Dollar alıb-satanları 7 ilə qədər həbs gözləyir

img

13-12-2016 [14:39]


Dünya bazarında neftin qiyməti enməsi nəticəsində Azərbaycanda ard-arda baş verən devalvasiyalardan sonra valyuta dəyişmə məntəqələri ləğv olundu və "qara bazar” formalaşdı. Bunun ardınca da hüquq-mühafizə orqanları əməliyyatlara başladılar və bu bazarın alverçiləri mütrəmadi olaraq saxlanıldı.

Lakin "qara bazar” tam aradan qaldırlmayıb, dünən "Bandotdel” 2 nəfəri saxlasa da, bu gün yenə həmin bazar mövcuddur. Bəs "qara bazar” hansı qanunvericiliyə əsasən qadağan olunur, saxlanılan alverçilər hansı maddələrlə ittiham edilir və onları hansı cəzalar gözləyir?

Bu suallara aydınlıq gətirən hüquqşünas Xalid Bağırov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər vergi ödəyicisi kimi qeydiyyata durmalıdırlar. Həmçinin, bəzi fəaliyyət növləri ilə məşğul olmaq üçün xüsusi razılıq, lisenziya almaq lazımdır. Maliyyə-kredit əməliyyatlarını həyata keçirən şəxslərin də Mərkəzi Bankdan xüsusi lisenziya almaqları lazımdır. Bu qeydiyyatlar ona görə aparılır ki, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər vergiyə cəlb oluna bilsin və bank sektorunda bazarı nizamlamaq mümkün olsun. Qeydiyyata düşmədən və xüsusi razılıq almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq pul dövriyyəsini dövlətin rəsmi nəzarətindən çıxartmaq deməkdir. Bu qanunsuz sahibkarlıq və vergidən yayınma sayılır. Həmin şəxslər Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham edilirlər.



X.Bağırov qeyd edib ki, qanunvercilikdə nəzərdə tutulan qadağalar problemin həlli üçün çıxış yolu deyil: "Bu işlərdə cinayət tərkibi var və insanlar bu cinayəti törətməyə davam edəcəklər. Narkotik qadağandır, amma narkodispanserlər də var. Sərt cəzalar heç də həmişə onun kökünün kəsilməsi ilə nəticələnmir. "Qara bazar”la bağlı da məsələ budur. Qadağan etməkdənsə, yolunu açmaq, rəmsiləşdirmək lazımdır. İnsanlar ona görə cinayətə əl atırlar ki, rəsmi fəaliyyət də qadağan olunub. "Exchange”lər bağlanıb, banklar dollar satmır, bunun nəticəsində də "qara bazar” yaranır”.

Xatırladaq ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar sübut olunarsa, onu CM-nin 192-ci maddəsi üzrə 1 ildən 5 ilədək, 213-cü maddə üzrə isə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR