İstanbulda Şərqi Avropanın jurnalist təşkilatlarının toplantısı keçirilib - Açıqlama + FOTO

img

02-12-2016 [16:33]


Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təşəbbüsü ilə noyabrın 29-da İstanbulda "Jurnalistlərin təhlükə anında təşkilatlanması” mövzusunda konfrans keçirilib.

Mia.az -a verilən məlumata görə, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli  bildirib ki, iki gün davam edən toplantıda BJF-nin Şərqi Avropa məkanında fəaliyyət göstərən yerli üzv təşkilatları, jurnalist birlikləri iştirak ediblər. Konfransa Azərbaycandan BJF-nin yerli üzv təşkilatı qismində Jurnalistlərin Həmkarlar İttifaqı qatılıb.

Toplantıda jurnalistlərin son illərdə rastlaşdıqları qlobal problemlərin müzakirəyə çıxarıldığını qeyd edən M.Ələsgərli deyib: "Beynəlxalq Jurnalistlər Federasiyasının hesablamalarına görə, 1990-cı ildən 2015-ci ilədək dünyada 2385 jurnalist peşə fəaliyyətinə görə həyatını itirib. Eyni zamanda, 2000-2015-ci illər ərzində dünyada 2432 jurnalist peşə fəaliyyətinə görə təqib olunub, qondarma ittihamlarla həbs edilib. İş yerini itirən, xəsarət alan, hədələnən jurnalistlərin sayı isə 10 min nəfəri ötüb”.

BJF hesab edir ki, yaranmış durum jurnalistlərin ciddi şəkildə təşkilatlanmasını, təqibə, təzyiqə məruz qalan jurnalistlərlə beynəlxalq həmrəylik kampaniyalarının keçirilməsini zəruri edir. Bu yöndə səmərəli vasitələrdən biri kimi, yerli jurnalist ittifaqlarının imkanlarının artırılması üzərində dayanılır. 

Müşfiq Ələsgərli bildirib ki, konfransın müzakirə etdiyi əsas mövzu jurnalist ittifaqlarının bacarıqlarının artırılması vasitələri olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR