“Biz torpaqlarımıza qayıdacağıq" - Prezidentdən Ermənistana və dünyaya xəbərdalıq

img

03-12-2016 [22:06]


"Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq".
 
Bu sözləri prezident İlham Əliyev Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.
 
"Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.
 
Prezident qeyd edib ki, bu gün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar iflasa uğrayıb: 

"İndi güc əsas amildir. Bu, belədir. Biz də real dünyada yaşayırıq. Ona görə daha da güclü olmalıyıq, daha güclü ordu qurmalıyıq. İqtisadiyyat daha da güclü olmalıdır, inkişaf daha da sürətlə getməlidir. Hətta böhranlı illərdə ölkə əhalisinin sayı getdikcə artır və artacaq. İndi bir-iki ilə Azərbaycan əhalisi on milyona çatacaq. Bu meyil davam edir. İndi əhali nə qədər çox artırsa, sonrakı illərdə də artım daha yüksək olacaq. Ermənistanda isə əhali azalır. Bu, həm təbii səbəblər, həm miqrasiya, həm də ümidsizlik, çarəsizlik, özbaşınalıq üzündən baş verir”.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın indiki faşist rejimi faktiki olaraq ölkədə dözülməz şərait yaradıb: "Ona görə də orada əhali daha da azalacaq, çıxıb gedəcək, necə ki, indi çıxıb gedir. Biz torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiya olmalıdır. Bu, var. Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq”.

Dövlət başçısı aprel döyüşləri zamanı Azərbaycan Ordusunun da, Azərbaycan vətəndaşının da qəhrəmanlıq göstərdiyini vurğulayıb: 

"Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad edib. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”.
 
Prezident İham Əliyev bildirib ki, Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq: 

"Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da”.
 
"Bizim tarixi coğrafiyamız çox geniş olub”, - deyən dövlət başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR