliylə desək, fəhlə-kəndli sinfinin şanlı nümayəndəsidir. 8-ci sinfi bitirəndən sonra texnikuma girib. Oranı bitirib fabrikdə işləyib. İşləyə-işləyə universitetdə oxuyub və 28 yaşında filologiya üzrə ali təhsil alıb. Özü də 1990-cı ildə. Mən də o vaxt eyni fakültəni – Universitetin Filologiya fakültəsini bitirmişəm. Amma onu tanımamışam. Yəqin ki, ya qiyabi, ya da axşam təhsil alıb. Ona görə. Bu məlumatı oxuyandan sonra, qəhrəmanımın portretini təqribən belə yaradardım: O, sadə azərbaycanlı ailəsində doğulub boya-başa çatan, öz gücüylə hər şeyə nail olan bir insandır.

Mən onu ilk dəfə 1998-ci ildə görmüşəm. Yasamal rayonunda nümunəvi həyətin açılışı idi. Arif Ağayev də icra başçısı. Kənarda bir qadın dayanmışdı. Xarici görünüşünə – saç düzümü, saçının rəngi, şık geyiminə görə fikri cəlb edirdi. Rusca daha gözəl səslənir – SİMPOTİÇNAYA. Tədbir bitəndən sonra icra başçısı ona yaxınlaşdı və ehtiramla görüşüb, gəldiyinə görə razılığını bildirdi. Kənardan müşahidə edən bir adam kimi yuxarıdan gəldiyini başa düşdüm. Yanımda dayanan kim idi, yadımda deyil. Dedi ki, bəs bu vəzifəli şəxs əvvəllər corab fabrikində işləyib. Bu yaxınlaracan isə bizim Yasamal rayon İcra Hakimiyyətində çalışırdı. İndi isə Prezident Aparatındadır. Düzdür o, ironiyayla dedi. Amma mən keçmiş kommunist kimi bunu təbii qəbul etdim. Yüksək bir vəzifəyə fəhləlikdən yüksəldiyiyinə görə ona rəğbətim artdı. Amma adını bilmədim. Sadəcə göz yaddaşımda yaraşıqlı bir Azərbaycan xanımı kimi qaldı. Bir Azərbaycan kişisi kimi, tərifimin əvvəlinə "anam-bacım olsun” ifadəsini artırmaq şərtiylə.

Vaxt keçdi. Millət vəkili, YAP İcra katibinin müavini, Milli Məclisin sədr müavini kimi onu tanıdım. Artıq mənimçün çox da maraqlı deyildi. Təmənnasız adamam. Vəzifəlilər isə hər onlara yaxınlaşanın alnında "təmənnalı” sözünü oxumağa çalışırlar. Baxmayaraq ki, daima təmənnasız insan axtarışındadırlar.

CABİR NOVRUZ VƏ BAHAR MURADOVA

Günlərin bir günü dostum Mirzəbəy Novruzov məni bir şair oğlu və AzTV-nin "Xəbərlər” proqramının redaktoru kimi atası Cabir Novruzun xatirə lövhəsinin açılışına dəvət etdi. Çox tanınmış vardı orda. Mən isə onların danışdıqlarına qulaq asmırdım. Sadəcə adlarını qeyd edirdim. Çıxış edənlər arasında Milli Məclisin sədr müavini Bahar Muradova da vardı. Ona da qulaq asmadım. Amma adını xüsusi qeyd elədim.

HAŞİYƏ: AzTV-nin "Xəbərlər” proqramında belə bir qayda vardı. Əgər tədbirdə MM sədri, onun müavinləri, Baş nazir, onun müavinləri, səfirlər, Prezident Aparatının rəhbəri, şöbə müdirləri iştirak edirdilərsə, çıxış etməsələr belə, sonda adları çəkilirdi.(SON)

Bunu yekəxanalıq kimi qəbul etməyin. Şair Cabir Novruz atamın dostu, Mirzə, Vüqar və Müşfiqin atası, mənim isə əmim idi. Mənə Cabir Novruzumu tanıdacaqdılar Bahar Muradova və ya digər çıxış edənlər?

Tədbir başa çatdı. Mirzə bizi öz maşınına otuzdurdu. Demə Xızıda atasının adına məktəb qoyublar. İndi də ora getməliyik. Elə yerimizdən tərpənmişdik ki, rəhmətlik Mirzəbəy başladı:

Gördün də Bahar xanım necə danışdı?

Nə danışdı ki, ay Mirzə? – deyə cavab verdim.

Qulaq asmadın, alə?

Yox.

Çox gözəl danışdı. Atamın bütün yaradıcığını əhatə etdi. Əla danışdı...

Heş nə demədim day. Orda o qədər adam danışmışdı ki... Amma Abşeron rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı, Prezident Aparatınnın məsul işçisi, nəhayət şair oğlu Mirzə Novruzov Bahar Muradovanın danışdıqlarının təsiri altındaydı. Peşman oldum ona qulaq asmamağıma.

Son vaxtlar deputatların ağzından çıxan sözlər həmən hit-ə çevrilir. Populyarlıqda Röyanı, Aygün Kazımovanı, Rəqsanəni, Faiq Ağayevi keçiblər. Mən şəxsən jurnalistlərin bu cür münasibətinin əleyhinəyəm. Hacı Madər Musayev 30 ildir danışmır. Deyirlər ki, "niyə danışmır?” Danışan deputata da yüz şəbədə qoşurlar. Saytlarda, sosial şəbəkələrdə məzxərəyə qoyurlar. Amma düzünü deyim ki, Bahar Muradovanın "ayağını yorğanına görə uzat” məsəli ürəyimcə oldu. Sonra belə açıqlama verdi ki, belə söz deməyib. Amma deyibsə də, əcəb eləyib. Bu çox düz və vaxtında deyilən ifadədir. Bütün dövrlərin şah ifadəsidir.

MƏNİM YORĞANIM

Mən anadan olanda yorğanım çox uzun olub. O qədər uzun olub ki, məni ona ikiqat, üçqat büküblər. Daha doğrusu bələyiblər. Böyüdükcə bu yorğanın qatları açılıb. Nəhayət böyük adam yaşına çatanda mənə də böyük yorğanı veriblər. Soyuq olanda yorğanı ikiqat ediblər – arasına girmişəm. Belə mənə daha isti olub. Uşaq olanda yorğanı mənim boyuma uyğun salırdılar. Sərbəst həyata atılandan sonra isə başa düşdüm ki, demə ikinci "yorğan” da varmış – "HƏYAT YORĞANI”. Və bu yorğan heç də hamının boyuna uyğun biçilmirmiş. "Ayağını yorğanına görə uzat” məsəlini də onda başa düşməyə başladım.

MƏNİM HƏYAT LOZUNQUM

Sovet dövrü bütün qəzetlərin başında bir lozunq olurdu: "Bütün ölkələrin proletarları birləşin!” Mənim isə həyatda bir devizim olub: "Ayağını yorğanına görə uzat”, Bu mənim yox, o dövr sovet insanlarının hamısının devizi idi. Ümumilikdə götürəndə bu hər bir insana, ailəyə aiddir. Yəqin ki, Bahar Muradova da özünü o nəslin nümayəndəsi sayır.

İndiki zəmanədə isə kiminin yorğanı uzun, kimininsə qısadır. Sovet dövründə bu yorğanın ölçüsü gözə girmirdi. Orta məktəbi yaxşı oxuyan qızı, qısqanc atası ali təhsil almaq üçün şəhərə buraxmırdı. Hansı ailə proqressiv idisə, qız sərbəst həyata atılırdı. Əyaniyə daxil olurdu, yataqxanada yer verirdilər. Yaxşı oxusaydı, stipendiya alırdı. Oğlan tələbələr gecə gözətçi işə düzəlirdilər. Əgər işləyib oxumaq istəyirdinsə axşam və ya qiyabi şöbəyə keçirdin. Zavodda, fabrikdə işləyirdin, həm də təhsil alırdın. İndi isə zəmanə dəyişib. Yorğan qısadır, ayaqlar isə uzun. Əslində ayaqlar da qısadır. Çox qısa. Amma hamı öz ayağını qonşunun ayağıyla bərabər tutmaq istəyir. Heç kim "ayağını yorğanına görə uzat” atalar misalına əməl eləmir. Daha doğrusu əməl etmək istəmir.

Ata-ana ilk növbədə instituta girən uşağının təhsil haqqısı, ac qarnı, kitab-dəftəri haqda yox, bahalı telefonu, planşeti, kompyuteri haqda fikirləşir. Özünü məcbur edib kreditə girir.

Oğlunu evləndirən valideyn "evlənmək” sözünün kökünə, mənasına varmayıb, evi olmayan oğlunu evləndirir. Pulu olmaya-olmaya şadlıq sarayı, xarici maşın, balaca mələklər, atəşfəşanlıq kirayələyir. Palatka, mağar toyuna şıllaq atır. Üç aydan sonra isə ailə dağılır. Demə oğlanın işi-gücü yoxdur. Əyninə tumanı ata-anası alan bu "kişi”, axı arvadı necə saxlaya bilər?

Bir qohum var. Oğlu instituta girən kimi, kreditə onun üçün 07 Jiquli aldı. Soruşdum ki, "niyə?” Cavab verdi ki, bəs qruplarında hamı maşınla dərsə gedib-gəlir. Uşaq da onların yanında pərt olmasın deyə aldım. Dedim ki, ay qohum, qrupdakı uşaqlar narkoman olsaydılar, oğluna Kolumbiyadan kokoin gətizdirəcəkdin? Cavab vermədi. Üç gündən sonra isə maşın qəzaya düşdü. Özü də ki, bu, o ata-analardır ki, çox kasıbçılıqla böyüyüb, şəhərə gələrək ali təhsil alıb, ev-eşik yiyəsi olublar. Amma uşaqlarına zəhmət çəkməyi qıymırlar. Heç zəhmətin nə olduğunu başa da salmayıblar. Hər şeyin hazırına nazir öyrəşdirirlər.

Bu yaxında dostum Eldəniz Elgünün rejissor olduğu "Uzun yollar” filminin premyerası oldu. Orda irad tutduğum yeganə cəhət, qaçqın qəbiristanlığında bir qaçqından müsahibə götürülməsiydi. Maşallah, bütün qəbirlər adam boyundan hündür, bahalı qranitdən, mərmərdən. Bu filmə baxan xaricilər görəsən bizim haqda nə düşünərlər?

Bu gün kredit borcu olanlar yaxşı bilirlər ki, bu pulu banklardan niyə götürüblər. Qonşudan dala qalmamaq üçün. "Yorğan”larını borc hesabına uzatmaq üçün. Şair RÜFƏT ƏHMƏDZADƏ hələ sovet vaxtı bu haqda yaxşı yazıb:

Neçə illərdir mənim
Baharım dönüb qışa,
Arvad girəndən bəri
Qonşumuzla "yarışa”
Nə sözümü eşidir,
Nə də anlayır məni.
Hər gün danlayır məni:
"Qonşu hara, sən hara?
Nədir ki, o avara,
İmportnı mebelləri
Düzüb yan-yana zala.
Ad-sanından eyibdir,
Qonşudan qalma dala! ...”

Özümü oda saldım,
Həmin mebeldən aldım ...
Sonra arvad eşitdi
Qonşum alıbdır xalı.
Çaldı zurna-qavalı
Mənimçün bala-bala,
Dedi: – Kişi, eyibdir,
Qonşundan qalma dala! ...

Axır ki, aldım xalı,
Dedim təki kəsilsin
Arvadın qalmaqalı.
Qonşumuzun evində
Başlanan kimi təmir
Təmirə başlamaqçün
Arvaddan aldım "əmr”.
Düz divarı sökdürüb
Çəkdirdim təzə mala,
Arvad elə hey deyir:
"Qonşudan qalma dala! ...”

Bəli, indi evimdə
Cah-cəlal yaratmışam,
Amma borcun içində
Xirtdəyəcən batmışam.

Xoş günlər tez ötüşdü,
Evə mərəkə düşdü
Qonşum alanda maşın.
Bizim arvad göz yaşı
Töküb danladı məni.
Dedi: "Görüm heç səni
Gəlməyəsən zavala!
Bizi xəcil eylədin
Qonşudan qaldıq dala” ...

İndi maşın almağa
Növbəyə də durmuşam.
Tanış-biliş deyir ki,
Pullanıb qudurmuşam.

Ancaq xeyli zamandır,
Mənim halım yamandır.
Alıb canımı dərd-qəm,
Təzə söz eşitmişəm:
Qonşum möhkəm ilişib,
İşi əngələ düşüb.
Ondan yazılanda akt,
Vurub kişini infarkt.
Qorxuram yazıq ölər,
Məni də tutar bəla.
Arvad deyər: eyibdir,
Qonşudan qalma dala!

MƏNİM ARZULARIM

Bilirsinizmi nə istəyirəm? İstəyirəm ki, gözüm görüb bəyəndiyim hər şey mənim olsun. (Ruslar yaxşı deyib "Xotet ne vredno”.) Bu fikrimi xırdalamaq istəməzdim. Bu arzulara gözün gördüyü və ruhun hiss edəcəyi hər bir şey daxildir. Amma mənim yorğanımın ölçüsü çox arzuma sədd şəkir. Nə edim? Özümü öldürüm? Yoxsa, kreditə girib borclanaraq, arzularımı həyata keçirimmi? Sonra da gedib barmaqlıqlar arxasında yatımmı? Hərənin bir baxtı var. Əsrlər boyu belə olub. 50 illik həyatımda mən belə görmüşəm. Belə də yaşamışıq. İndi də belə yaşayıram. Həmişə ayağımı yorğanıma görə uzatmışam. Allah bizi belə yaradıb. Birinə ağıl, qabiliyyət verib, o birinə baxt. Yaxud da birinə hər ikisini verib, o birinə heç birini. Baxtınız gözəl olsun, ay camaat! Bir şeyi də unutmayın ki, indi həsəd apardığımız adamların da əvvəli fəhlə-kəndli, çoban, sağıcı, pambıqçı, maşinist olub. İnşallah sizin də ulduzunuz parlayar. Yorğanınız ayağınızdan da uzun olar. Sağ əliniz mənim də başıma...

SON

Mahir, qonşunun Bentlesi var.

Mənə nə?

Mahir, o boyda şairin oğlusan. Bəs sənin niyə yoxdur?

Sənə nə?




Digər Xəbərlər

SON XƏBƏRLƏR