Oqtay Əsədov naziri qəbul edib - Müzakirə

img

02-12-2016 [20:00]


Bu gün Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az Mili Məclisin mətbuat xidmətinə istinadən bildirir ki, sədr qonaqları səmimi salamlayaraq, bildirib ki, bu cür görüşlər ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir. 

Qeyd edildi ki, hər iki ölkə müstəqillik əldə etdikdən sonra xalqlarımızın tarixindəki oxşar ağrı-acılar bizi bir-birimizə daha da yaxınlaşdırmışdır:

"Azərbaycan tərəfi Xocalı soyqırımı ilə əlaqədar Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatası tərəfindən Xocalı soyqırımına ədalətli hüquqi, siyasi qiymət verilməsi barədə qətnamənin qəbul olunmasını yüksək dəyərləndirir. Biz bunu Xocalı faciəsinin dünya birliyi tərəfindən tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndiririk. 

Ölkələrimiz arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. 2016-cı ilin yanvarında AŞPA-nın qış sessiyasında Bosniya və Herseqovina parlamentinin üzvü Militca Markoviçin irəli sürdüyü "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsinin səs çoxluğu ilə qəbul edilməsini bu sahədə uğurlu əməkdaşlığımızın nümunəsi kimi dəyərləndiririk".

Spiker  hər iki ölkə arasında mədəni-humanitar münasibətlərin də yüksək səviyyədə olduğunu söylədi. Qeyd edildi ki, buna misal olaraq 2014-cü ildə bu ölkədə baş vermiş sel və daşqınların nəticələrinin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən humanitar yardım göstərilmişdir.  Heydər Əliyev Fondunun dəstəyi ilə bu ölkədə həyata keçirilmiş layihələr ölkə ictimaiyyətinə yaxşı məlumdur. 
Hər iki ölkənin potensialı iqtisadi münasibətlərimizin dərinləşməsi üçün yaxşı imkanlar yaradır. Bu baxımdan biznes forumların keçirilməsi və hökumətlərarası komissiyanın yaradılması  öz müsbət təsirini göstərə bilər. 

Spiker hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini önəmli hesab etdi. Bildirildi ki, beynəlxalq təşkilatlarda deputatlarımızın mütəmadi görüşləri və qarşılıqlı səfərləri  parlamentlər səviyyəsində əlaqələrin genişlənməsi baxımından çox əhəmiyyətlidir. 

Söhbətdə Sədr Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yer tutduğunu qeyd edərək TANAP və TAP kimi qaz layihələrinin həyata keçirilməsinin  gələcəkdə Avropanın enerji xəritəsini dəyişəcəyinə inamını ifadə etdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Bildirildi ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərməkdədir. Müstəqillik əldə etmiş xalqlarımızın tarixindəki oxşarlıqlar bizi bir-birimizə daha sıx bağlayır. Bosniya və Herseqovina Qafqazın bu bölgəsi ilə əlaqələrini gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir. 
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin aradan qaldırılması, iqtisadi, mədəni sahələrdə  əməkdaşlığın genişləndirilməsi, Avropa İttifaqı ilə münasibətlər və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, Bosniya və Herseqovinanın ölkəmizdəki səfiri Damir Canko və digər rəsmi şəxslər iştirak edirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR