"Bizə əlil deməyin, biz cəmiyyətin bir üzvüyük" – Müsahibə

img

03-12-2016 [13:22]


Bu gün 3 dekabr Beynəlxalq Fiziki Məhdudiyyətli İnsanlar günüdür. Mövzu ilə əlaqədar Birlik.az saytının bugünkü müsahibi "Mina Qurbanlarının Sosial -iqtisadi Problemlərinin Həllinə Kömək” İB-nin sədri, ikinci qrup fiziki məhdudiyyəti olan Qarabağ qazisi Məmmədhəsən Həsənovdur. Qeyd edək ki, müsahibə zamanında bir neçə məsələlərə də aydınlıq gətirdik ki, onlardan biri də "əlil” terminin Fiziki Məhdudiyyətli İnsanlar üçün müsbət qarşılanmamasıdır. Bunu müsahibimlə daialoqumuz zamanı daha çox şahidi oldum.

– Məmmədhəsənbəy, bu gün 3 dekabr – Beynəlxalq Əlillər Günüdür.

– BMT Baş Assambleyasında bir neçə dəfə bu fikir səsləndirilib. Nəhayət, 1992 -ci ildə Rusiya tərəfindən təşəbbüs edilib və həmin gün BMT Baş Assambleyası tərəfindən 3 dekabr Beynəlxalq Fiziki Məhdudiyyətli İnsanlar günü kimi qəbul edilmişdir. Əslində, Beynəlxalq Fiziki Məhdudiyyətli İnsanlar günü bu münasibətlə qeydə alınmışdır ki, həmin gün dünyada Fiziki məhdudiyyətli insanların kütləvi qeydiyyata alındığı gündür. Necə ki "əmək günü”, "rabitəçi günü” və.s əlamətdar günlər mövcuddur. Əslində, bu, humanizmə, dünya ictimaiyyətinə bir çağırış kimi qəbul edilməlidir və bununla da fiziki məhdudiyyətli insanlara təkcə əlamətdar günlərdə yox, müntəzəm olaraq diqqət və qayğı göstərilməlidir. Hər bir kəs bilməlidir ki, onun sağlamlığı sığortalanmayıb.

– Belə başa düşdüm ki, "əlil” sözünə münasibətiniz müsbət deyil.

– Öncə bu sözün özünə münasibət bildirmək istəyirəm: "Əlil” yox , "Fiziki məhdudiyyətli insanlar”. Hətta qanunla da bu, öz əksini tapmışdır. Sadəcə olaraq, 70 il sovetlər birliyi təsirində yaşamış ictimaiyyətimiz hələ də o dövrün bəzi terminlərinin təsirindən çıxa bilməyib. Ona görə də bu günlər bizim media işçilərimiz, TV, çap-media, elektron saytlar, bir sözlə KİV bu fikri daha da ictimailəşdirməlidirlər. Çünki müşahidələrimizə görə, onlara "əlil” deyəndə bir növ psixoloji sarsıntı yaşayırlar. Çünki onlar əlil yox, fiziki məhdudiyyətli insanlardırlar; onlar da bu cəmiyyətin bir üzvüdürlər. Onlar cəmiyyətdən təcrid olunmamalı, cəmiyyətə inteqrasiyaları daha da sürətlənməlidir. Buna əyani sübut kimi: bu gün Bakı şəhəri, 11 saylı xüsusi təhsil məktəbində keçirilən və mənim də iştirak etdiyim Beynəlxalq Fiziki Məhdudiyyətli İnsanlar gününə aid olan tədbirdə bir hadisənin şahidi oldum. Eynilə 12 il öncə Keniyanın Nayrobi şəhərində keçirilən tədbirdəki kimi. Həmin vaxt BMT-nin minalar əleyhinə qəbul edilmiş konvensiyasının 10 illiyinə aid sammit keçirilirdi. O sammitdə dünyadan 100-ə yaxın Fiziki məhdudiyyətli insanlar iştirak edirdi. 3 dekabr, yəni həmin gün BMT-nin sammitinin idarə olunması Fiziki məhdudiyyətli insanlara tapşırılmışdı. Şəxsən, mən, Ukrayana və Gürcüstandan olan həmkarlarım sammitə gələn dövlət və hökumət başçılarının qarşılanma mərasimini öz üzərimizə götürmüşdük. Təbii ki bunun da bir məramı, məqsədi var idi. Gələn hökumət və dövlət başçıları bizimlə görüşüb zala daxil olarkən yaxamızdakı nişandan hansı ölkədən olduğumuzu bilirdilər. Sammitə gələnlər bir daha mənim Azərbaycanı təmsil etdiyimi görür və bizimlə yaxından maraqlanırdılar. Təbii ki, mənim məqsədlərimdən biri də işğal olunmuş Qarabağ ərazisindən olduğumu bildirmək idi. Bu gün bir daha bu məktəbdə o günü yaşadım. Bu gün tədbirin bütün təşkilatçılığı Fiziki məhdudiyyətli uşaqların üzərində idi. Onlar "Arşın mal alan” əsərindən bir səhnə göstərdilər, Bayraq kompazisiyası təqdim etdilər, "Cənab Leytenant” mahnısını Şəmistan Əlizamanlı ilə birlikdə əsgər geyimində ifa etdilər. Hətta Azərbaycana məxsus olan "Sarı gəlin”i; demək olar ki, bütün Azərbaycanı tərənnüm etdilər. Bu, məni və qonaqları çox duyğulandırdı. Onların şeirləri də ancaq Azərbaycan və Azərbaycan bayrağı haqda idi. Ona görə də, belə insanlara "əlil” demək olarmı?! Mən belə düşünürəm ki, onların sağlamlığının bir qismində məhdudiyyət var. Lakin onların fitri istedadları inanılmaz dərəcədə valehedicidir. Bu baxımdan düşünürəm ki, bu cür insanlara əlil kimi baxmaq doğru deyil. Necə ki balaca Fatimə buna əyani nümunədir. Onun dünyaya səsləndirdiyi mesaj var. Xahiş edirəm ki, saytınızda həmin məktubu tam şəkildə işıqlandırasınız. Orada bəşəriyyətə belə bir mesaj ünvanlanıb: "Bu kimi insanlara necə əlil demək olar?!” İnsanlar var ki, fiziki cəhətdən sağlam olsalar da, mənəvi cəhətdən qüsurludurlar. Allah onların qəlblərinə insaf salsın. Fürsətdən istifadə edib, Direktor Şahzadə xanıma və pedaqoq Aygün xanıma, həmçinin o cür insanlara xidmət göstərən kollektivlərinə təşəkkür edirəm.

Bildiyimiz kimi, 3 dekabrı Fiziki məhdudiyyətli insanların bayramı kimi qəbul edənlər də var. Buna münasibətiniz?

– Yuxarıda qeyd etdiyim kimi, bu bayram kimi yox, həmin gün həmin insanların bir daha cəmiyyətdə diqqətə və qayğıya ehtiyacı olduğu bir daha gündəmə gətirilir və bütün tədbirlər onlara həsr olunur. Bu, tək bizim ölkədə deyil, bütün dünyada belədir. Bu, bir bayram deyil, sadəcə, onların hər gün yaşadıqları hissin bir gün cəmiyyətlə birlikdə yaşadıqları hissdir. Bu, hər gün belə olmur. Ona görə də bu gün bayram kimi deyil, onların günü, onların həmişəki günündən fərqli gün kimi qeyd edilir. Məsələn, Türkiyədə cocuq bayramı keçirilir. Və həmin gün simvolik olaraq parlament, baş nazirlik, prezident kürsüsü və digər rəsmi qurumlar onlara həvalə edilir. Bu da fiziki məhdudiyyətli insanların cəmiyyətə ən yüksək səviyyədə inteqrasiya oluna biləcəklərinə bir nümunədir.

– Fiziki məhdudiyyətlər nədən yaranır? Sizcə, bunda müharibələr nə dərəcədə rol oynayır?

– Təbii ki, müharibələrin daha böyük rolu var. Elə özümüz də bu müharibələrin qurbanıyıq və yüzlərlə fiziki məhdudiyyətli insanlarımız bu bəlaya düçar olub. Bu gün də Suriyada, İraqda, Əfqanıstanda, Liviyada və bir sıra ölkələrdə insanlar fiziki məhdudiyyətlərə düçar olur, cəmiyyətdən təcrid vəziyyətinə düşürlər və onlar cəmiyyətdə öz yerini görməyəndə intihar etməyi düşünürlər. Bu da cəmiyyətin humanizm prinsiplərinə böyük zərbədir. Əsasən də belə qurbanlar uşaqlar və gənclər arasında olduqda bəşəriyyət üçün daha fəlakətlidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR