“Kristal Abşeron” şirkəti məcburi köçkünün evini darmadağın edib - ŞİKAYƏT

img

14-12-2016 [12:05]


Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydiyyatda olan, lakin hazırda müvəqqəti olaraq Bakı şəhəri 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 30, mənzil 30-da məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün Elyasov Zamin Ellaz oğlu Modern.az-a göndərdiyi məktubda "Kristal Abşeron” MMC şirkətindən şikayət edib

Şikayətçi bildirib ki, adı çəkilən şirkət ona qarşı analoqu olmayan haqsızlıq edib. Məktubda deyilir: "Mən valideynlərim və qardaşlarımla birgə 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi nəticəsində evimizdən, ocağımızdan didərgin düşdük. Biz ailəmizlə birgə Gəncə şəhərində məskunlaşmalı olduq. 2000-ci ildə ailə quraraq Bakıya köçdüm və bu yaxınlara kimi yuxarıda göstərdiyim ünvanda yaşayırdım. Yaşadığım ərəfədə atam Elyasov Ellaz Ələs oğlu infarkt keçirdiyindən mən müvəqqəti olaraq bir neçə aylığa onlara kömək etmək üçün Gəncə şəhərinə getdim. O arada kiçik qardaşım Elyasov Cahid Ellaz oğlu da xərçəngin ən ağır formasına tutuldu. Mən həmin vaxtlar onu həkimlərə aparmalı olurdum.

Evdə olmadığımız günlərin birində "Kristal Abşeron” MMC şirkətinin əməkdaşları tərəfindən mənim yaşadığım əraziyə baxış keçirilərkən onlara guya orada heç kəsin yaşamadığını deyiblər. Lakin həqiqi sakinlər(həmin sakinlərin yalnız üç nəfərinin ərzəsi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatrasiya departamentinin direktoru Elman İsmayılovun məktubu əlavə olunur)yoxlama aparan "komissiya”ya həmin evdə Elyasov Zamin Ellaz oğlunun yaşadığını desələr də, bu bir nəticə verməyib. Və mənzilimizi dağıdıblar...

Hadisə ilə əlaqədar Qaçqınlarların və Məcburi Köçgünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarına və həmin komitənin Abşeron rayon üzrə şöbə müdiri Vidadi İsayevə etirazımı bildirəndə mənim evlə təmin ediləcəyimə, lakin heç yerə şikayət etməməyimi məsləhət bildilər. Sən demə, onlar mənim başımın altına "yastıq” qoyurlarmış. Nəticədə o ətrafda olan ailələri müxtəlif yollarla razı sala biliblər. Mənim 15 il yaşadığım evi isə "Kristal Abşeron” MMC şirkəti ağır texnika ilə yerlə-yeksan etdi. Nəticədə evimdə olan soyuducu, iki dəmir çarpayı, istilik sistemi, maqnitafon, stol, stullar, işıq sistemləri sıradan çıxdı. Bununla bağlı mən "Kristal Abşeron” MMC-nin Xırdalan şəhərində yerləşən ofisinə getdim. Orda məni qəbul edən Azər və İlqar adlı işçilər ailəmi evlə təmin edəcəklərini vəd etdilər və dedilər ki, bu şərtlə Qaçqınlarların və Məcburi Köçgünlərin İşləri üzrə Dövlət Komitəsindən arayış gətirim ki, mən həqiqətən orada yaşayıram. Lakin Qaçqınlarların və Məcburi Köçgünlərin İşləri üzrə Dövlət Komitəsindən mənə yazılı surətdə bildirdilər ki, "Kristal Abşeron” MMC şirkətinin tikinti apardığı ərazidə faktiki yaşayan məcburi köçgün ailələri şirkət tərəfindən siyahıya alınaraq öz vəsaiti hesabına inşa olunmuş yaşayış binasına köçürülmüşdür. Mənim yaşadığım ərazi şirkətin ərazisi olmadığından yaşayış sahəsi ilə təmin edilməmişəm.

Bu zaman belə bir sual yaranır, əgər mənim yaşadığım sahə "Kristal Abşeron” MMC-in ərazisinə düşmürsə, o zaman şirkət yaşadığım evi hansı əsasla sökdürmüş, özümü də bayırda qalmağa məcbur etmişdir. Mən ailəmlə hal-hazırda xalamın kiçik bir otağında müvəqqəti yaşayıram.


Ümid edirəm ki, şikayət ərizəm cavabsız qalmayacaq və mənə haqqımı özümə qaytaracaqlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR