Qızım Leyliyə

img

02-12-2016 [14:52]


Eldəniz Elgün

Leyli, bu gün sənin kimi minlərlə balanın doğum günüdür və minlərlə valideyndən biri kimi mən də buna sevinirəm. 

Amma... minlərlə valideynin adından belə övladlar qarşısında – şəxsən mən sənin qarşında bəzi etiraflar etmək istəyirəm. Sən və bacın Aysu və yaşıdlarınız hələ doğulmamışdılar. Biz valideynlər isə yeniyetməlikdən gəncliyə keçid etmişdik və cibimizdəki sovet pasportunu bir kənara atıb meydanlara qaçmışdıq. Azərbaycanın müstəqil dövlət olması üçün. Sizlər doğulanda müstəqil bir ölkənin pasportunu gəzdirməyiniz üçün. Düzdür, sovetlər dönəmində məmur balası ilə aramızda heç bir fərq olmazdı, yaxşı oxuyanda dövlət hesabına yay düşərgələrinə göndərilərdik. Amma yenə də hesab edirdik ki, müstəqil olandan sonra övladlarımız bunun beş qatına layiq olacaqlar. Düzdür, müstəqil olmağımıza görə peşman deyilik. Amma... keçək etiraflara.


Leyli qızım, bizim valideynlərimiz övladları qarşısında heç vaxt utanc hissi keçirmirdilər. Çünki istədiyimizi verə bilirdilər. Amma biz valideynlər siz övladların yanında utanc hissi keçirtməyə məcburuq. Çünki istəklərinizin cüzi bir qramını belə sizlərə verə bilmirik. İlk dəfə bunu 3 yaşın olanda hiss elədim. Mağazaya girdik və sakitcə hər şeyə baxıb dedin: "Ata, bizim pulumuz var?”. Hiss etdim ki, mağazada hansısa böyük oyuncaq xoşuna gəlib. Gülüb, istədiyini almağı tapşırdın. Sevindin. Amma yenə də bir neçə xırda oyuncaqla kifayətləndin. Çünki inanmadın ki, bizim çoxlu pulumuz var. Bax onda ilk dəfə övlad qarşısında utandım.

Leyli qızım, indi biz ataların əksəriyyəti övladları qarşısında utanırlar. Hətta adını çəkmək istəmədiyim dostlarımdan biri gecə saat 12-yə qədər şəhərdə gəzişməyimizi istədi. Uzun-uzadı dilə tutandan sonra etiraf elədi ki, oğlundan utandığı üçün 10 gündür ki, gecə saat 12-də evə gedib, səhər uşaq oyanmamış evdən çıxır. Çünki oğlu velosiped istəyib, onun velosiped almağa hələ pulu yoxdu. Oğlundan utanır.

Leyli qızım, indi biz ataların əksəriyyəti övladlarından utanır. Çünki ən adi ehtiyaclarınızı bəzən təmin edə bilmirik. Yadıma gəlir. Sinif yoldaşın və qonşumuz olan dostunun "bəxti” gətirdi və atası qonşuluqdakı yeni binada işıqlı, geniş mənzil aldı. Sən bir həftə evə gələndə o binaya baxa-baxa "ata, öz otağım olsa onu elə qəşəng bəzəyəcəm” deyirdin. Yolla gedəndə çalışırdın ki, başını qaldırıb hansısa mağazaya baxmayasan. Bilirdin ki, diqqətim səndədi.

Leyli qızım, hələ bir neçə il bundan öncə idi. Ayaqqabımın altı evə gələndə yırtılmışdı. Səhər yuxudan qalxdım ki, Aysu və anan sənin üstünə çığırırlar ki, adam ayaqqabını öpməz. Sən isə gülürdün. Və sonra təklikdə olanda dedin ki, ata ona görə ayaqqabının altını öpdüm ki, oradan ayağına su keçməsin. Su keçmədi də... Çünki ata sevgisi ilə yanaşı, övlad sevgisi də bir başlanığıcdır.

Bax belə, Leyli qızım. Amma bu həyatda yaşamağa dəyər. İstədiyimizi edə bilməsək də sevinə-sevinə sənin, Aysunun "ata, yeni hekayə yazmışam” deməyiniz mənim üçün milyonlara bərabər olur. Mən isə sizdən, sadəcə olaraq sonsuz ata sevgisini bir qram belə əsirgəmirəm və utancaqlığımı yalnız bununla yumağa çalışıram. Həyat isə davam edir və yaxşı ki, müstəqil məmləkətdə yaşayırıq.

Qızım Leyli və bu gün doğum günü olan bütün övladlar! Sizləri təbrik edirəm və bu etirafım minlərlə atanın bir etirafı kimi qəbul oluna bilər.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR