"Vaxtilə Heydər Əliyevə xəyanət edən insanlar indi..." - Partiya sədrindən ittiham

img

02-12-2016 [16:28]


Məlumdur ki, bir neçə gün öncə Tarif Şurasının qərarı ilə qaz və elektrik enerjisinin qiyməti qaldırılıb. Bu qiymət artımı isə digər sahələrdə də artımın olacağını qaçılmaz edir. Mövcud vəziyyət isə cəmiyyətdə birmənalı qarşılanmır və etirazlara səbəb olur. İndiki şəraitdə qiymət artımına etiraz olaraq Müasir Müsavat Partiyası dünən keçirilən iclasında mitinq anonsu ilə çıxış edib.

Bu barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pia.az-a məlumat verib. Qiymət artımının xalq arasında böyük narazılığa səbəb olduğunu vurğulayan Hafiz Hacıyevə görə, xalq öz haqqını tələb etməyi bacarmalıdır: "Bu məsələ ilə bağlı dünən Müasir Müsavat Partiyasının idarə heyətinin genişlənmiş iclasını keçirmişik. Qiymətlərin bahalaşmasına qarı mitinqlə bağlı 11 nəfərdən ibarət Mitinq Komitəsi yaradıldı. Mitinq Komitəsi işləri yekunlaşdırdıqdan sonra mitinqlərin vaxtlarını müəyyənləşdirəcəyik. Bu gün ölkədə qiymətlərin artması prosesi çox sürətlə gedir. Bu isə məmur təbəqəsinin günahı ucbatından baş verir. Lakin xalq arasında bunu iyrənc şəkildə ölkə prezidentinin ayağına yazmaq istəyirlər. Biz isə hər zaman dövlətçilik və ölkə prezidentinin müdafiəsində olan bir partiya olaraq bu halı qəbul etmirik. Ona görə də mitinq keçirmək istəyirik və orada bahalaşmaya məsul olan şəxslərin, ölkə prezidentinə xəyanət edənlərin adını xalqa çatdırmaq istəyirik. Yaxın vaxtlarda biz bu mitinqin vaxtını müəyyən edəcəyik.

Böyük imkanları olan bir ölkənin sakinləri bu dərəcədə kasıb və zəlil günündə yaşaya bilməz. Ölkədə bu hala və qarışıqlığa şərait yaradanlar ölkə prezidentinə xəyanət edən insanlardırlar və bu istəklərinə nail olublar. Bu gün digər partiyalar da mitinqə hazırlaşmağa qərar veriblər. Bizdə Müasir Müsavat Partiyası olaraq mitinqlərə start verəcəyik.

İctimai yerlərdə qiymət bahalaşması ilə əlaqədar olaraq prezidentin adını çəkirlər, ancaq bu düzgün hal deyil. Çünki prezidentin bu işlərə qarışmağa bəlkə də ixtiyarı heç yoxdur. Hər halda ölkə prezidenti öz mövqeyini ortaya qoyub, sözünü deyəcək. Biz ölkədə baş verən neqativ halların prezidentin ayağına yazılmasının qarşısını almaq istəyirik. Lakin hakimiyyətin daxilində çox güclü klan var ki, onlar ölkə prezidentinin kadr, siyasi, iqtisadi islahatlar həyata keçirməsinə imkan vermirlər. Bu insanlar hər an ölkədə qarşılıq salıb, islahatların həyata keçirilməsinə mane olurlar.

Düzdür, indi bizə televiziyada bu sahədə açıq danışmaq üçün şərait yaratmırlar. Ancaq biz o qüvvələrin üstündə getməliyik və prezidentə kömək etməliyik. Vaxtilə Heydər Əliyevə xəyanət edən insanlar indi İlham Əliyevin ətrafında toplanıblar. Biz bu zümrəni ölkə prezidentindən kənarlaşdırmaq istəyirik.

Mitinqlərin effektiv təsirinə gəlincə, bu xalqın təşəbbüsündən asılı olacaq. Azərbaycan xalqı öz taleyinə biganə yanaşmamalıdır. Əgər Azərbaycan xalqı bu quldur dəstədən canını qurtarmaq və yaxşı yaşamaq istəyirsə, öz sözünü deməyi bacarmalıdır. Biz partiya olaraq gücümüz çatanı edəcəyik. Əgər Azərbaycan xalqı öz taleyinə biganə qalacaqsa, o zaman Ziya Məmmədovun oğlu, nazirlər pulumuzu xaricə çıxarıb özlərinə daşınmaz əmlak alacaqlar. İndiki zamanda Azərbaycan xalqının sözü vacibdir. Xalq öz haqqını tələb etməyəcəksə, elə layiq olduğu həyatı yaşayacaq. Biz bu sahədə səfərbərlik edərək neftimizin, qazımızın başqa dövlətlərə satılmamasının və ya məmurların isifadə etdikləri kommunal xərclərin xalqdan çıxarılmamasına çalışmalıyıq. Biz çalışırıq ki, bu sahədə hədəfi dəyişək.

Məndə olan məlumata görə, ölkədəki bir qrup nazirlər, yüksək rütbəli məmurlar inqilab etməyə çalışırlar və onların yığdıqları rüşvət, prezidentə etdikləri gizli xəyanətin üstü açılmasın. İndi üstü açılanlardan bir hissəsi Eldar Mahmudovun işi, bir hissəsi isə korrupsiya ilə bağlı Rabitə Nazirliyinin işi oldu. Digər nazirliklərdə də yoxlama aparılsa, bundan 10 dəfə pis olacaq. Ona görə də xalqımız öz taleyinə biganə yanaşmamalıdır.

Bu gün ictimai yerlərdə hər kəs prezidentdən şikayət edir ki, prezident hara baxır? Niyə demirlər ki, Artur Rəsizadə hara baxır? Niyə demirlər ki, İqtisadi İnkişaf Nazirliyi hara baxır? Niyə demirlər ki, Maliyyə naziri maliyyədən xəbərsiz bir insandır? Yəni, biz bunları xalqa başa salmalıyıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR